Məhkəmə qərarları › İş №2-1(112)-4330/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4330/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4330/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X4 nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X5 üçün ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində, ona mülkiyyət hüququ verən qeydiyyatın aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X7 600 kv.metr. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı, onun etibarnamə əsasında nümayəndəsi olaraq tərəfimizdən cavabdehə edilən müraciətə, onlar tərəfindən verilmiş 05 dekabr 2018-ci il tarixli **********46 saylı bildirişlə məlumat verilmişdir ki, təqdim edilən Səbail rayon İHB-nin 862 saylı, 14.03.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sırvıtlr Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində şkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, 21.12.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Həmçinin bildirilmişdir ki, sözügedən torpaq sahəsi (üç torpaq sahəsi eyni hasar daxilindədir). Elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. İmtina məktubunda həmçinin, ünvanına göndərilmiş cavabın əsaslandırılması ilə bağlı olmayan bir sıra qanun normaları sadalanmışdır. Cavabdeh tərəfindən ünvanına göndərilən bu imtina məktubu sorğunun cavabının alınması ilə bağlı olduğundan, bir müddətdən sonra torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması xahişi ilə yenidən cavabdeehə müraciət edib. Müraciətinə onlar tərəfindən verilmiş 18 noyabr 2021ci il tarixli **********95 saylı sonuncu məktubla ona bildirilmişdir ki, təqdim olıman torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məssafələr qeyd edilmədiyindən , eyni zamanda 3 torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyindən müraciətimiz təmin olunmamışdır. Cavabdeh tərəfindən müraciətinə verilən cavabla razılaşmır və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X12 üçün ayrılmış 600 kv.metr. torpaq sahəsi üzərində ona mülkiyyət hüququ verən qeydiyyatın aparılmasının, cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən ona ünvanlanmış imtina məktublarından görünür ki, əslində torpaq sahəsi üzərində hüquqlara dair qeydiyyatın aparılmasından imtina üçün heç bir əsas mövcud deyil. Cavabdehin ünvanına göndərdiyi məktublarda istinad olunmağa çalışılan hallar üst-üstə düşmür və biri digərinə ziddir. Belə ki, 05 dekabr 2018-ci il tarixli **********46 saylı imtina məktubunda qeydiyyatın aparılmasına imkan verməyən hallar kimi, “ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sırvıtlr Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-mn arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, 21.12.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərildiyi" göstərildiyi halda, 18 noyabr 2021-ci il tarixli **********95 saylı sonuncu məktubla imtinanın səbəbi kimi, “təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məssafələr qeyd edilmədiyindən, eyni zamanda 3 torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyi" bildirilir. Bu da göstərir ki, istinad edilən hallar bəhanə xarakterlidir. Mübahisələndirilən torpaq sahəsinin ayrılmasına dair sərəncamın mövcudluğu Arxiv idarəsi tərəfindən verilmiş 30.06.2016-cı il tarixli M-144 saylı arayışla təsdiq olunduğu və bu sərəncamın qanuniliyinə heç bir şübhə mövcud olmadığı halda yenidən belə bir sorğu verilməsinə və yenidən cavab alınmasına ehtiyac qalmır. Cavabdehin ünvanına göndərdiyi məktublardan göründüyü kimi onun müraciətinə diqqətlə yanaşılmamışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etdiyi halda, ona tamamilə qeyri-müəyyən və anlaşılmaz cavablar verilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, özəlləşdirilməsini tələb etdiyi torpaq sahəsi 26 ildir ki, onun istifadəsindədir. Bu torpaq sahəsinin yerləşdiyi ərazidə yüzlərlə vətəndaşa ev tikmək üçün sahə ayrılmışdır və evlər tikilmişdir. Göründüyü kimi cavabdehin ona ünvanladığı imtina məktubunda gətirdiyi səbəblər bəhanədən başqa bir sey deyil. Belə olan halda məhkəmə qaydasında hüquqlarının bərpa edilməsini tələb etmək zərurətində qalır.

3. İddiaçının hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər, dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bununla yanaşı üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Təqdim edilən Səbail rayon İHB-nin 862 saylı, 14.03.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olubolmaması ilə bağlı sorğuya cavab verilməmişdir) qeyd olunan sərəncamın Səbail rayon İHnin arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, 21.12.2004-cü il tarixli yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirilmədiyi üçün təkrar sorğu göndərilmişdir. Həmçinin bildirilmişdir ki, sözügedən torpaq sahəsi (üç torpaq sahəsi eyni hasar daxilindədir). elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

4. Məhkəmənin hazırkı iş üzrə 11.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 14.03.1995-ci il tarixli 862 nömrəli sərəncamı ilə iddiaçı X5 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 ”A” nömrəli 600 kv.m torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Bunlardan əlavə, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 21.12.2004-cü il tarixli, 134 saylı (yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü göstərilməmiş) yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə və torpaq sahəsi mövcud sürüşmə zonasından 500 metr məsafədə yerləşdiyindən sürüşmə zonasına aid olub-olmamasına münasibət bildirilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin cavab məktubunda sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı sorğuya cavab verilməmişdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********46, **********72 və **********43 saylı, 05.12.2018-ci il, 08.01,2019-cu il və 16.11.2021-ci il tarixli məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən soma onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir.

6. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X5 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 “A” nömrəli torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İH-nin arxiv fondu üzrə 14.03.1995-ci il tarixli, 862 saylı sərəncamı təqdim edilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Badamdar şossesindən 20-ci sahə istiqamətində gedən yolun sağ tərəfində, dağlıq ərazidə mövcud olan sürüşmə ərazisindən təqribən 450- 500 metr aralı yerləşir.

9. Həmçinin bildirilmişdir ki, idarənin arxivində X9 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində “525A” nömrəli, sahəsi 600,0 m2 olan torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bildirilmişdir ki, 05.03.2022-ci il tarixdə Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun mütəxəssisi tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 525 “A” ünvanda X3 məxsus ərazidə vizual mühəndisi-geoloji araşdırmalar aparılmış və aşağıdakılar müəyyən edilmişdir. Ərazi tektonik nöqteyi-nəzərdən Qərbi Abşeron antiklinoriumunun Bakı sinklinal muldasının sirkəbənzər qərb qanadında yerləşir. Ərazinin geoloji quruluşunda üst qatda X13 yaşlı elüvial-delüvial mənşəli və Piliosen-Eopleystosen yaşlı dəniz mənşəli çöküntüləri yayılmışdır. X5 məxsus sahə (40°19'39", 49°48'42" koordinatlarında) mailliyi 30-35° olan yamacda, terraslanmış ərazidə yerləşir. Aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri" albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsinin konturlarından kənarda, sürüşmə sərhəddindən 280-290 m məsafədə yerləşir. Baxış zamanı ərazidə digər ekzogen geoloji proseslərin təzahürlərinə rast gəlinməmişdir. Ərazidə aparılacaq hər hansı tikinti işlərindən öncə dəqiq mühəndisi-geoloji (alətli tədqiqat işləri) tədqiqat işlərinin aparılması tövsiyə olunur.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

31. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

32. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 600 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin 525a nömrəli torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları müvafiq qaydada analogi cizgilərə uyğun olaraq qeydiyyata alınmışdır.

33. Cavabdeh qurumun Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin çəkilməsini tənzimləyir.

34. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. X14 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

38. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 14.03.1995-ci il tarixli 862 nömrəli sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 ”A” nömrəli sahə “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri” albomuna daxil edilmiş “Badamdar” sürüşmə sahəsinin konturlarından kənarda, sürüşmə sərhəddindən 280-290 m məsafədə yerləşir.

40. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

45. Q Ə R A R A ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 “A” nömrəli 600 kv.m torpaq sahəsinə dair iddiaçı X4 adına plan və ölçü sənədinin tərtib edilməsi, xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar