Məhkəmə qərarları › İş №2-1(112)-4328/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4328/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4328/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakı ilə iddiaçı – İddiaçı Yəhya oğlunun (yaşayış yeri: Şirvan şəhəri, Upramxor qəsəbəsi) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov 43) qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yəhya oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X1rşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1961-ci ildə doğulmuşdur. x xxxxxxxx 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. x xxx 1980-ci il tarixdən x xxx 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx xxxx 1982-ci il tarixdən “Şirvanneft” NQÇİnin Neftin kompleks hazırlanması sexinə 2-ci dərəcəli təmirçi-çilingər peşəsinə, x xxxxxx 1996-cı il tarixdən siə “xxxxxxxxxx” Müştərək Müəssisəsində NKVS-nə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdr. x xxxxxx 2000-ci il tarixdən “xxxxxx” Əməliyyat Şirkətində Neftin kompleks hazırlanması və nəqli sexinə 6-cı dərəcəli təmirçiçilingər vəzifəsinə işə qəbul edilmişdir. Sonrakı illərdə qeyd edilən Şirkətdə neft-qaz hasilatı üzrə operator, nasos qurğusunun maşinisti, və əmtəə operatoru vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda öz əksini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda xx xxxxxx 2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az təşkil etdiyi bildirilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Cavabdeh təşkilat onun güzəştli iş stajının 12 il 6 aydan az olması qənaətinə gələrək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin yuxarıda sadalanan kimi onun 1982-ci ildən 2019-cu ilədək işlədiyi bütün vəzifələr güzəştli iş stajına daxildir. Belə olan halda, cavabdeh təşkilatın ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi tamamilə qanunsuzdur. Odur ki məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə və İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, ona xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı əsasında iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhləməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiasına cavabdeh etiraz edir. İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır və ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir. İddiaçının dəlili əsassızdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 13 maddəsinin “a” bəndinin iddiaçıya şamil edilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının xx xxxxxxxx 1978-ci il tarixli ИТ-İ nömrəli əmək kitabçasından görünür ki, o, x xxx 1984-cü il tarixdən xx xxxxxx 2000-ci il tarixədək neftin kompleks hazırlanması sexində təmirçi çilingər, 2000-ci ildən sonra isə neftin kompleks hazırlanması və nəqli sexində təmirçi çilingər, neftin hazırlanması sahəsində neft-qaz hasilatı üzrə operator, nasos qurğularının maşinisti və əmtəə operatoru peşələrində işləmişdir. “X9” tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" xx xxxxxx 2007-ci il 12 saylı qərarın 10-cu bölməsinin (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) 10.2-ci bəndində öz əksini tapmışdır. Lakin həmin bölmədəki peşələr ilə İddiaçının işləmiş olduğu peşələr üst-üstə düşmür. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinin müddəalarını İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.Bununla əlaqədar məhkəmə təcrübəsinə də müraciət edək. AR Ali məhkəməsinin X5 işi üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli, 2-l(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər ”. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Göstərilənlərə və İPM-in tələblərinə, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X10 iddiaya qarşı məhləməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırarq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1961-cı il tarixdə doğulmuşdur, x xxxxxxxx 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, xx xxxx 1986-cı il tarixdə əmək fəaliyyətini “Şirvanneft” NQÇİ-də Neftin kompleks hazırlanması sexində 2-ci dərəcəli təmirçi-çilingər peşəsində davam etdirmişdir. x xxxxxx 1996-cı il tarixdən x xxxxxx 2000-ci il tarixədək “xxxxxxxxxx” Müştərək Müəssisəsində NKVS-də 5-ci dərəcəli təmirçiçilingər işləmiş, sonuncu tarixdən isə “xxxxxx” Əməliyyat Şirkətində Neftin kompleks hazırlanması və nəqli sexində 6-cı dərəcəli təmirçi-çilingər işinə qəbul olunmuşdur. O, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərin kateqoriyasına aid deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində hazırkı İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək olan dövrdə 12 il 6 aydan çox işlədiyi “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsi 2130200a – 18559 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Bundan başqa, əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə sasən onun işlədiyi illərlə yanaşı hərbi xidmət müddəti də sosial sığorta stajına aid edilir. Cavabdehin dəlilinə gəldikdə isə, məhkəmə bununla razılaşmır və hesab edir ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək işlədiyi müvafiq sahədə “təmirçi çilingər” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr sırasına daxildir. Belə olan halda, iddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF X8 İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı xx xxxxxx 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən yaranmış fərq məbləğinin müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X8 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən yaranmış fərq məbləğinin müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X8 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar