Məhkəmə qərarları › İş №2-1(112)-4335/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4335/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4335/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “təkrar müsabiqəyə buraxılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək X3 Beynəlxalq Akademiyası ali təhsil üzrə menecment elmi ixtisası üzrə bakalavr diplomunun tanınması və rus dilində müsabiqəyə buraxılması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə “X3 Beynəlxalq Akademiyası”na daxil olub və menecment ixtisası üzrə ali təhsil alaraq 2014-cü ildə bitirib. Rəsmi olaraq cavabdeh quruma müraciət edib, ona 28.12.2020-ci il tarixdə imtina məktubu göndərilmişdir. 15.01.2021-ci ildə məktubu qəbul edib və 15.02.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, imtina əsassızdır.

3. Məhkəmənin hüquqi yardım haqqında məktubuna əsasən, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş, məhkəmənin 12.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin təkrar müsabiqəyə buraxılma öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddia tələbini müdafiə edən iddiaçı bildirdi ki, 2015-ci ildə ekspert tərəfindən ona suallar verilərkən həyəcanlı olmuş, ona görə hesab edir ki, cavabları eksperti qane etməmişdir. 2020-ci ildə cavabdeh quruma müraciət edərək diplomunun tanınmasını xahiş etmişdir, lakin cavabdeh qurum tərəfindən heç bir araşdırma aparmadan diplomunun tanınmasından imtina edilmişdir. Ukrayna Respublikasının Regionlarası X4 Akademiyasında 2010-2014-cü illərdə “Menecment” ixtisası “Turizm və otel biznes idarəetməsi” ixtisaslaşması üzrə təhsil alıb və hazırda ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza aparmaq öhdəliyinin cavabdeh quruma həvalə edilməsini xahiş edir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim edərək həmin etirazı müdafiə etdiyini bildirdi. İddiaya yazılı etiraza əsasən, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə iddiaçıya Ə-16333/03-24 nömrəli 01.09.2015-ci il tarixli məktubla məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti də buraxılmışdır. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: - Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının ixtisası ilə bağlı bilik səviyyəsinin qənaətbəxş olmaması onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” Qanunun 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Odur ki, cavabdeh qurum iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir.

6. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini və dəyişdirilmiş tələb üzrə etirazın dəlillərinin eyni olduğunu bildirdi.

7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ə-16333/03-24 nömrəli 01.09.2015-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının 16.09.2014-cü il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentiliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13.05.2003cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq, X2 Akademiyası tərəfindən iddiaçının adına verilmiş 16.05.2014-cü il tarixli, Dİ№041977 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır.

8. İddiaçı tərəfindən cavabdeh Təhsildə Keyfiyyətə Təminat Agentliyi publik hüquqi şəxsə 22.12.2020-ci il tarixdə edilmiş müraciətə cavab olaraq 28.12.2020-ci il tarixdə verilmiş cavab məktubunda bildirilir ki, 09.09.2015-ci il tarixli məktub ərizədə qeyd edilən ünvana göndərilmişdir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Odur ki, Təhsil Naziliyinin həmin 01.09.2015-ci il tarixli və onu təkrarlayan cavabdeh Təhsildə Keyfiyyətə Təminat Agentliyinin 28.12.2020-ci il tarixli cavab məktubları qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır. Təhsil Naziliyinin həmin 01.09.2015-ci il tarixli məktubu inzibati akt hesab olunmadığından (iddiaçının hüquqi vəziyyətinə dəyişiklik etmədiyindən və nəticə etibarilə onun üçün hüquqi nəticə yaratmadığından) Təhsildə Keyfiyyətə Təminat Agentliyinin 28.12.2020-ci il tarixli məktubunda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 62.2-ci maddəsinə əsasən inzibati aktın təqdim edilmə qaydalarına istinadı əsaslı hesab oluna bilməz.

12. İddiaçı məhkəməyə 15.02.2021-ci il tarixdə müraciət etmişdir.

13. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

14. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, Təhsil Nazirliyi tərəfindən verilmiş 01.09.2015-ci il tarixli imtinada iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. İddiaçının 22.12.2020-ci il tarixdə təkrar müraciəti hazırda cavabdeh qurum Təhsildə Keyfiyyətə Təminat Agentliyinə ünvanlanmış, sonuncu tərəfindən 28.12.2020-ci il tarixdə iddiaçıya təqdim edilən imtinada hər hansı inzibati icraat aparılmadan iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Məhkəmə hesab edir ki, inzibati aktın qəbulundan imtinaya dair məlumata da eyni yanaşma tətbiq edilməli və inzibati orqan tərəfindən ərizəçiyə mümkün hüquqi müdafiə vasitələri izah edilməlidir.

18. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ var, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir.

19. Məhkəmə tərəfindən iddiaçıya münasibətdə cavabdeh qurum tərəfindən aparılmış inzibati icraat materialları tələb olunmuş, sorğuya cavabda X1 Akademiyasının 2014-cü il tarixli məzunu İddiaçı təqdim etdiyi 16.05.2014-cü il tarixli Dİ№041977 nömrəli bakalavr diplomunun tanınmamasına dair tarixsiz (yalnız 2015-ci il göstərilməklə) ekspert rəyi təqdim edilmişdir. Rəyə əsasən, İddiaçı ixtisası üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyinin müəyyən edildiyi, bu səbəbdən X2 Akademiyası tərəfindən İddiaçı adına verilmiş 16.05.2014-cü il tarixli, Dİ №041977 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Həmin rəydə ekspertlər K.Məcidov, N.Hacıyeva, E.Əliyevin adları göstərilsə də, yalnız E.Əliyev tərəfindən imzalanmışdır.

III. Məhkəmənin mövqeyi

20. X5 Məhkəməsinin qərarlarında bildirilir ki, ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X5 Məhkəməsinin qərarı ərizə 52884/09, 20.02.2020-ci il tarixli qərar § 36-37).

21. Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 1997-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Qanununa əsasən 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir.

22. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə əsasən, ərizəçinin cinsi, irqi, dərisinin rəngi, əlilliyi, siyasi və ya digər baxışları, milli, etnik və ya sosial mənşəyi, milli azlıqlara mənsubiyyəti, əmlakı, doğum və ya başqa statusuna və ya tanınmanın meyarları ilə ilə əlaqəli olmayan digər əsaslara görə görə hər hansı bir ayrı-seçkiliyə yol verilmir. Bu hüququn təmin edilməsi üçün hər bir Tərəf ixtisasların tanınması ilə bağlı qiymətləndirmə zamanı yalnız əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na əsasən: 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: - Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 3.8. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir.

24. “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsi (Qiymətləndirmə Meyarları)

32. Xarici ixtisasların tanınması müxtəlif məqsədlər üçün istənilə bilər. Qiymətləndirmə tanınma tələb olunduğu məqsəd(lər)i lazımi qaydada nəzərə almalı və tanınma bəyannaməsi bəyanatın etibarlı olduğu məqsəd(lər)i aydınlaşdırmalıdır.

36. Təxminən bərabər səviyyəli keyfiyyətlər, məzmun, profil, iş yükü, keyfiyyət və öyrənmə nəticələri baxımından fərqlər göstərə bilər. Xarici ixtisasların qiymətləndirilməsində bu fərqlər əsnək şəkildə nəzərdən keçirilməli və yalnız tanınma tələb olunduğu məqsəd baxımından əhəmiyyətli fərqlər (məsələn, akademik və ya de fakto peşəkar tanınma) xarici ixtisasın qismən tanınmasına və ya tanınmamasına gətirib çıxarmalıdır.

36-cı və 37-ci paraqraflar barədə İzahedici Memorandumdan:

Qismən tanıma və ya tanınmamağa gətirib çıxara biləcək "əhəmiyyətli fərqlər", geniş anlamda tanınma tələb olunduğu məqsəddən, məsələn, əlavə təhsil almaq üçün tanınmaqdan və ya tənzimlənməmiş bir peşə fəaliyyətlə məşğul olmaqdan asılı olacaqdır. Bəzi kontekstlərdə geniş əsaslı təhsil arzu oluna bilər, digər kontekstlərdə isə qənaətbəxş dərəcədə ixtisaslaşma tələb oluna bilər.

Öyrənmənin nəticələrinin nümunələri aşağıdakılardan biri və ya bir neçəsi ola bilər: (a) müəyyən bir mövzu haqqında geniş məlumat; (b) müəyyən bir mövzuda tədqiqat nəticələrinin anlaşılması; (c) problemləri təhlil etmək və həll etmək bacarığı; (d) müxtəlif şəkildə təsirli - şifahi və yazılı ünsiyyət qurma bacarığı mürəkkəb məsələlər üzrə qruplar; (e) tədqiqat nəticələrini müntəzəm bacarıqlarla və sabit bir sahədə tətbiq etmək bacarığı; (f) tədqiqat nəticələrini tətbiq etmək və müntəzəm bacarıqları yeni uyğunlaşdırma bacarığı domenlər; (g) tədqiqat aparmaq bacarığı; (h) ziddiyyətli nəzəriyyələri və ya paradiqmaları ayırd etmək qabiliyyəti; (i) istismar müddətində müəyyən bir peşə və ya peşə ilə məşğul olmaq bacarığı, idarəetmə və ya texnoloji inkişaf səviyyəsi.

37-ci paraqraf qiymətləndirmənin alternativ, qismən və/və ya şərti tanınmanın verilə biləcəyi halları, şərtləri və qaydaları müəyyənləşdirir.

“Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in Vİ hissəsi (Qiymətləndirmənin nəticəsi):

43. Milli qanun və təcrübədən asılı olaraq, xarici ixtisas dərəcəsinin qiymətləndirilməsinin nəticəsi aşağıdakı formada ola bilər: (a) tanınma qərarı; (b) daha sonra tanınma qərarı verəcək başqa bir quruma məsləhət; (c) ərizəçiyə və ya aidiyyəti ola biləcəyi bir şəxsə (məsələn, mövcud və ya gələcək işəgötürənlər, ali təhsil müəssisələri və s.) xarici ixtisasın tanınma tələb olunduğu ölkədə oxşar keyfiyyətlərlə müqayisə edilməsini təmin edən, rəsmi olmadan tanınma qərarı; (d) ərizəçiyə verilən hər hansı digər məsləhət. Ərizəçi aldığı qiymətləndirmənin vəziyyəti barədə məlumatlandırılmalıdır.

44. Ərizəçinin tələbinə uyğun olaraq tanınma mümkün olmadıqda, səlahiyyətli tanınma orqanı ərizəçiyə sonrakı mərhələdə tanınması üçün həyata keçirə biləcəkləri tədbirləri göstərməklə həll yolunun müəyyən edilməsində kömək etməlidir.

43-cü paraqraf barədə İzahedici Memorandumdan:

Bu bənddə göstərilən göstəricilər sonrakı mərhələdə tanınma şanslarını artırmaq üçün əlavə təhsil almaq üçün müraciət edə biləcək şəxslərə aiddir. Səlahiyyətli tanınma orqanları, alınacaq tədbirlər haqqında mümkün qədər dəqiq göstəricilər əldə edərək bu müraciət edənlərə kömək etməli və ya müvafiq olaraq ərizəçiləri aidiyyəti yazılı məlumat və ya ali təhsil müəssisələrindəki və ya digər qurumlardakı əlaqəli şəxslər barədə məlumatlandırmalıdırlar.

25. Beləliklə, məhkəmə müəyyən edir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya” və “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr” müvafiq kvalifikasiyanın tanınmasından imtina edildiyi təqdirdə, ərizəçiyə münasibətdə təkrar inzibati araşdırmanın aparılmasını istisna etmir, əksinə ərizəçinin diplomunun sonrakı mərhələdə tanınması üçün həyata keçirə biləcəkləri tədbirləri ona izah edilməli olduğunu müəyyən edir. Lakin iddiaçıya təqdim edilən inzibati aktın qəbulundan 28.12.2020-ci il tarixli yazılı imtina qeyd edilən tələblərə cavab vermir. Odur ki, məhkəmə hesab edir ki, həmin imtina qanunsuz hesab olunmaqla iddiaçıya münasibətdə ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza keçirilməsi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Aparılan inzibati icraat zamanı tanınmanın məqsədi, alternativ, qismən və/və ya şərti tanınmanın mümkünlüyü, iddiaçının tələbinə uyğun olaraq tanınma mümkün olmadıqda, diplomun sonrakı mərhələdə tanınması üçün həyata keçirə biləcəkləri tədbirləri göstərməklə həll yolunun müəyyən edilməsində kömək göstərilməlidir (məsələn, sınaq yoxlamaların aparılması, zəruri olduğu halda və özünün istəyi əsasında iddiaçının sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak etməsi və s.). Məhkəmə qeyd edir ki, iddiaçıya münasibətdə yenidən inzibati icraat aparılarkən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya” və “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”ə istinad olunduğu təqdirdə, onların autentik tərcüməsindən istifadə edilməlidir.

26. Eyni zamanda məhkəmə müəyyən edir ki, cavabdeh qurum tərəfindən təqdim edilmiş 2015-ci il tarixli ekspert rəyi iddiaçıya münasibətdə aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi üçün də yetərsizdir. Belə ki, həmin rəy Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu tərəfindən verilməli olduğu halda (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.3-cü bəndinə əsasən), iddiaçı yalnız bir ekspert tərəfindən qiymətləndirilmiş, həmin ekspertin səriştəsi, ixtisası, iş təcrübəsi haqqında inzibati icraat materiallarına hər hansı məlumat əlavə edilməmiş (eləcə də məhkəməyə bildirilməmiş), müvafiq qiymətləndirməni həyata keçirirərkən gəldiyi nəticə əsaslandırılmamış (məsələn, qiymətləndirmə zamanı aparılmış metodika, ərizəçiyə verilən suallar və s.), eləcə də həmin Qaydaların 3.4-cü bəndinə əsasən ekspertiza zamanı nəzərə alınmalı olan tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi müqayisəli təhlili göstərilməmişdir. Cavabdehin iddiaya yazılı etirazında qeyd etdiyi dəlillərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci və 2.1.49-cu bəndlərin) iddiaçıya münasibətdə etibarlı olaraq araşdırıldığı təqdim edilən inzibati icraat materiallarına əsasən müəyyən olunmur.

27. Məhkəmə qeyd edir ki, aparılan inzibati icraat zamanı cavabdeh qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3-cü bəndində göstərilən tələblərə riayət etməli, ekspertiza həmin bəndlərin tələblərinə uyğun -xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmalı; eləcə də nəzərə alınmalıdır ki, Qaydaların 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza aparmaq öhdəliyi “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. İPM-in 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

32. Məhkəmə hesab edir ki, iddiaçının tələbi məhkəmə tərəfindən konkret qərarın qəbul edilməsi ilə şərtlənmədiyindən təmin edilməlidir.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza aparmaq öhdəliyi “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar