Məhkəmə qərarları › İş №2-1(112)-4339/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4339/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4339/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mehriban Qarayeva Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Müdafiəsi Agentliyi publik hüquqi şəxsinə qarşı "evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektorunda vakant sosial xidmətçi vəzifəsinə təyin olunması” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Müdafiəsi Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Publik hüquqi şəxsin üzərinə iddiaçının 4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektorunda vakant sosial xidmətçi vəzifəsinə təyin olunması haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 7 iyul 2021-ci il tarixdə 4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektorunda vakant sosial xidmətçi vəzifəsinin tutulması üzrə DOST Agentliyi tərəfindən keçirilən müsahibədə iştirak etmiş və vəzifəyə uyğun hesab edilmişdir. Lakin bugünədək həmin vəzifəyə təyin edilməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə uzun müddətdir ki, onu həmin vəzifəyə təyin etməkdən yayınır. Odur ki, məhkəməyə müraciət edilməsi məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddianın mümkün sayılmaması barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, DOST Agentliyi tərəfindən iddiaçı X2 barəsində hazırki tarixədək hər hansı bir inzibati akt qəbul edilməmiş, eyni zamanda inzibati aktın qəbulundan imtina faktı da baş verməmişdir. Eyni zamanda Məcəllənin 35.1-ci maddəsində qeyd olunan "inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması" faktı da baş verməmişdir. Belə ki, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş DOST Agentliyinin Nizamnaməsinin 4.20.8-ci yarımbəndinə uyğun olaraq Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə “DOST” mərkəzlərinin və tabeliyindəki digər qurumların işçiləri DOST X1 sədri ilə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad edilir. İddiaçı X2 4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin Evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektorunda vakant sosial xidmətçi vəzifəsinin tutulması üzrə DOST Agentliyi tərəfindən keçirilən müsahibə mərhələsində iştirak etmiş, lakin yuxarıda qeyd edilənlər və qanunvericilik tələbləri nəzərə alınmaqla vəzifəyə təyinatı mümkün hesab edilməmiş və beləliklə, vətəndaş X2 ilə DOST Agentliyi arasında əmək münasibətləri yaranmamışdır. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən is yerində işçi tərəfindən onun isə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam Qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri yazılı əmək müqaviləsi (kontraktı) ilə müəyyən olunur. Qanunvericiliyinin müddəalarından aydın olduğu kimi əmək münasibətlərinin yaranmasına razılıq vermək, işçini işə qəbul etmək və s. işəgötürənin səlahiyyətində olduğundan, nəticə olaraq əmək münasibətlərinin yaranmasına dair razılığın verilməsi işəgötürənin özünün qiymətləndirməsinə əsaslanır. Eyni zamanda “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi ücün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinin 2-ci cümləsinə əsasən ümumi (publik) hüquqi publik hakimiyyət daşıyıcıları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Vətəndaşın işə qəbul üçün müraciətinə baxılması zamanı işəgötürən qanunla ona həvalə edilmiş hər hansı bir inzibati funksiyanı yerinə yetirmədiyindən və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmədiyindən iddiaçı X2 iddia tələbinin ümumi (publik) hüququn nizamasalma predmetində aid olmadığı diqqətə çatdırılır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə iştirak edən iddiaçı vəsatətə etiraz edərək vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırki iş üzrə iddiaçı X2 4 saylı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektorunda vakant sosial xidmətçi vəzifəsinin tutulması üzrə DOST Agentliyi tərəfindən keçirilən müsahibə mərhələsində iştirak etmiş, lakin vəzifəyə təyinatı mümkün hesab edilməmiş və beləliklə, vətəndaşla DOST Agentliyi arasında əmək münasibətləri yaranmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. DOST Agentliyi tərəfindən iddiaçı X2 barəsində hər hansı bir inzibati akt qəbul edilməmiş, eyni zamanda inzibati aktın qəbulundan imtina faktı da baş verməmişdir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Bundan əlavə, mübahisənin predmeti (əmək haqqının və digər ödənişlərin verilməsi) ilə bağlı isə qeyd edilməlidir ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən normanın tələbinə görə, iddiaçının əmək münasibətləri yaranmış olsaydı belə iddiaçı İPM-nin 8.1.3cü maddəsində sadalanan şəxslərdən biri olmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar