Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4334/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə müraciət edərək xidmət etdiyi dövr ərzində, 2000-2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında və Xudat Sərhəd dəstəsinin X4 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə sərhəd məntəqələrində uzunmüddətli (2008-2013-cü illər ərzində) ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq (hal-hazırki ezamiyyə xərcləri normaları nəzərə alınmaqla) birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2000 - 2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri və 2008 - 2013-cü illərdə Xudat sərhəd dəstəsinin X4 Bölməsinin baş zabiti vəzifəsində xidmət keçmişdir. Xidmət keçdiyi dövrlərdə aşağıdakı maddi təminat hüquqları pozulmuşdur. Belə ki, Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində xidmət keçərkən xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək Horadiz sərhəd dəstəsinin 21-ci sərhəd zastavasına və Xudat Sərhəd dəstəsinin DSMB-nin baş zabiti vəzifəsində xidmət keçərkən rəhbərliyin əmri ilə 2008-2013-cü illərdə sərhəd zastavalarına (səyyar-sərhəd məntəqələrinə) uzunmüddətli ezamiyyətlərə göndərilmişdir. Lakin ona ezamiyyətdə olduğu ilə əlaqədar ezamiyyə xərcləri ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün ərizə ilə tərəfindən 03 avqust 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Cavabdeh Dövlət Sərhəd Xidməti müraciətini imtina ilə cavablandıraraq aşağıdakıları bildirmişdir. “Eyni məzmunlu müraciətinizə tərəfimizdən baxılmışdır. Səhra pullarının ödənilməsi, bu barədə əmrlərin verilməsi qaydaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi “X5”-nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-X9 əsasən daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan işçilərin gedişi ezamiyyət sayılmır. Eləcədə qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin iddianız üzrə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarının 6-cı bəndi ilə səhra çıxışı üzrə ezamiyyət qaydaları deyil, səhra pullarının və ezamiyyə günlərinin 1 günlük normanın məbləği müəyyən edilmişdir.” Beləliklə cavabdeh inzibati orqan müraciəti dolayısı yolla cavablandırmaqla imtinanı əsaslı hesab etmişdir. Hesab edir ki, 2000-2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək və Xudat Sərhəd dəstəsinin X4 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə 2008-2013-cü illərdə sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin (Dövlət Sərhəd Xidməti) üzərinə qoyulmalıdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilir ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X5»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarına əsasən daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Odur ki, qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır.”
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilir ki, “səhra pullarının ödənilməsi, bu barədə əmrlərin verilməsi qaydaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X5»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarının 1-ci bəndinə əsasən daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Eləcə də qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin iddianız üzrə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarının 6-cı bəndi ilə səhra çıxışı üzrə ezamiyyət qaydaları deyil, səhra pullarının və ezamiyyət günlərinin bir günlük normasının məbləği müəyyən olunmuşdur.”
5. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair 2-1(112)-16662/2023 nömrəli inzibati iş üzrə iddiaçı barəsində DSX-nin müvafiq struktur qurumundan (N №-li hərbi hissə) daxil olmuş arayış və İddiaçı sərhəd məntəqələrində ezamiyyətdə olması ilə bağlı əmrlərin qanunvericiliklə nəzərədə tutulmuş qaydada təsdiq edilmiş surətləri ünvanınıza göndərilir. Yuxarıda adıçəkilən arayışda ehtiyyatda olan sabiq hərbi qulluqçu İddiaçı N №-li hərbi hissədə 2008-ci ildən 2013-cü ilədək Dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti vəzifəsində xidmət etdiyi müddətdə xx.xx.2008-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərci DSX-nin “Pul təminatı haqqında Əsasnamə”yə əsasən hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığı üçün ödənilmədiyi qeyd edilmişdir.
6. Cavabdehin xx.xx.2024-cü il tarixli digər məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi' tələbinə dair 2-1(112)-16662/2023 nömrəli inzibati iş üzrə İddiaçı iddia tələbində qeyd etdiyi Horadiz sərhəd dəstəsinin komendant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi xüsusatına münasibətdə qeyd edilir ki, qoşmaya əlavə edilmiş AR DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 141 №-li əmrin surətindən görünür ki, komendant bölüyünün komandiri kapitan İddiaçı xx.xx.2004-cü il tarixdən 21-ci sərhəd zastavası rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir. AR DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 200 №-li əmrindən çıxarışın surətindən görünür ki, iddiaçı DSX rəisinin (keçmiş DSX SQK) xx.xx.2004-cü il tarixli əmri ilə xidmət yeri dəyişdirildiyindən, xx.xx.2004-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır (əmrin surəti qoşmaya əlavə edilir). Həmçinin qoşmaya əlavə edilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1945/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçının AR DSX-nin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komadiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. İddiaçının Dövlət Sərhəd Xidmətinin məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edilənlərlə bağlı mülahizəsində bildirmişdir ki, cavabdehin məktubuna Əsasnamənin 1.9. bəndin birinci cümləsinin (hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətə ödənilir) mahiyyətinə məhkəməyə etiraz kimi təqdim olunmuş sənədin ikinci cümləsində yanlış təvsir (Yəni, hərbi qulluqçunun və işçinin hüququ yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir) verilmişdir. Bu da iddia tələbinə imtina üçün əsas sayıla bilməz. Çünki Əsasnamənin həmin bəndinin birinci cümləsi sözügedən sərhəd zastavalarında ezamiyyətdə olmağa görə ezamiyyə xərclərinin ödənilməməsini özündə ehtiva etmir. Əksinə, Əsasnamənin bu bəndinin birinci cümləsi hərbi qulluqçuya hüququn yarandığı təqdirdə edilən müraciətdən ən azı əvvəlki üç il dövrü üçün ödənişin edilməsini tövsif edir. Ezamiyyətə getməyini və qayıtmağını təsdiqləyən rəsmi əmrlərin mövcud olmasının özü onun ezamiyyə xərclərini ala bilmək üçün bildirilməlidir ki, ezamiyyət günlərinə dair əmrlər Bakı İnzibati Məhkəməsinin (2-1(112)-4748/2022 nömrəli iş) və Bakı Apellyasiya Məhkəməsinin (1(103)-363/2023 nömrəli iş) sorğuları əsasında əldə edilmişdir. Sənədin sonuncu cümləsinin (Qeyd olunan müddətdən 10 il artıq vaxt keçdiyi üçün hər hansı bir məlumat və iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin təqdim edilməsi imkan xaricindədir) qaldırdığı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Çünki, inzibati orqanın etdiyi şərhindən fərqli olaraq pul təminatı haqqında Əsasnamənin 1.9-cu bəndin sonuncu cümləsində tələb başqa cür qoyulmuşdur: - “Birdəfəlik pul müavinəti, bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir”. Onun müraciəti birdəfəlik müavinət deyil, ezamiyyə xərcləri ilə bağlıdır. Hərbi qulluqçulara isə birdəfəlik müavinətlər il ərzində maddi yardım, məzuniyyət müavinəti, əşya-geyim əvəzinə verilən pul kompensasiyası, müalicə xərcləri üçün verilən müavinət, on üçüncü əmək haqqı (birdəfəlik pul mükafatı) şəklində verilir. Məhkəməyə təqdim olunan etiraz xarakterli 12.03.24-cü il tarixli 3-38-16/7-1811/24 nömrəli sənədin ikinci abzasında aşağıdakılar qeyd olunmuşdur: “Bildiririk ki, yuxarıda adıçəkilən arayışda ehtiyatda olan sabiq hərbi qulluqçu İddiaçı N №-li hərbi hissədə 2008-ci ildən 2013-cü ilədək Dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti vəzifəsində xidmət etdiyi müddətdə xx.xx.2008-ci il tarixindən xx.xx.2012ci il tarixinədək sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərci DSX-nin “Pul təminatı haqqında Əsasnamə”yə əsasən hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığı üçün ödənilmədiyi qeyd edilmişdir. Nəzərə almağınızı xahiş edirik”. Belə ki, hərbi hissə ilə sərhəd zastavalarının ayrı-ayrı coğrafi məkanlarda və biri-birindən kifayət qədər uzaq məsafədə yerləşməsi xidməti ezamiyyəti zəruri edən başlıca amildir. Odur ki, imtina xarakterli cavablarda sərhəd zastavası hərbi hissənin tabeliyində deyil, daxilindədir kimi təqdim edilməsi cavabdehin öz ifadələrində sərhəd zastavasının statusunu kiçiltməyə və sözügedən hərbi bölmələrdə zamanında reallaşmış olan xidməti ezamiyyətin əhəmiyyətsiz hal olduğuna məhkəməni inandırmaq cəhdidir. Hərbi hissələr DSX tabeliyində xidməti fəaliyyətini davam etdiyi kimi, eyni ilə sərhəd zastavaları da hərbi hissənin tabeliyində xidməti fəaliyyətini davam edirlər. DSX aparatından onun tabeliyindəki hərbi hissələrə ezam olunan hərbi qulluqçu ilə hərbi hissədən (sərhəd dəstəsindən) onun tabeliyindəki sərhəd zastavalarına ezam olunan hərbi qulluqçu fərqli xidməti tapşırıqları icra etmiş olsalar da, hər iki hal mahiyyət etibari ilə daimi xidmət və daimi yaşayış yerinin uzunmüddətli tərk edilməsi və ya yerdəyişməsilə müşaiyət olunan eyni fəaliyyət formasıdır. Başqa sözlə, birinci halda, zabit Bakı şəhərindən respublikanın rayonlarına, ikinci halda isə zabit Xudat qəsəbəsindən yuxarıda adıçəkilən rayonlarda yerləşən sərhəd zastavalarına uzunmüddətə ezamiyyətə göndərilir. Odur ki, daimi xidmət yeri olan N nömrəli hərbi hissədən (Xudat sərhəd dəstəsi) sərhəd zastavalarına uzunmüddətli xidməti ezamiyyətə getdiyi faktın özü daimi yaşayış yeri olan Xaçmaz rayonu Xudat qəsəbəsini tərk edərək Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarının kəndlərinə uzunmüddətə yerimi dəyişməyi deməkdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən DSX-nın “Pul təminatı haqqında Əsasnamə”yə məhkəmə iclasında (şifahi məhkəmə baxışında) baxış keçirildi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X5»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarının:
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
5. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Qeyd olunan xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.
14. Məhkəmə iddia tələbinin xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 141 №-li əmrin ilə xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavası rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir.
15. Göründüyü kimi iddiaçı həmin dövrdə ezamiyyətdə deyil, 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasının müvəqqəti icra etmiş, bu səbəbdən də iddia tələbi bu hissədə əsassızdır.
16. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsinə, 2008-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X4 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hərbi hissə daxilində ezamiyyətdə olmuşdur.
17. Belə ki, iş materiallarında olan DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlara əsasən müəyyən edilir ki, X6 baş zabiti mayor X1 məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olmuşdur.
18. Bu səbəbdən DSX-nın “Pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığından iddia tələbi bu hissədə də əsassızdır.
19. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva