Məhkəmə qərarları › İş №2-1(112)-4328/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4328/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4328/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydə alınmışdır. X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. 7 saylı Xüsusi Notariat Ofisinin Notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən X6 vərəsələri İddiaçı (bundan sonra – iddiaçı) və X11 tanınmış və fərdi yaşayış evinə dair Çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən (bundan sonra – cavabeh) xahiş edilmişdir. İddiaçı həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...tərəfinizdən təqdim edilən Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən texniki pasportda qeyd edilən torpaq sahəsinin 600 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin texniki baxış keçirilən zaman texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olduğu aşkar olunmuşdur. Bundan əlavə, texniki pasportda torpaq sahəsinin ölçüsü 1298.9 kv.m qeyd olunsa da, faktiki ölçüsü 627 kv.m təşkil edir. Eyni zamanda, əlavə 660 kv.m torpaq sahəsi istifadənizdədir”. İddiaçı xx.xx.2023-cü il tarixdə təkrarən cavabdehə müraciət etmiş, cavabdeh yenə də, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…müraciətinizə **********38 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 1298 kv.m göstərilsə də, faktiki 632 kv.m təşkil edir...”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X1 (faktiki sahəsi 632 kv.metr) mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahəsinə dair texniki pasport mövcud olsa da, çıxarış olmadığından vərəsəlik qaydasında X3 qanun üzrə birinci dərəcəli vərəsəsi olaraq qəbul edilməmişdir. Lakin vərəsəlik işinin açılması barədə notariat ofisinə müraciət olunmuş və bu barədə məktub alınmışdır. Qeyd olunan əsaslara görə mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi qanunsuzdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı fərdi yaşayış evinə dair texniki pasportun və ev kitabçasının əslini məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, onun iddiası faktiki istifadəsində olan 632 kv.m hissə ilə bağlıdır. Texniki pasportda göstərilən digər hissələr ilə bağlı hər hansı iddiası yoxdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən X3 adına qeydə alınmışdır. İddiaçı X3 vərəsəsi kimi həmin torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X6 mübahisələndirilən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1) Təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır; 2) Elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur; 3) Elektron kadastr məlumatlarına əsasən texniki pasportda qeyd edilən torpaq sahəsinin 600 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; 4) torpaq sahəsinin sənəd üzrə ölçüsü 1298 kv.m göstərilsə də, faktiki 632 kv.m təşkil edir. Məhkəmə birinci halla bağlı qeyd edir ki, qeyd edilən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh özü də həmin sənədin mötəbərliliyi ilə bağlı hər hansı bir dəlil irəli sürməmiş, yalnız həmin sənəd barədə İdarənin arxivində məlumat aşkar olunmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, əsli məhkəməyə təqdim edilmiş SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun İdarənin arxivində aşkar edilməməsi iddiaçının (və ya mərhum qaynanasının) təqsirindən baş verən hal deyildir. Qeyd olunan hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, göstərilən hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Üçüncü və dördüncü hallarla bağlı məhkəmə qeyd edir ki, iddiaçı izahatında bildirmişdir ki, onun iddiası faktiki istifadəsində olan 632 kv.m hissə ilə bağlıdır. Texniki pasportda göstərilən digər hissələr ilə bağlı hər hansı iddiası yoxdur. İddiaçı iddia tələbinə dəqiqləşmə vermiş və faktiki istifadəsində olan 632 kv.metr hissəyə aid sənə verilməsini xahiş etmiş və dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən hallar fərdi yaşayış evi və onun yerləşdiyi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından (mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən) imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X4 (faktiki sahəsi 632 kv.metr) mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın İddiaçı verilməsi verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar