Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-433/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, polis mayoru), cavabdehin nümayəndəsi Rzazadə Nicat Cavanşir oğlunun (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında çıxarış verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şahbazov Təvəkkül Dövlət oğlu 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255 B saylı, 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 2-1(82)- 171 nömrəli, 11.11.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Şahbazov Təvəkkül Dövlət oğlunun Bakı şəhəri, Xaşa-Xuna bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 255 b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan cavabdehin veridyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-769/2020 nömrəli, 04.08.2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir,apellyasiya məhkəməsinin qərarında verilən göstərişlər birinci instansiya məhkəməsinin hazırki iddia tələbi üzrə qeyd edilən ərazinin hər hansı şəxsin sahəsi ilə üst-üstə düşüb düşməməsinin araşdırılmalı və müvafiq şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olmasından, həmçinin cavabdeh orqan tərəfindən qeyd edilən sahənin sxematik xəritəsinin təqdim edilməsinin tələb edilməsindən, müqavilənin əslinin cavabdeh orqanda olub-olmamasının araşdırılmasından, bağ sahəsinin mühafizə zonasına düşdüyü qeyd edildiyi halda "xxxx" ASC-nin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fiziki şəxsin adına qeydə alınmasına etiraz etmədiyi kimi ziddiyyətli məqamın araşdırılması olmasından, məhkəmə tərəfindən konkret koordinatlar əsasında araşdırma aparılmalı olmasından ibarət olmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş Şahbazov Təvəkkül Dövlət oğlunun 29.01.2022-ci ildə vəfat etməsi ilə əlaqədar onun qanun üzrə vərəsəsi olan Şahbazov Xaliq Təvəkgül oğlu iş üzrə iddiaçı kimi tanınmışdır. İddiaçı Şahbazov Xaliq Təvəkgül oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0,12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinin mərhum atası Şahbazov Təvəkkül Dövlət oğluna məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası mərhum Şahbazov Təvəkkül Dövlət oğluna Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ və İstismarı Təsərrüfatının İnkişafı Birliyi tərəfindən 14 dekabr 2004-cü il tarxli 33766 saylı müqavilyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanda yerləşən sahəsi 0,12 ha torpaq sahəsi olan 255 B saylı bağ sahəsi verilmişdir.Atası 29.01.2022-ci ildə vəfat etmişdir. Atasına ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi ilə yaranmış zərurətə əsasən həmin torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış tələb ounur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, əlavə araşdırma zamanı məlum olmuşdur ki, idarə tərəfindən verilmiş sonuncu 15.05.2018-ci il tarixli imtina məktubunda qeyd olunan “göstərilən ərazinin Abşeron ərazisində verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi halı” aradan qalxmışdır.Lakin sözügedən bağ nömrəsi və göstərilən sahə sxematik xəritədə aşkar edilməmişdir.Bundan əlavə göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir.Əlavə olaraq qeyd edilir ki, sözügedən məsələ ilə bağlı yeni müraciət İdarəyə daxil olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı X.Şahbazov məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rzazadə məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslııdır. İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İsitsmarı Birliyi ilə Şahbazov Təvəkkül Dövlət oğlu arasında bağlanmış 17.12.2004-cü il tarixli, 33766 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Xaşa-Xuna ərazisində 0,12 hektar torpaq sahəsi olan 255 B saylı bağ həmin fiziki şəxsin 10 il müddətində istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Şahbazov Təvəkkül Dövlət oğluna (nümayəndəsinin adına) ünvanlanmış 15.05.2018-ci il tarixli imtina məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255 B saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi göstərilən sahə və sözügedən bağ nömrəsinin sxematik xəritədə aşkar edilməməsi, Abşeron ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi, göstərilən sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aid olması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.08.2019-cu il tarixli məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzinin 13444 nömrəli, 30.09.2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı ŞİH BTİİ Birliyi ilə bağlanmış 14.12.2004-cü il tarixli, 33766 saylı müqavilə ilə Şahbazov Təvəkkül Dövlət oğluna Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivində yerləşən 0,12 hektar ölçüdə 255 nömrəli bağ sahəsi ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir, iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir, mübahisələndirilən torpaq sahəsinin başqa fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir, yüksək gərginlikli elekrik xətti iddia edilən torpaq sahəsindən 14 metr məsafədə yerləşir. Məhkəmənin 22.06.2021-ci il tarixli sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.07.2021-ci il tarixli məktubuna əsasən 255 B nömrəli bağ sahəsi sxematik xəritədə aşkar edilməmişdir və həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, Xaşa-Xuna bağ massivində yerləşən 255B saylı bağ sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir, həminin bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir, məktubda həmçinin bağ sahəsinin koordinatları da göstərilmişdir. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətovun 58 nömrəli, 10.02.2022-ci il tarixli məktubuna, ölüm haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərinə əsasən Şahbazov Təvəkkül Dövlət oğlu 29.01.2022-ci ildə vəfat etmiş və mərhumun qanun üzrə vərəsəsi oğlu Şahbazov Xaliq Təvəkgül oğludur. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Şahbazov Xaliq Təvəkgül oğlu Azərbaycan Respublikasının vətəndaşıdır. "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 01/05-06/1146 nömrəli, 23.02.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən bağ sahəsinin kənarından 35 kV-luq “Xaşa-Xuna” – y/s 430 hava xətti keçir və həmin xətt 2008-ci ildə istismara verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, 17.12.2004cü il tarixli, 33766 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xaşa-Xuna ərazisində 0,12 hektar torpaq sahəsi olan 255 B saylı bağ iddiaçının atası İddiaçı Dövlət oğluna ayrılmışdır, həmin şəxs qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir, həmin şəxs inzibati məhkəmə icraatının davam etdiyi dövrdə 29.01.2022ci ildə vəfat etmişdir və iddiaçı Şahbazov Xaliq Təvəkgül oğlu onun oğlu olmaqla vərəsəsi hesab edilmiş və hazırda iddiaçı atasından miras qalmış Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ massivində yerləşən 255B saylı bağ sahəsi üzərində atasının hüquqlarının olmasına dair ölmüş adamın adına arayışın verilməsini tələb edir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. İşin faktiki hallarına əsasən iddiaçının qanun üzrə vərəsəsi olduğu İddiaçı Dövlət oğlu vəfat edənə qədər qanuni əsaslarla Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İsitsmarı Birliyi ilə bağlanmış 17.12.2004-cü il tarixli, 33766 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xaşa-Xuna ərazisində 0,12 hektar torpaq sahəsi olan 255 B saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnu əldə etmişdir, lakin həmin hüququ təsdiq edən çıxarış almadan ölmüşdür, odur ki, yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs Şahbazov Təvəkkül Dövlət oğluna məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Məhkəmə onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-769/2020 nömrəli, 04.08.2020-ci il tarixli qərardadında verilən göstərişlərin icra edilməsi məqsədilə inzibati məhkəmə icraatında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh idarə tərəfindən verilmiş sonuncu 15.05.2018-ci il tarixli imtina məktubunda qeyd olunan “göstərilən ərazinin Abşeron ərazisində verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi halı” aradan qalxmışdır, yəni Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)- 769/2020 nömrəli, 04.08.2020-ci il tarixli qərardadında “birinci instansiya məhkəməsinin hazırki iddia tələbi üzrə qeyd edilən ərazinin hər hansı şəxsin sahəsi ilə üst-üstə düşüb düşməməsinin araşdırılmalı olması və müvafiq şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olması” barədə göstərişlərinin icra edilməsinə zərurət qalmamışdır, həmçinin cavabdehdən bağın konkret koordinatları tələb edilərək həmin koordinatlar əsasında araşdırma aparılmışdır. İddiaçının iddia ərizəsində göstərilən bağ sahəsinin mühafizə zonasına düşdüyü qeyd edildiyi halda "xxxx" ASC-nin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fiziki şəxsin qeydə alınmasına etiraz etmədiyi kimi ziddiyyətli məqamın araşdırılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilənlərə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci iol 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Yəni "xxxx" ASC-nin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fiziki şəxsin qeydə alınmasına etiraz etməməsi qanunvericiliyin tələblərinə ziddiyyət təşkil etmir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(102)-445/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında əks olunmuş mövqeyinə əsasən “elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə Qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur.Əksinə həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər”. Məhkəmə onu da qeyd edir ki, iddiaçının atasına torpaq sahəsi 2004-cü ildə ayrılmış, elektrik hava xətti isə 2008-ci ildə istifadəyə verilmişdir. Məhkəmə qeyd edilən hallara da məcmu qiymət verməklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında əks olunmuş mövqeyinə əsaslanmaqla hesab edir ki, bağın bir hissəsinin elektrik hava xətttinin mühafizə zonasına düşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını heç bir halda məhdudlaşdırmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilən əsasların iddiaçıya münasibətdə heç biri mövcud deyildir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0,12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası Şahbazov Təvəkkül Dövlət oğluna məxsus olması barədə iddiaçı Şahbazov Xaliq Təvəkgül oğlunun adına arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0,12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası Şahbazov Təvəkkül Dövlət oğluna məxsus olması barədə iddiaçı Şahbazov Xaliq Təvəkgül oğlunun adına arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X7, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************), torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 82,89 manat (səksən iki manat səksən doqquz qəpik) məbləğində tutularaq ”Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SVİFT KOD AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944,Benefisiarın adı KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı:AZ23AİİB********************, VÖEN **********, ünvan: Bakı şəhəri, Xətai rayonu. S.Orucov,12) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-433/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-433/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver