Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4336/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X8, X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X16, X10, X2, X18, X20, X11, X12,X19) qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9, İ ləsənquliyev Vasif Kamil oğlunu, X1, X13, X17, HəsənquliyevAyxan Vasif oğlunu, X7, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar çıxarılılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Mənzildə qeydiyyatda olan şəxsləri - X16, X10, X3, X18, X20, X11, X12 tanımır və onların qeydiyyatdan çıxarılmalarını tələb edir.
3. Yasamal rayon polis idarəsi tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməlidir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsi bildirmişdir ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 2 ünvanı ilə iki fərdi yaşayış evi qeydiyyata alınmışdır: - 1 otaqlı (ümumi sahəsi 18,5 kv.m., yaşayış sahəsi 13,9 kv.m.) fərdi yaşayış evi X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - 2 otaqlı (yaşayış sahəsi 38,3 kv.m.) fərdi yaşayış evi X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
5. Məhkəmənin xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli qərardadları ilə X16, X10, X3, X18, X20, X11, X12 və X19 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxs X19 bildirdi ki, 2-ci Alatava küçəsi 104 a saylı evə dair mülkiyyət hüquqları qeydə alınmış və adına qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən üçüncü şəxslər onun ailə üzvləri və qohumlarıdır. Həmin evlə iddiaçının yaşadığı ev ayrı-ayrı evlərdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxs X16 izahat verərək bildirdi ki, qohumu X15 məxsus evdə qeydiyyatda olmaqla yaşayır. Həmin evlə iddiaçının yaşadığı ev ayrı-ayrı evlərdir.
8. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
10. X8 adına Bakı şəhəri, 2-ci Alatava küçəsindəki 104a nömrəli yaşayış evinə dair xx.xx.1998-ci ildə qeydə alınmış qeydiyyat vəsiqəsi mövcuddur.
11. X14 adına adına Bakı şəhəri, 2-ci Alatava küçəsindəki 104a nömrəli yaşayış evinə dair xx.xx.2000-ci ildə qeydə alınmış qeydiyyat vəsiqəsi mövcuddur.
12. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş olsa da, ayrı evlərdir və ünvan 2 ünvanı ilə iki fərdi yaşayış evi qeydiyyata alınmışdır və üçüncü şəxslər mülkiyyətçi X8 qohumlarıdır.
13. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
16. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
17. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına əsasən: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.
18. Həmin ünvan üzrə iki ayrı fərdi yaşayış evi olduğundan və həmin şəxslər iddiaçının razılığı ilə qeyd edilən fərdi yaşayış evinə qeydiiyyata alınmadıqlarından cavabdehin imtinası qanunsuz sayılmamalıdır.
19. Odur ki, məhkəmə hesab edir ki, ünvan 2 ünvanı ilə iki fərdi yaşayış evi mövcud olduğundan və iddiaçının həmin evə dair hüquqları digər mülkiyyətçi ilə müqayisədə sonradan qeydə alındığından iddiaçı hüquqi marağına uyğun olaraq özünə məxsus olan daşınmaz əmlaka dair yeni ünvan təyin olunması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edə bilər. Ünvanlar üst-üstə düşdüyündən həmin qurum iddiaçının müraciətini müsbət həll etməli və həmin fərdi yaşayış evinə yeni ünvan təyin edildiyi təqdirdə, iddiaçının marağı da təmin edilmiş olacaqdır.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva