Məhkəmə qərarları › İş №2-1(112)-434/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-434/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-434/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsi üzərində mərhum atası X4 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyat alınması ilə bağlı çıxarışın və həmin torpaq sahəsinin koordinatlarının və yerləşmə sxemini təsdiq edən sənədlərin ona verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X5 X12 iştirakçısı olduğuna görə “Bağtikinti kooperativlərinin yaradılması və bağ sahələrinin vətəndaşlara verilməsi haqqında (27 sentyabr 1988-ci il tarixli Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin nəzdində bağ təsərrüfatı məsələlərinə baxılması üzrə komissiya iclasının 3 nömrəli protokolu əsasında) Bakı Şəhər X11 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmışdır. Həmin qərarı ərizəsinə əlavə etmişdir. Bakı Şəhər Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə atası X5 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmişdir. Müraciətinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********33 nömrəli imtina məktubu ilə cavab verilmişdir. Həmin məktubda İdarənin arxivində hüquq sahibinin adına X3 və İstismar Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilmədiyi və təqdim olunan qərarda bağ sahəsinin nömrəsini və torpaq sahəsinin ölçüsü qeyd olunmadığını bildirilmişdir. Bundan əlavə olaraq cavabdeh vərəsəlik işin açılmasını və vərəsələrin dairələrin müəyyən edilməməsi barədə imtina məktubunda qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayırılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərancamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasın protokolundan çıxarış təqdim edilir. Qeyd etmək istəyir ki, inzibati orqana müraciət ərizəyə Bakı Şəhər Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarı əlavə edilmişdir, bu halda imtinanı orderin təqdim edilməməsinə cavabdeh orqan istinad etməli deyildi. Bundan əlavə olaraq bildirmək istəyir ki, torpaq sahəsinin nömrəsini, koordinatlarını və ölçüsünü müəyyən etmək üçün cavabdeh orqan hər hansı tədbirlər görməmişdir. Cavabdehə təqdim edilmiş Milli Arxivin çıxarışı olan Bakı Şəhər Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarından görünür ki. həmən torpaq səhəsinin ayırılması ilə bağlı bir necə inzibati akt qəbul edilmişdir və torpaq sahəsinin nömrəsini, koordinatlarını və ölçüsünü müəyyən etmək üçün həmən inzibati aktları cavabdeh əldə etməmişdir. Odur ki, “İnzibati icraat haqqında” Qanuna əsasən, inzibati orqan vətəndaşın müvafiq müraciətindən sonra, müraciəti tam və obyektiv araşdırılmalıdır. Görünür ki, cavabdeh imtina məktubu təqdim edərək, araşdırma aparmamışdır və yalnız vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə əsasən cavab vermişdir. X1 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. AZ-İİ 104756 nömrəli 21 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətini ərizəsinə əlavə edir. Həmçinin, atası X4 hüquqi varisi olduğunu təsdiq edən AZ 034900 nömrəli xx.xx.1961ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətini ərizəsinə əlavə edir. Əlavə olaraq qeyd etmək istəyir ki, sözügedən torpaq sahəsinin vərəsəlik yolu ilə vəfat etmiş şəxsin vərəsələri arasında bölünməsi üçün də həmin torpaq sahəsinə dair çıxarışın əldə olunması əhəmiyyətli və vacibdir. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdehin qəbul etdiyi qərar əsassız və qanunsuzdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1148.0 kv.m sahəsi olan 4099 a saylı bağ sahəsi üzərində mərhum atası X4 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı arayışın və həmin torpaq sahəsinin texniki poasrtun ona verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində hüquq sahibinin adına X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin, təqdim edilən Bakı şəhəri XDSİK-nin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarında bağ sahəsinin nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, təqdim edilən sənədlər mərhumun (X8) adınadır, lakin, vərəsəlik işinin açılması və vərəsələrinin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktub sənədlər toplusuna əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********33 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il tarixli **********33 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən bildirilmişdir ki, İdarənin arxivində hüquq sahibinin adına X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilmədi. Həmçinin, təqdim edilən Bakı şəhəri XDSİK-nin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarında bağ sahəsinin nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, təqdim edilən sənədlər mərhumun adınadır, lakin vərəsəlik işinin açılması və vərəsələrinin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmamışdır.

9. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 104756 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X8 xx.xx.1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 1201 nömrə ilə qeyd aparılmışdır.

10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 30 sentyabr 1988-ci il tarixli, 9/549 saylı qərarından arxiv çıxarışının notarial qaydada tərcümə və təsdiq edilmiş surətinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli, 195 saylı qətnaməsinə və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 saylı qərarına uyğun olaraq Bakı şəhər X11 İcraiyyə Komitəsi 1-12 saylı Əlavələrə əsasən 21-32 saylı bağ-tikinti kooperativlərinin heyəti təsdiq edilmiş və onlara müəyyən olunmuş qaydada torpaq sahələri ayrılmışdır. Ləhiş bağ massivində DSK-27- yə daxil olan siyahıda 25-ci sırada X4 adı qeyd edilmişdir.

11. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli 3594 nömrəli məktuba əsasən xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4 vərəslərinin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, İddiaçı, X10 və X2 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir.

12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********49 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 30 sentyabr 1998-ci iltarixli 9/549 saylı qərarı ilə Sabunçu rayonu, Ləhiş bağ massivi, 27 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X4 adı göstərilmişdir, lakin, bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin, X4 adına 27 nömrəli bağ tikinti kooperativi nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən bağ sahəsinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19 aprel 2022-ci il tarixli BA-02041-2022 nömrəli məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 9/549 saylı qərarının və ona əlavə edilmiş Ləhiş 27 saylı BTK-nın üzvlərinin siyahısının təsdiq edilmiş kserosurətlər i7 (yeddi) vərəqdən ibarət təqdim olunmuşdur. İddiaçının mərhum atası X4 adı 25-ci sırada qeyd edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 30 sentyabr 1998-ci il tarixli 9/549 saylı qərarı ilə X4 adına 27 nnömrəli bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq 27 saylı BTK-nın yerləşmə planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********73 nömrəli məktubla bildirilmişdir ki, hazırda istinad edilən mövcud məlumat bazasına əsasən Ləhiş bağ massivi 4094, 4095, 4096, 4097 a, 4099 a, 4100, 4100 a, 4222, 4223, 4224 və 3978 saylı bağ sahələrinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq 4093, 4093 a, 4094 a, 4095a, 4096a, 4097, 4098, 4098a, 4099, 4222a, 4223a, 4225, 4225 a, 3988 (4764/3988) saylı bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlərin (eləcə də, ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-9918/2023 **********18 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1148.0 kv.m təşkil edir (torpaq sahəsinin üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin hasarı digər fiziki şəxs tərəfindən inşa olunması məlum olmuşdur (torpaq sahəsi mübahisəlidir). Faktiki olaraq göstərilən 1148.0 kv.m torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən nömrəsi və sahəsi məlum deyil. Bu səbəbdən müraciətdə qeyd olunan bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır.

17. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-26586/2023 **********86 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1148.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcud deyil (torpaq sahəsi mübahisəlidir). Göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4099 a saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən (İşin hallarının obyektiv araşdırılması). 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. İşin hallarından göründüyü kimi, Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarına əsasən iddiaçının mərhum atası X5 Ləhiş bağ massivində DSK-27-də bağ sahəsi ayrılmışdır. İddiaçının mərhum atası vəfat etdiyindən, o vərəsəsi kimi, mərhum atasına məxsus hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir.

28. Cavabdeh tərəfindən iddiaçının mərhum atasına bağ sahəsinin ayrılması barədə sərəncamı mübahisələndirmişdir.

29. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir:

1. İdarənin arxivində hüquq sahibinin adına X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin, qərarda bağ sahəsinin nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır.

2. Bundan əlavə, təqdim edilən sənədlər mərhumun adınadır, lakin vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmamışdır.

30. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

31. Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarına əsasən iddiaçının mərhum atası X5 Ləhiş bağ massivi DSK-27-də ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməsə də, məhkəmə araşdırması zamanı aidiyyəti qurumlara göndərilmiş çoxsaylı sorğular əsasında əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum atası M.Əkbərovun adı Bakı şəhər XDS İKnin xx.xx.1988-ci il tarixli 9/549 saylı qərarına əlavə edilmiş Ləhiş 27 saylı BTK üzvlərinin siyahısında mövcuddur. 27 saylı BTK-nın təsdiq edilmiş yerləşmə planına əsasən BTK-da ayrılmış torpaq sahələrinin ölçüsü 0.12 ha (12 sot) olmuşdur. İş üzrə alınmış mütəxəsiss rəyində göstərilmiş koordinatlara əsasən isə iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsinin nömrəsinin sxematik xəritəyə əsasən 4099 a olması, həmçinin bağ sahəsinin faktiki ölçüsünün 1148.0 kv.m olması müəyyən edilmişdir. İddiaçı tərəfindən bağ sahəsinin müəyyən edilmiş faktiki ölçüsünə və nömrəsinə etiraz edilməmişdir. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş etiraz və ya imtina məktubunda bu hala istinad edilməsə də, məhkəməyə təqdim edilmiş mütəxəsiss rəyində torpaq sahəsinin mübahisəli olmasına istinad edilsə də, məhkəmə araşdırması zamanı bu halı təsdiq edəcək hər hansı bir sübut (hər hansı bir fiziki şəxsin müraciəti, həmin bağ sahəsinə dair hər hansı bir fiziki şəxsə verilmiş hüquqmüəyyənedici sənəd və s.) təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin özü tərəfindən təqdim edilmiş BTK-nın qovluğundakı sənədlərə əsasən 4099 a saylı bağ sahəsinin hər hansı bir üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdehin digər dəlili olan vərəslik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubunun olmaması ilə bağlıdır ki, hazırki qərarın 11-ci bəndində göstərilmiş sənədə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən 22 sentyabr 2021-ci il tarixli məktubla X4 vərəsələri barədə məlumat cavabdehə təqdim edilmişdir.

32. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının mərhum atasına məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

33. Eləcə də, məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin halları üzrə cavabdehin imtinasının əsasları, elə cavabdehin özü tərəfindən araşdırıla bilərdi. Belə ki, işin hallarından göründüyü kimi, məhkəmənin hazırki nəticəyə gəlməsinə əsas verən bütün dəlillər məhz cavabdehin özündən əldə edilmiş məlumatlar nəticəsində toplanılmışdır. Halbuki, cavabdehin özü “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

37. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (çıxarış) verilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

39. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

40. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

41. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148.0 kv.m təşkil edən 4099 a saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X5) məxsus olması barədə arayışın (çıxarışın) və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar