Məhkəmə qərarları › İş №2-1(112)-4341/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4341/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4341/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 06 nömrəli, 17.02.2000-ci il tarixli əmri ilə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə sxeminincizgisinin tərtib və təsdiq edilərək ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X6 X1 06 nömrəli, 17.02.2000-ci il tarixli əmri ilə ona Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan da, torpaq sahəsinin ətrafı tərəfindən daş hasara alınmaqla, içərisində bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi inşa edilmişdir ki, hal-hazırda o, ailəvi olaraq həmin evdə yaşayır. Sərəncama əsasən ona torpaq sahəsi ayrılan zaman, həmin sahənin yerləşmə sxeminin-cizgisinin tərtib edilərək ona verilmədiyindən, torpaq sahəsinin ayrıc aktı-sxemi Abşeron rayon Dövlət Arxivində də, olmadığından, həmçinin, əvvəllər Abşeron rayonunun ərazisinə daxil olan torpaqların sonradan yerləşdiyi ərazi üzrə, rayon İcra Hakimiyyətlərinin idarəetməsinə verildiyindən, o, məsələ ilə bağlı aidiyyəti üzrə dəfələrlə, rəsmi ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin, Bakı şəhəri Cavabdeh 10 fevral 2021-ci il tarixli məktubu ilə “torpaq sahəsinin Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə Dövlət Damazlıq Kənd X1 06 nömrəli, 17.02.2000-ci il tarixli əmri ilə ayrıldığı əsas gətirilərək, həmin torpaq sahəsinin yerləşmə sxeminin tərtibi və təsdiqi ilə bağlı ona Abşeron rayon İcra Hakimiyyətinə müraciət etməsi bildirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir. Ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq dilərək cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən ona verilmədiyindən o, qanun əsaslarla ayrılmış torpaq sahəsi və eləcə də, həmin sahədə tərəfindən inşa edilmiş fərdi yaşayış evi üzərində öz mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir. Hesab edir ki, torpaq sahəsinin yerləşmə sxeminin tərtib və təsdiq edilməklə ona verilməsinə dair cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 06 nömrəli, 17.02.2000-ci il tarixli əmri ilə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək ona verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 73.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddələrinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, qeyd edilən ərazidə yerləşən torpaq sahəsini nə Cavabdeh, nədə ki, onunla bilavasitə qarşılıqlı əlaqəda ola qurum ayırmamışdır. İddiaçı yerləşmə sxemini tələb etdiyi torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 12.01.1995-ci il tarixli srəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 06 nömrəli, 17.02.2000-ci il tarixli əmri ilə ayrılmışdır. Torpaq sahəsini hansı təşkilat ayırmışsa, ona cizgi planın verilməsi səlahiyyəti həmin təşkilata aiddir, əgər həmin təşkilat ləğv edilibsə, həmin təşkilatın hüquqi varisi tərəfindən həyata keçirilir. Əgər həmin təşkilatın hüquqi varisi normativ hüquqi akt qəbul etmək səlahiyyətində deyilsə, yuxarı orqana müraciət etmək lazımdır. Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşmə sxemi vermək səlahiyyətləri olmadığı üçün İddiaçı iddia tələbi mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü və 3.08.29-cu maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və veirlməsini təmin etmək vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xidməti vəzifələrinə aiddir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış M-75-091 nömrəli, 10 fevral 2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının İcra Hakimiyyətinə daxil olmuş M-75-091 saylı, 02.02.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, ərizəsində qeyd etdiyi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi Abşeron rayonu S.Əliyev adına Südçülük- Maldarlıq üzrə X6 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrinə əsasən ayrıldığından, həmin torpaq sahəsinin yerləşmə sxeminin tərtibi və təsdiq edilməsi ilə bağlı o, Abşeron rayon İcra Hakimiyyətinə müraciət etməlidir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-432 nömrəli, 19.02.2020-ci il tarixli, Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 nömrəli, 12 yanvar 1995-ci il tarixli, “Ramana südçülük sovxozuna fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında” sərəncamından çıxarışdan görününür ki, həmin sərəncamın 1-ci bəndinə əsasən torpaqların verilməsi mexanizmi hazırlanana kimi torpaq sahələrinin ayrılması Abşeron rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətinə verilməsi haqqında Abşeron rayon X4 11 aprel 1992-ci il tarixli on üçüncü çağırış Dördüncü sessiyasının qərarı nəzərə alınaraq, sərəncamın 2-ci bəndinə əsasən Ramana südüçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə vermək üçün hər ailəyə 0.10 ha hesabı ilə 150 ailəyə 15 ha həyətyanı, 4.8 ha küçə və yollar altına, cəmi – 19.8 ha həyətyanı torpaq fondu ayrılması haqqında tərtib edilmiş ilkin sənədlər təsdiq edilmiş, o cümlədən: dinc yerində - 3.9 ha, örüş yerində - 8.3 ha, k/t-a yararsız torpaqlardan – 7.6 ha. Sərəncamın 3-cü bəndinə əsasən sovxozun rəhbərliyi seçilmiş torpaq sahəsinə əsasən baş plan tərtib etdirib, əlaqədar təşkilatlar tərəfindən təsdiqinə nail olunsun. Vəətndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi baş plana əsasən ayrılmışdır. Sərəncamın 4-cü bəndinə əsasən torpaq paylanmamışdan əvvəl sovxoz tərəfindən həmin sahələrin yeraltı və yerüstü kommunikasiyalarını öyrənsin və əlaqədar təşkilatlardan mübsət rəylər alınmasını təmin etsin. Sərəncamın 5-ci bəndinə əsasən torpaq sahələri Ramana südçülük soxvozunda yaşayan, adına ev və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, növbəlik əsasında, müvafiq qaydada sənədləşdirməklə sovxozun əmri ilə paylanılsın. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F- 432 nömrəli, 19.02.2020-ci il tarixli “Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X2” 06 nömrəli, 17 fevral 2000-ci il tarixli əmrindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına Müəssisə Həmkarlar Komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq, fərdi ev tikmək üçün İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********27 nömrəli, 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı şəhəri ərazisndə istifadəsində olan 0.06 ha torpaq sahəsinin hansı rayona aid olunmasına dair məlumatların verilməsi brədə 07.05.2021-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində aidiyyəti üzrə baxılaraq bldirilmişdir ki, elektron baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin inzibati ərazisində yerləşməklə Bakı şəhərinin istifadəsindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 nömrəli, 12 yanvar 1995-ci il tarixli “Ramana südçülük sovxozuna fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında” sərəncamına və Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 06 nömrəli, 17 fevral 2000-ci il tarixli əmrinə əsasən İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli, 12 yanvar 1995-ci il tarixli sərəncamının və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə müvafiq olaraq, sovxozun əmri ilə paylanılmışdır. Sözügedən sərəncam və soxvozun əmri hazırda qüvvədə olmaqla, bir nüsxəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində mövcuddur. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə, qərardan irəli gələn məsələlərin həlli ilə bağlı hərəkətlərin edilməsinə dair cavabdehə müraciətlər etsə də, sonuncu tərəfindən bugünədək torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilməmişdir. İmtinaya əsas kimi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi Abşeron rayonu S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X6 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrinə əsasən ayrıldığından, həmin torpaq sahəsinin yerləşmə sxeminin tərtibi və təsdiq edilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etməli olması göstərilmişdir. Halbuki, sözügedən torpaq sahəsi hazırda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinin inzibati ərazisində yerləşir. Lakin, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olmuş 1970-ci il 7 iyul tarixdə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Eləcə də, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, istər Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin normalarında və torpaq sahəsi ayrılması barədə qərarda, istərsə də, hazırda qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 06 nömrəli, 17.02.2000-ci il tarixli əmri ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar