Məhkəmə qərarları › İş №2-1(112)-433/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-433/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-433/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-cı il tarixdə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2006-cı il tarixədək hərbi xidmətdə olduğu müddət və 30 il 6 ay 18 gün sığorta sıtajı nəzərə alınmaqa və xx.xx.2006-cı ildən pensiya hüququn yarandığı xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla, ona, yəni xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-cı il tarixdə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

İddianın əsaslandırılması

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh tərəfindən əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyası qanunvericiliyin tələblərinə uğun şəkildə hesablanmamış və ona ödənilməli əmək pensiyası az hesablanmışdır. İnzibati aktda əmək pensiyasının mövcud qanunvericiliyinin tələblərinə uyğun şəkildə hesablanmalıdır. DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialın 03 aprel 2023-cü il tarixli 3-17-1/2c-69177/2023 saylı cavab məktubunda (arayış əlavəsi ilə birgə) xx.xx.2022-ci il tarixə pensiya kapitalının 41953.34 manat (2006- 2022-ci illər cəmi 42709.34 manat çıxılır 2022-ci il üzrə 796 manat, qalıq 01.02. 2022-ci ilə 41953.34) göstərildiyi halda, pensiya hesablayan qurum tərəfindən hansı səbəbdənsə 37092.22 manat hesablanmışdır. Həmçinin 30 il 3 ay 18 gün əmək stajı olduğu halda baza hissəsi 171.09 manat hesablanmış, halbuki 1975- 2006 ci illərdə orta aylıq əmək haqqı yüksək olduğundan, sığorta hissəsindəki artımda yüksək məbləğ olmalıdır. İddiaçının hesablamalarına görə onun əmək pensiyasının məbləği 525.00 manat müəyyən edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair münasibəti (etirazı)

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 37092,22 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 430,10 manat müəyyən edilmişdir. İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 493,33 manata çatdırılmışdır. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına təqdim etdiyi sənədlərə əsasən pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. İddiaçı müraciət ərizəsində 2020-2021-ci illər üzrə indeksləşdirilmə aparılmasını və xx.xx.2022-ci il tarixə münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınan 37092,22 manat pensiya kapitalının əsaslandırılmasını xahiş etmişdir. Qeyd edilən dövr üzrə (2020- 2021-ci illər üzrə) iddiaçının fərdi hesabının sığorta hissəsində hər hansı bir məbləğdə pensiya kapitalı qeydə alınmadığı üçün indeksləşdirilmə göstərilməmişdir. xx.xx.2006-cı il tarixdən pensiya İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 37092,22 manat (2022-ci il tarixə indeksləşdirilmiş vəziyyəti) pensiya kapitalı qeydə alınmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdən (xx.xx.2022-ci il tarixdən) sonra VÖEN (**********) hesabı üzrə fərdi hesabının sığorta hissəsində 72 ay (6 il) pensiya kapitalı qeydə alınmadığı və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan) iddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izaharları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər..

9. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır. DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-69177/2023 saylı “Sığortaolunanın fərdi şəxsi hesabı haqqında” məktuba qoşma kimi əlavə edilmiş sığortaolunanın hesabından görünür ki, İddiaçı 2006 (yanvar) – 2022 (dekabr) dövrləri üzrə cəmi gəliri - 101567,95 manat, cəmi hesablanmış - 25391,99 manat, cəmi ödənilmiş –25366,64 manat; pensiya kapitalı 42709,34 manatdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “müraciətin cavablandırılması haqqında” məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 428,67 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 37092,22 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 430,10 manat müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 493,33 manata çatdırılmışdır. Sözügedən Qanunun 1.0.10-cu maddəsinə əsasən isə pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Müraciətində qeyd etdiyi suala (hansı səbəbə görə 2020-2021 -ci illərin indeksləşdirilməsi göstərilməyib) cavab olaraq bildirilmişdir ki, qeyd etdiyi dövr üzrə (2020-2021 -ci illər üzrə) fərdi hesabının sığorta hissəsində hər hansı bir məbləğdə pensiya kapitalı qeydə alınmadığı üçün indeksləşdirilmə göstərilməmişdir. (2019-cu il tarixinədək qeydə alınmış pensiya kapitalı isə müvafiq olaraq 2022-ci il üçün indeksasiya edilmişdir). Qanunun 29.1- 1 -ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Müraciətində qeyd etdiyi digər suala (ödənilmiş məcburi dövlət sosial sığorta haqqları ilə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı arasındakı fərqin səbəbi) cavab olaraq bildirilmişdir ki, ona görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabının sığorta hissəsində qeydə alınmış və pensiya kapitalı pensiya hüququnun yarandığı tarixə indeksləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 37092,22 manat (2022-ci il tarixinə indeksləşdirilmiş vəziyyəti) pensiya kapitalı qeydə alınmışdır. Yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdən (xx.xx.2022-ci il tarixindən) sonra VÖEN (**********) hesabı üzrə fərdi hesabının sığorta hissəsində 72 ay (6 il) pensiya kapitalı qeydə alınmadığı və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyiniz üçün (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuzdan) əmək pensiyasının xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan digər cavab məktublarında və cavabdehin “Sorğunun cavablandırılması haqqında” xidməti məktubunda iddiaçının əmək pensiyasının hesablanması qaydası və məbləği göstərilmişdir: xx.xx.2006 il tarixindək 30 il 3 ay 18 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı 9271,80 manat təşkil edir. (30 il (3 ay + 18 gün/30)/12) x 306 manat= 9271.80 manat İddiaçı xx.xx.2006-ci il tarixinədək hesablanan pensiya kapitalının pensiya təyin olunan xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 24637,61 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən pensiya təyin olunan xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 37092,22 manat (2022-ci il tarixinə indeksləşdirilmiş vəziyyəti) pensiya kapitalı qeydə alınmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən hesablama zamanı İddiaçı ümumilikdə xx.xx.2006-ci il tarixinədək 2001-ci ildə 1 ay, 2002-ci ildə 2 ay öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr də nəzərə alınmaqla 30 il 06 ay 18 gün mübahiləndirməyən sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 428,67 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-ci il tarixinədək 10 il 7 ay sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 37092,22 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 430,10 manat müəyyən edilmişdir. “Əmək pensiyalar haqqında” Qanunun 29.1ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası xx.xx.2023-cü il tarixindən 493,33 manata çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2674/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. İddiaçının xx.xx.2006-cı il tarixinə pensiya kapitalının indeksləşdirilmiş məbləği neçə manat təşkil edir? 2. İddiaçının 2006-ci ilin yanvar tarixindən 2022-ci ilin dekabr ayınadək pensiya təyin edilməsində nəzərə alınmalı pensiya kapitalı neçə manat təşkil edir? 3. İddiaçının əmək pensiyasının hesablanması qanun ilə müəyyən edilmiş qaydada aparılmışdırmı? 4. İddiaçının əmək pensiyasının məbləği hansı məbləğdə təyin edilməlidir? Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5392 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sənədləri və rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı yaşa görə əmək pensiyasının məbləği indeksləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablandığı müəyyən edilmişdir.

Tətbiq edilən hüquq

10. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası;

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. ( Həmin maddənin11 noyabr 2009-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsi ildə bir dəfədən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla artırılır.) 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda;

Məhkəmənin mövqeyi

12. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

13. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixindən 428,67 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 37092,22 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 430,10 manat müəyyən edilmişdir. İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 493,33 manata çatdırılmışdır. İddiaçı cavabdehin apardığı hesablamaların yanlış olduğunu, cavabdeh tərəfindən pensiya kapitalının əskik hesablandığını hesab edərək hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmişdir.

14. İş materiallarına əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat məhkəmə tərəfindən təqdim edilmiş iş materialları, mütəxəssis rəyi və mütəxəssisin iştirakı ilə aparılmış, tədqiqat zamanı aşağıdakılar müəyyən edilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.2006- cı il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 30 il 6 ay 18 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alındığı müəyyən edilir. C,Cəlilovun 01,01.2006-01 İİ tarixinədək 30 il 6 ay 18 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 9348,30 manat təşkil edir; (30+6/12+18/30)x306=9348,30.). Həmin kapitalın xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 24840,89 manat təşkil edir: 2006 İndeksasiya faizləri 9348,30 2007 8,3 10124,21 2008 16,7 11814,95 2009 20,8 14272,46 2010 1,5 14480,55 2011 5,7 15312,28 2012 7,9 16521,95 2013 1,1 16703,69 2014 2,4 17104,58 2015 1,4 17344,05 2016 4,0 18037,81 2017 12,4 20274,50 2018 5,7 21430,14 2019 3 22073,05 2020 2,6 22646,95 2021 2,8 23281,06 2022 6,7 24840,89 SH-24840,89:144=172,52, Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin "Pensiya” İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı İİ tarixindən xx.xx.2022-ci il tarixinədək 37092,22 manat (2022-ci İİ tarixinə İndeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. SH-37092,22:144=257,58. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləği xx.xx.2022-cl il tarixinə 430,10 manat müəyyən edilmişdir: xx.xx.2022- 172,52+257,58=430,10; xx.xx.2023-430,10+430,10x14,7%=493,33; xx.xx.2024- 493,33+493,33x11,2%=548,58. Hal- hazırda əmək pensiyasının məbləği 548,58 manat təşkil etdiyi müəyyən olunur. Beləliklə mülki iş materiallarında olan sənədləri və rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı yaşa görə əmək pensiyasının məbləği indeksləşdirilərək qanunvericiliyin tələblərinə uyqun olaraq düzgün hesablandığı müəyyən edilir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur

16. Məhkəmə qeyd edir ki, inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilmiş, inzibati icraat qanuna uyğun aparılmış, cavabdeh tərəfindən iddiaçının pensiya təminatı hüquqları pozulmamışdır. Belə olan halda iddiaçının iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixədək hərbi xidmətdə olduğu müddət və 30 il 6 ay 18 gün sığorta sıtajı nəzərə alınmaqa və xx.xx.2006-cı ildən pensiya hüququn yarandığı xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla, ona, yəni xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-cı il tarixdə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

19. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar

NƏTİCƏVİ HİSSƏ

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar