Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4334/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) 15 fevral 2021-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin vəzifəli şəxslərinin hərəkətsizliyi nəticəsində ona dəymiş 2500 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 24 oktyabr 2020-ci il tarixdə İddiaçının yaşadığı Bakı şəhəri Elşən Süleymanov küçəsindəki 108 saylı binanın həyətində xüsusi mülkiyyətində olan “Çevrolet Captiva” markalı ** MK *** dövlət qeydiyyat nömrəli avtomobilinin üstünə çürüməyə məruz qalmış ağac aşmışdır. 28.10.2020-ci il tarixli Qüsur Aktına əsasən baş vermiş hadisə nəticəsində dəymiş ziyanın məbləği 2500 manat məbləğində müəyyən olunmuşdur. Faktla bağlı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma aparılaraq 03 noyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı 2019-cu və 2020-ci illər ərzində binanın digər sakinləri ilə birgə Bakı Şəhər İcra Hakimiyyətinə və Nizami rayon İcra Hakimiyyətinə yaşadıqları binanın təmiri və həyətlərinin abadlaşdırılması ilə bağlı müraciətlər etmiş, aidiyyəti qurumlar cavab olaraq abadlıq işlərinin mərhələli şəkildə, yəni ilkin mərhələdə daha çox əhalinin yaşadığı geniş ərazisi olan həyətlərdə icra olunmaqla aparılacağını bildirmişlər. İddiaçı 30 oktyabr 2020-ci il tarixdə Cavabdehə müraciət edərək ona dəymiş 2500 manat məbləğində ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərilmiş, Birliyin 27 noyabr 2020-ci il tarixli Ç-V-30 saylı cavab məktubunda iddiaçının 2019 və 2020-ci illər ərzində Birliyə müraciətinin daxil olmaması göstərilmişdir. İddiaçı habelə eyni məzmunlu xahişlə 16 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə göndərmiş, Nazirliyin 09 dekabr 2020- ci il tarixli 22/V-472 saylı cavab məktubunda iddiaçıya baş vermiş hadisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabehin nümayəndəsi X2 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli olmayan inzibati orqandır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 1.1-ci maddəsinə görə həmin Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsi isə inzibati mübahisələrin məhkəmə aidiyyətini müəyyən etmişdir. Tələb üzrə iddia növü müəyyən olunarkən, Məhkəmə hesab edir ki, kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya aiddir. Belə ki, İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddənin mənasına görə, kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə iddiaçının məqsədi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bunun üçün zərər cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmalıdır. Yəni iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalı, müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməli, inzibati orqan qanunvericiliyə əsasən daşıdığı vəzifəsini pozmalı, orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz olmalı, orqanın vəzifə pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının quruması nəticəsində aşaraq əmlakına ziyan vurulmasını iddia etdiyi yaşıllıq (ağac) Bakı şəhərinin Nizami rayonu ərazisində (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 108 saylı binanın qarşısında) yerləşir. İddiaçı hazırda həmin yaşıllığın götürülməməsi ilə bağlı onun əmlakına dəymiş ziyanla əlaqədar kompensasiya tələb edir ki, bu da, hazırkı cavabdehin səlahiyyətlərində deyil, eləcə də onun təqsiri səbəbindən baş verməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın: - 1.3.2-cü yarımbəndinə əsasən yaşıllıqların monitorinqi - yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemidir; - 3.1-ci bəndinə əsasən yaşıllıqların monitorinqinin aparılmasının məqsədi hər hansı bir yaşıllıq obyektində təbii proseslərin gedişini izləmək, bu sahədə çoxməqsədli informasiyanı toplamaq, yaşıllıqlarda baş verən dəyişiklikləri vaxtında aşkar etmək, onların vəziyyətini və dinamikasını qiymətləndirmək və proqnozlaşdırmaq, onlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir. - 1.4-cü bəndinə əsasən yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə həmin Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın: - 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə həmin bənddə nəzərdə tutulan digər hallarla yanaşı ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda yol verilir (2.2.4-cü yarımbənd); - 2.4-cü yarımbəndinə əsasən fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) həmin Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. - 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. - 4.1-ci bəndinə əsasən ərizəçinin müraciəti əsasında istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qəbul olunmuş qərarına əlavə olunan yaşıllığın götürülməsi vərəqi verilir. İstinad olunan normalardan görünür ki, yaşıllıqların uçotunu və monitorinqini aparmaq, yaşıllığın götürülməsinə dair qərar qəbul etmək istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. İşdən görünür ki, mübahisəli hüquq münasibətləri Bakı şəhəri Nizami rayonunun ərazisində yaransa da, iddiaçı həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyəni deyil, Bakı şəhəri İcra Hakimiyyətini cavabdeh qismində göstərmişdir. Kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın mümkünlük şərtlərindən olduğundan hazırkı iş üzrə İPM-in 13-cü və 48-ci maddələrinin tələblərinə əsasən yol verilmiş xətaların aradan qaldırılması və aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi üçün məhkəmənin yardım etməsi işə mahiyyəti üzrə baxılmasını təmin etməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin vəzifəli şəxslərinin hərəkətsizliyi nəticəsində ona dəymiş 2500 manat məbləğində maddi ziyanın ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4334/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4334/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver