Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4328/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X4 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində İddiaçı Qursumoviçin mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı, onun etibarnamə əsasında nümayəndəsi tərəfindən cavabdehə edilən müraciətə cavab olaraq 05 dekabr 2018-ci il tarixli **********48 saylı bildirişlə məlumat verilmişdir ki, təqdim edilən Səbail rayon İHB-nın 862 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsi (üç torpaq sahəsi eyni hasar daxilindədir) elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. İmtina məktubunda həmçinin, cavabın əsaslandırılması ilə bağlı olmayan bir sıra qanun normaları sadalanmışdır. Cavabdeh tərəfindən göndərilən bu imtina məktubu sorğunun cavabının alınması ilə bağlı olduğundan, bir müddətdən sonra torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması xahişi ilə yenidən cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli **********95 nömrəli sonuncu məktubla bildirilmişdir ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad edilmədiyindən və əsafələr qeyd edilmədiyindən, eyni zamanda üç torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyindən müraciət təmin olunmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktublarından görünür ki, əslində torpaq sahəsi üzərində hüquqlara dair qeydiyyatın aparılmasından imtina üçün heç bir əsaslar mövcud deyil. Cavabdehin göndərdiyi məktublarda istinad olunmağa çalışılan hallar üst-üstə düşmür və biri digərinə ziddir. Belə ki, 05 dekabr 2018-ci il tarixli **********48 saylı imtina məktubunda qeydiyyatın aparılmasına imkan verməyən hallar kimi “ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərildiyi” göstərildiyi halda 18 noyabr 2021-ci il tarixli **********95 saylı sonuncu məktubla imtinanın səbəbi kimi, “təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, eyni zamanda üç torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyi” bildirilir. Bu da göstərir ki, istinad edilən hallar bəhanə xarakterlidir. Mübahisələndirilən torpaq sahəsinin ayrılmasına dair sərəncamın mövcudluğu Arxiv İdarəsi tərəfinən verilmiş xx.xx.2016-cı il tarixli M-144 saylı arayışla təsdiq olunduğu və bu sərəncamın qanuniliyinə heç bir şübhələr mövcud olmadığı halda yenidən belə bir sorğu verilməsinə və yenidən cavab alınmasına ehtiyac qalmır. Cavabdehin göndərdiyi məktublardan göründüyü kimi, müraciətlərə diqqətlə yanaşılmamış, torpaq sahəsi üzərində hüquqlara dair qeydiyyatın aparılması ilə bağlı müraciət edildiyi halda, tamamilə qeyri-müəyyən və anlaşılmaz cavablar verilmişdir. Özəlləşdirilməsi tələb olunan totpaq sahəsi artıq 26 ildir ki, iddiaçının istifadəsindədir. Bu torpaq sahəsinin yerləşdiyi ərazidə yüzlərlə vətəndaşa ev tikmək üçün sahə ayrılmış və evlər tikilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində erimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bununla yanaşı üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir və bölgü sxemi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə xx.xx.2021-ci il tarixli **********95 nömrəli cavab məktubu iddiaçıya ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahəlrəinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, öhdəliyin icrası haqqında iddia olduğu üçün qanunla iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının ərizəsinə dair imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamına əsasən, İddiaçı Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının M-144 nömrəli, xx.xx.2016-cı il tarixli arxiv çıxarışına əsasən, Səbail rayon İcra Hakimiyyətinin başçısının arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamının təsdiq edilmiş surətinə görə İddiaçı Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********95 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bubunla yanaşı üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir və bölgü sxemi təqdim edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********48 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişinə əsasən, təqdim edilən Səbail rayon İHB-nın 862 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı sorğuya cavab verilməmişdir) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsi (üç torpaq sahəsi eyni hasar daxilindədir) elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli 18/M-083 nömrəli məktubuna əsasən, Xidmətin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 525 ünvanda İddiaçı Gursumoviçə məxsus əraziyə vizual mühəndisi-geoloji baxış keçirilmiş və müvafiq arayış tərtib edilərək Səbail Rayon icra Hakimiyyətinə göndərilmişdir. Arayışda müəyyən edilmişdir ki, ərazi tektonik nöqteyi-nəzərdən Qərbi Abşeron antiklinoriumunun Bakı sinklinal muldasının sirkəbənzər qərb qanadında yerləşir. Sürüşmə sahəsinin geoloji quruluşunda üst qatda X10 yaşlı elüvial-delüvial mənşəli və Piliosen-Eopleystosen yaşlı dəniz mənşəli çöküntüləri yayılmışdır. İddiaçı Qursumoviçə məxsus sahə 40°19'39,4", 49°48'41,02" koordinatlarında yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri" albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşir. Ərazidə ekzogen geoloji proseslərin təzahürlərinə rast gəlinməmişdir. İddiaçı əlavə sübut qismində məhkəməyə Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamı ilə İddiaçı ayrılmış Badamdar qəsəbəsi, döngə 525-də 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisini təqdim etmişdir. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********05 nömrəli məktubu ilə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bu sənədlərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin , Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massıvı, 636 saylı sahədə yerləşən torpaq sahəsinin X3 xüsusi mülkiyyətində olmasına dair RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massıvı, 635 saylı sahədə yerləşən torpaq sahəsinin X6 xüsusi mülkiyyətində olmasına dair RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 1753 nömrəli, xx.xx.2014-cı il tarixli arxiv çıxarışı, torpaq sahəsinin yerləşmə cizgisi, 635 saylı sahədə yerləşən torpaq sahəsinin planı və ölçüsü daxildir. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubu ilə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bu sənədlərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Səbail rayon İH başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 1753 nömrəli, xx.xx.2014-cı il tarixli arxiv çıxarışı, torpaq sahəsinin yerləşmə cizgisi, Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi, 636 saylı sahədə yerləşən torpaq sahəsinin planı və ölçüsü daxildir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir., İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2.1-ci mаddəsinə əsаsən, dаşınmаz əmlаkа mülkiyyət və digər əşyа hüquqlаrının dövlət qеydiyyаtı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinə uyğun оlаrаq dаşınmаz əmlаkа hüquqlаrın əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; İşin faktiki hallarına əsasən, Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995ci il tarixli, 862 saylı sərənamı ilə İddiaçı Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi əvvəlcə mübahisəli torpaq sahəsinin (üç torpaq sahəsi eyni hasar daxilindədir) elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşməsi və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməməsi, daha sonra təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülərin dəqiq istinad və məsafələrinin qeyd edilməməsi, üç torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi və bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. Cavabdeh qurumun Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 176-cı maddəsində göstərilmişdir: “176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Göründüyü kimi Mənzil Məcəllənin 176-ci maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin bölünməsini, çəkilməsi qaydasını, pozulmuş mərzlərin bərpasını tənzimləyir. Sözügedən qanun normasında torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmasının zəruri və ya məcburi olması göstərilməmişdir. Bundan başqa hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasınn Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli 18/M-083 nömrəli məktubunda İddiaçı Qursumoviçə məxsus sahə nin koordinatları və “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşməsi göstərilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 600 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin 525 nömrəli torpaq sahəsinin cizgisi Səbail rayon icra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları müvafiq qaydada analogi cizgilərə uyğun olaraq qeydiyyata alınmışdır. Qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri” albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşir. «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması cavabdehin imtina məktubunda göstərilməmiş, məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamə ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının istifadəsində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2,34, 68,110-cü mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4328/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4328/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver