Məhkəmə qərarları › İş №2-1(112)-4340/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4340/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4340/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının illər üzrə inflyasiyaya uyğun yenidən hesablanaraq, yeni məbləğin təyin edilməsi, və ödənilməmiş son üç ilin fərq məbləğinin birdəfəlik verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın düzgün hesablanmaması səbəbindən cavabdehə müraciət edib, pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. 2006-cı ilə qədər olan stajından 10 ay kəsilərək, müəyyən məbləğ azaldılıb. Səbəb də, o olmuşdur ki, iddiaçı Rusiya Federasiyasının şirkətində işləmişdir. Hər bir xarici şirkət Azərbaycanda işləmək üçün Ədliyyə Nazirliyinin qeydiyyatından keçir. Həmin müddət o, Heydər Əliyev adına Dərin Özülləri zavodunda işləmişdir və Azərbaycan Respublikasının qanunlarına əsasən vergi ödəyicisi olmuşdur. Əsas da odur ki, 2006-cı ilə qədər olan stajın 1 ilinə 2 manat 27 qəpik verildiyi halda 10 aya 7 manat 52 qəpik kəsilərək 67 manat 40 qəpikdən 59 manat 88 qəpiyə endirilib. xx.xx.2006-cı ildə ona 334 manat pensiya təyin olunub. Həmin ilin inflyasiyası 12.4% olduğu halda 2017-ci ildə ona 370 manat pensiya verilməli olduğu təqdirdə verilməyib. Buna dair müvafiq bank çıxarışını da iddia ərizəsinə əlavə etmişdir. Qanunun da tələbinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunan gündən qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. O, pensiyaya çıxarkən sığorta hissəsi 37663 manat olduğu halda ona 23068 kimi qeyd olunur və buna müvafiq olaraq pul hesablanır. 20 sentyabr 2023-cü ildə yazılı şəkildə yenidən müraciət edib, şikayətini bildirsə də, heç bir nəticəsi olmamışdır. 2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli imtina cavabı verilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən Fondun Bakı səhəri Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sosial sığorta stajı 26 il 03 ay 14 gün təşkil edir. Onun xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 31,04 manat (26,29 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2016-cı il tarixə indeksləşdirilib 59,88 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23068,80 manat sığorta kapitalına uyğun 160,20 manat (23068.80:144) və baza hissəsi (110,00 manat) əlavə edilərək 330,08 manat (160,20+59,88+110,00 (indeksləşdirilərək və sonrakı yenidən hesablanmalar nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə 522,56 manat)) ödənilməli olduğu halda, səhvən xx.xx.2016-cı il tarixə 334,01 manat (indeksləşdirilərək və sonrakı hesablamalar nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə 523,40 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2022-ci il tarixdə işdən çıxması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 19935,75 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (19935,75:75 ay ((144 ay-69 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı))=265,81 manat) əmək pensiyası tərəfimizdən xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq həmin tarixə 522,56 manatdan 788,37 manata (522,56+265,81=788,37 manat) artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş 12,46 manat məbləğində pul vəsaiti müəyyən olunub. Həmin 12,46 manat pul vəsaiti 2023-cü ilin sentyabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa olunub. Əlavə olaraq, iddiaçının xx.xx.2024-cü il tarixə pensiya məbləği 1026,79 manat təşkil edir. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi sosial sığorta stajı 26 il 03 ay 14 gün təşkil edir. Belə ki, sözügedən dövrə xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət illəri, xx.xx.1981-ci il tarixdən xx.xx.1982ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr aiddir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövr mübahisələndirilən sosial sığorta stajını təşkil edir. Belə ki, sözügedən dövrdə iddiaçının işlədiyi müəssisə Dağıstan Respublikası (Rusiya Federasiyasında) ərazisində yerləşdiyindən və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İnzibati Saziş olmadığından sözügedən dövr sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixdə isə Rusiya Federasiyasında ratifikasiya edilməsinə baxmayaraq, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona əmək pensiyası təyin edilməsi üçün Rusiya Federasiyasının ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməsini (Rusiya Federasiyasının ərazisində qazandığı staja istinadla) tələb edə bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-524/2024 nömrəli qərarı) Əlavə olaraq, iddiaçının mübahisələndirilməyən güzəştli is stajı isə 13 il 6 av 23 gün təşkil edir. Sözügedən dövrə xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan illər daxil edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın və ona əlavənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, iddiaçının pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq 523,40 manatdan 787,71 manat məbləğə qaldırılmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-17066/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, iddiaçının pensiyası yenidən hesablanaraq 922,61 manatdan 923,37 manat məbləğə qaldırılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü məktubunda qeyd edilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 59743,64 manat təşkil edir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan redaksiya) 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2019-dan qüvvədə olan redaksiya) 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İlk növbədə qeyd edilməlidir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Bu mexanizm əmək pensiyalarına da şamil edilmişdir. Əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi ilə tənzimlənir. İş materiallarından müəyyən edilir ki, iddiaçının ötən dövrlər üzrə ödənilməli olan pensiyası onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmiş məbləğinə uyğun hesablanmış və ödənilməkdə davam edir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövr mübahisələndirilən sosial sığorta stajını təşkil edir. Belə ki, sözügedən dövrdə iddiaçının işlədiyi müəssisə Dağıstan Respublikası (Rusiya Federasiyasında) ərazisində yerləşdiyindən və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İnzibati Saziş olmadığından sözügedən dövrün sosial sığorta stajına daxil edilməməsində cavabdeh haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması və s.” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar