Məhkəmə qərarları › İş №2-1(112)-434/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-434/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-434/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə iclasının xx.xx.2014-cü il tarixli, 04 saylı protokolunun 08 saylı qərarına əsasən 220 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 08 may 2014-cü il tarixli 97 nömrəli səramcamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hazcıyev küçəsində yerləşən 220 kv.m. torpaq sahəsi Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 38/06 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 adına sənədləşdirilmiş və həmin torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2inz(81)- 1089/2014 saylı qərarı əsasında M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilmiş 08/01 saylı, xx.xx.2014-cü il tarixli qərarla vətandaş İddiaçı adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş texniki mərtəbəsi olan iki mərtəbəli fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən işlənilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 97 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hazcıyev küçəsində yerləşən 220 kv.m. torpaq sahəsi Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 38/06 saylı. xx.xx.2007-ci il tarixli 08/01 saylı Qərarı ilə İddiaçı 0.022 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hazcıyev küçəsində yerləşən M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 38/06 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 mülkiyyətinə verilmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin № 2inz(81)-1089/2014 nömrəli xx.xx.2014-cü il tarixli, qərarına əsasən vətandaş İddiaçı adına sənədləşdirilmiş 220 kv.m torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi qanuna müvafiqdir. Qeyd olunanlarlı nəzərə alaraq iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək məqsədi ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 215 kv.m təşkil edir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin bildiririk ki, təqdim olunan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 08/01 nömrəli qərarından çıxarış xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1089/2014 nömrəli, xx.xx.2014cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 38/06 saylı, xx.xx.2007-ci il tarixli qərarında dəyişiklik edilərək, X2 ayrılmış 220 kv.m torpaq sahəsinin X3 adına sənədləşdirilməsi Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Bələdiyyə iclasının xx.xx.2014-cü il tarixli, 04 saylı protokolunun 08 saylı” xx.xx.2014-cü il tarixli, 08/01 nömrəli qərarından çıxarış ilə aşağıdakılar qərara alınmışdır: ünvan 1 ünvanında yaşayan iddiaçı X1 cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “bələdiyyə tərəfindən adına verilmiş xx.xx.2007-ci il tarixli, 38/06 saylı qərara dəyişiklik edilərək, qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 220 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi”nə dair iddia tələbi ilə bağlı inzibati iş üzrə 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin çıxardığı və qanuni qüvvəsini almış İş № 2 inz(81)-1089/2014, xx.xx.2014cü il tarixli qərarının icrası təmin olunsun. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş № 2 inz (81)-1089/2014, xx.xx.2014cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38/06 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə vətəndaş X1 mülkiyyətinə ayrılmış 220 kv.m. torpaq sahəsi eyni təyinatla Ağdam şəhəri, Papravənd kəndində pasport qeydiyyatında olan vətəndaş İddiaçı adına sənədləşdirilsin. M.Ə.Rəsuzadə bələdiyyəsinin vətəndaş Ə.Ş.Ağayevin adına verdiyi xx.xx.2007-ci il tarixli, 38/06 saylı qərarı qüvvədən düşmüş hesab edilsin. M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 220 kv.m. torpaq sahəsinin alqı-satqısı üçün seriya BƏÜ № 324441, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən vətəndaş Ə.Ş.Ağayev tərəfindən bələdiyyə büdcəsinə ödənilmiş 5500,00 (beş min beş yüz) AZN pul vəsaiti vətəndaş İddiaçı adına hesab edilsin. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1089/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarının icrası ilə əlaqədar sözügedən torpaq sahəsi iddiaçıya ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 97 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı istifadəsində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 220 kv.m. torpaq sahəsində (Qərar: 08/01; xx.xx.2014) təqdim edilmiş layihə ("xxxx" MMC-nin işi) əsasında inşa edilmiş texniki mərtəbəsi olan iki mərtəbəli fərdi yaşayış evi (Texniki mərtəbə: giriş - 7.7 m2, qaraj - 55.96 m2, p/q - 7.38 m2, kombi otağı - 2.72 m2, anbar - 2.38 m2; 1 mərtəbə: giriş - 7.2 m2, eyvan - 2.0 m2, p/q - 7.38 m2, s/q - 3.91 m2, anbar - 1.70 m2, mətbəx — 15.2 m2, qonaq otağı - 39.4 m2; İİ mərtəbə: dəhliz - 13.0 m2, eyvan - 2.64 m2, p/q - 7.38 m2, s/q - 5.95 m2, yataq/o - 14.30 m2, yataq/o - 12.60 m2, uşaq yataq/o - 10.2 m2, yataq/o - 12.60 m2) ilkin hüquqi qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********82 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi çoxbucaqlı olmaqla mişar daş hasarla sərhədlənmişdir. Faktiki sahəsi 215.0 kv.m təşkil edir. Üzərində 1 ədəd ikimərtəbəli(kürsülü) yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda cizgidə istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək tərəfimizdən mümkün olmamışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Hazırki işin hallarından göründüyü kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamasına istinad etmişdir. Bununa münasibətdə Məhkəmə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edir. Qanunun: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Məhkəmə ilk növbədə torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsinə məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, plan – ölçünün hazırlanması və s. torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid məsələdir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi, o cümlədən müvafiq rəylərin alınması inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası qismində çıxış edə bilməz. Məhkəmə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması barədə məlumatın aşkar edilməməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının adına ayrılması birbaşa qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilmişdir. Konkret olaraq, iş materiallarından aydın olur ki, mübahisəli torpaq sahəsi ilkin olaraq X2 ayrılmış, lakin sonradan 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-1089/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı əsasında həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi öhdəliyi Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə olunmuşdur. Bələdiyyə isə məhkəmə qərarının icrası çərçivəsində iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Məhkəmə, habelə, qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı hüquqi qüvvəyə minmiş məhkəmə aktıdır və bu qərar digər məhkəmələr və inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Hüquq sistemində məhkəmə qərarlarının preyudissial qüvvəsi onların hüquqi münasibətlərin sabitliyini təmin etməsinə xidmət edir və məhz bu səbəbdən maddi hüquq normaları ilə təsbit olunmuş faktlar və hüquqi qiymətləndirmələr gələcək hüquqi mübahisələr üçün əsas götürülməlidir. Bu nöqteyi nəzərdən Məhkəmə hesab edir ki, nə qədər ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-1089/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı qüvvədən düşməmiş və ya ləğv edilməmişdir, Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi üçün həmin məhkəmə qərarı məcburi xarakter daşımışdır. Buna əsasən, Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə verilmiş qərar, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün tam hüquqi əsas təşkil edir. Lakin, məhkəmə hesab edir ki, iddia torpaq sahəsinin hansı ölçüsü ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyatı hissəsində qismən təmin edilməli, cavabdehin bir hissədə imtinasının qanuniliyi tanınmalıdır. Belə ki, sənəd üzrə 220 kv.m torpaq sahəsi ayrılsa da, iş materiallarından görünür ki, faktiki olaraq torpaq sahəsinin ölçüsü 215 kv.m təşkil edir. Bu səbəbdən də iddiaçı 0,022 ha torpaq sahəsinə münasibətdə yox, məhz 0,0215 ha torpaq sahəsinə münasibətdə iddianı irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 04 saylı iclasının protokolunun 08 saylı qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin 215 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar