Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4339/2021 19.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı «vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı uzun müddət “Əzizbəyov” (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün əlavə Tədbirlər Planı»nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı Sərəncamı ilə həmin Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Əzizbəyov” metrostansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilmişdir. Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m torpaq sahəsində vətəndaş X4, X2 və hazırkı İddiaçı torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 mart 2017-ci il tarixli qərarı ilə hazırkı iddiaçılar İddiaçı, X3, X6 və X1 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015-ci il tarixli qərarı qismən, yəni adıçəkilən şəxslərə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, Bakı ŞİH-in 20 fevral 2009-cu il tarixli 77 nömrəli sərəncamı və Bakı şəhəri Nizami RİH-in 27 fevarl 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə həmin şəxslərə qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı olunan hər hansı qanunsuz müdaxilələr cavabdeh Bakı şəhəri Nizami RİH-ə qadağan edilmişdir. Həmin iş üzrə üçüncü şəxs Bakı ŞİH kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Ali Məhkəmənin 29 avqusr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 29 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami RİH qanuna riayət etmədən məhkəmə qararının icrasını təmin etməkdən yayınır. Həmin qurum çalışır ki, qətnamənin icrasını təmin etmək məsuliyyətini öz üzərindən yayındırsın. Göründüyü kimi, sərəncamda qeyd edilən sahə borclunun balansındadır və sərəncam da həmin orqan tərəfindən verilmişdir. Hətta Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının müvafiq qərarına da məhəl qoyulmur. Adıçəkilən şəxslərə torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilməsi və qətnamənin icrasının qeyri-mümkünlüyü barədə arqumentlər məhkımə tərəfindən də qəbul edilməmişdir. Məhkəmələrin qətnamə qəbul etməsi pozulmuş hüquqların bərpa edilməsinə kifayət etmir. Aydındır ki, borcluya qarşı hər hansı mülki ziyanın ödətdirilməsi, məsuliyyətə cəlb olunması və s. tədbirlər həyata keçirilməsə, o, qətnamənin lazımi qaydada icra edilməsinə maneçilik törətməkdə davam edəcəkdir. Göründüyü kimi, qətnamənin icra edilməməsi qətnamənin yaranacaq bütün faydalı səmərəsindən onu (iddiaçını) məhrum etmişdir. Borclu tərəf əmlakın sökülməsindən başlayaraq ona qarşı öz qanunsuz əməllərini davam etdirir. Əmlak hüquqlarının kobud şəkildə pozulması ona dərin zərbə vurmuşdur. İddiaçı artıq 15 ilə yaxındır ki, məhkəmələrdə, icra və məhkəmə hakimiyyəti orqanlarında sürünür. Məhkəmə prosesi onun xeyrinə qərarla yekunlaşsa da, ona pis təsir edən əməllər tprədilməklə mənəvi zərər vurulmuş və vurulmaqda davam etdirilir. Həmin illərdə məhkəmələrdə, məhkəmə icraçılarının qəbulunda və digər instansiyalarda çox müraciətlər etsə də, qətnamənin icrasına maneçilik törədilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20.1-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, AR Cinayət Prosessual Məcəlləsinin 181, 183, 187-ci maddələrinə, AR Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» qərarının müddəalarına əsalanaraq, cavabdeh Bakı şəhəri Nizami RİH-dən ona vurulmuş maddi ziyana görə 1.000.000 manat, mənəvi zərərə görə 500.000 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami RİH-in məhkəməyə ünvanlanmış 9 aprel 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, AR X5 «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3, 7 və 17-ci bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı iddia mülki icraat qaydasında baxılmalı olan mübahisələrə aid olmaqla, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan, İPM-in 2-ci maddəsində nəzərdə tutulan inzibati və iqtisadi mübahisələrə şamil edilə bilməz. Mövcud iddia tələbində İPM-in 35.1-ci maddəsində göstərilən hallar mövcud olmadığından və yuxarıda göstərilənlər nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdilədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşin məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı hazırkı iddianı qaldırmamışdan əvvəl tələbində göstərilən məsələ, yəni ona vuriumuş maddi və mənəvi ziyana görə konkret məbləğdə kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RİH-ə müraciət etməmişdr. Hansı ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 89-cu maddəsinin məzmununa görə müvafiq kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət edilməsini maraqlı şəxsin müraciəti üzrə inzibati orqanın imtinası (və ya hərəkətsizliyi) ilə şərtləndirir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Bakı şəhəri Nizami RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4339/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4339/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver