Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4345/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, X2nun, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı – X3 (yaşayış yeri: Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, mənzil 161) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, H.Əliyev prospekti, 115) üçüncü şəxs– Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Bakı şəhəri, S.Vurğun küçəsi, 135) qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi və həmin vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, hazırkı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəfələrlə müraciət edərək, artıq ödədiyi 5.120,29 manat vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh artıq ödənilmiş məbləğin qaytarılmasından müxtəlif bəhanələrlə imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən onun xx xxxx 2019-cu il tarixli ərizəsinə x xxxx 2019-cu il tarixli **********561200 nömrəli məktubla, x xxxx 2019-cu il tarixli ərizəsinə xx xxxx 2019-cu il tarixli **********447200 nömrəli məktubla, x xxxxxx 2019-cu il tarixli ərizələrinə xx xxxxxx 2019-cu il tarixli **********754100 nömrəli və xx xxxxxx 2019-cu il tarixli **********134700 nömrəli məktublarla, x xxxxxxxx 2019-cu il tarixli ərizəsinə xx xxxxxxxx 2019-cu il tarixli **********333900 nömrəli məktubla, x xxxxxxx 2019cu il tarixli ərizəsinə xx xxxxxxx 2019-cu il tarixli **********111700 nömrəli məktubla, xx xxxx 2020-ci il tarixli ərizəsinə xx xxxx 2020-cu il tarixli **********385900 nömrəli məktubla cavab verilmişdir. Cavabdehin hər bir cavab məktubunda məsələnin həllindən müxtəlif əsassız bəhanələr gətirilməklə imtina olunmuşdur. AR Vergi Məcəlləsinin 87.3-cü maddəsinin, «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 1.2.1, 4.1.3, 4.8, 4.9-cu bəndlərinin tələblərinə əsasən artıq ödənilmiş məbləğlərin geri qaytarılması ilə birbaşa məşğul olan vergi orqanlarıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.4, 32-ci maddələrinin tələblərindən də görünür ki, sahibkarlıq fəaliyyəti üzrə hesablanmış, ödənilmiş vergilər, artıq ödənilmiş vergilər barədə uçot vergi orqanı kimi Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsi tərəfindən aparılmalıdır və həmin uçot aparılaraq şəxsi hesab vərəqəsi üzrə müvafiq qeydiyyatlar edilir. AR Vergi Məcəlləsinin 59.3-cü maddəsinə görə müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Artıq ödənilmiş 5.120,29 manat məbləğin qaytarılması üçün o (iddiaçı), ilkin olaraq xx xxxx 2019-cu il tarixdə müraciət etmişdir. Artıq ödənilmiş məbləğ vergi orqanı tərəfindəın qaytarılmadığına görə gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğdə əlavə faiz məbləği qaytarılmalıdır. Ərizə verildiyi gündən xx xxxx 2020-ci il tarixədək 294 gün keçmiş, 45 gün nəzərə alınmaqla 249 gün üçün əlavə faiz 1.274,95 manat qaytarılmalıdır. Göstərilənlərə və İPM-in 13, 34, 38-ci maddələrinə əsaslanaraq, 5.120,29 manat artıq ödənilmiş vergi məbləğinin həmin məbləğin 45 gün müddətində geri qaytarılmamasına görə 1.274,95 manat faiz məbləğinin iddiaçıya qaytarılması barədə rəyin verilməsi və vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməsinin sərəncamına uyğun olaraq iddia ilə bağlı təqdim olunmuş məktubunda aşağıdakılar bildirilmişdir: - İddia ərizəsində qeyd edilənlərə İPM-in 1.2, 47, 48-ci maddələrinə əsasən etiraz olunur. Məlum olmuşdur ki, vergi ödəyicisi X6 “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” xx xxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli, x xxxxxx 2019-cu il və x xxxxxxxx 2019-cu il tarixli ərizələrlə müraciət edərək 5.120,29 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədə artıq ödəmənin növünün, tədiyyə kodlarının, ödənilmə tarixinin, artıq ödəmənin yaranma səbəbinin və eyni zamanda VÖEN-in düzgün əks olunmadığı müəyyənm edilmiş və bu barədə vergi ödəyicisinə müvafiq olaraq x xxxx 2019-cu il tarixli **********5561200 nömrəli, xx xxxx 2019-cu il tarixli **********447200 nömrəli, xx xxxxxx 2019-cu il tarixli **********754100 nömrəli və xx xxxxxxxx 2019-cu il tarixli **********333900 nömrəli məktublarla məlumat verilmişdir. Vergi ödəyicisi qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra x xxxxxxx 2019-cu il tarixli **********110800 nömrəli dürüstləşdirilmiş ərizə ilə müraciət etmiş, lakin müraciətdə qaldırılan məsələ məhkəmə baxışının predmeti olduğu və xx xxxxxxxx 2014-cü il tarixdə ödənilmiş 5.120,29 manat artıq ödəmənin tələb etmə müddəti keçdiyi üçün müraciətin icrası mümkün olmamışdır. Bu barədə iddiaçıya xx xxxxxxx 2019-cu il tarixli **********111700 nömrəli məktubla məlumat verilmişdir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 16.1.6, 23.1.2, 24, 36.2, 85.5, 87.3, 87.4-cü maddələrinə, MPM-in 76.1-ci maddəsinə, «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın müddəalarına əsalanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmənin qərardadı ilə iddia “artıq ödənilmiş vergi məbləğinin iddiaçıya qaytarılması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən X2 iddia ərizsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazından məlum olur ki, vergi ödəyicisi olan hazırkı X2nun 5.120,29 manat məbləğində artıq ödədiyi vergi məbləğinin mövcudluğu təsdiqini tapır. İddiaçının da müvafiq müddət, yəni 5 il müddət keçməmiş aidiyyəti vergi orqanı kimi hazırkı cavabdehə müraciət etməsi təkzib olunmur. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə” müraciətinə baxaraq, əvvəlcə iddiaçıya müraciətin müvafiq formaya uyğunlaşdırılması, yəni müvafiq məlumatlar əks olunmaqla yenidən müraciət edilməsini tövsiyə etmiş, sonradan iddiaçının növbəti müraciəti üzrə isə, müvafiq müddətin keçməsini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinin tələblərinə istinadən mübahisənin məhkəmə müstəvisinə keçdiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahsələndirir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»nin: - (3.0.6) Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək; - (3.0.7) vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək; - (3.0.8) hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X8 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Məhkəmə işin hallarını sadalanan normalar baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçının “artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması barədə” müraciətini əvvəlcə müvafiq formada və məzmunda tərtib olunmaması, sonradan isə tələb etmə müddətinin keçməsi və işə artıq məhkəmə icraatında baxılması səbəbi ilə təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müraciəti elə vaxta təsadüf edir ki, həmin tarixdə iddiaçı qanunla müəyyən edilmiş tələb etmə müddətini ötürməmişdir. Onun müraciətinin forma və məznunundakı çatışmazlıqlar isə, hətta mövcud olsa da, formal xarakterli xüsusatlardır və qaldırılan məsələnin müsbət həllindən imtina üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 72.4-cü maddəsinə əsasən bu fəslin (maddə 71 – 80) müddəaları inzibati qaydada verilən şikayətlərə şamil edilir. Göründüyü kimi, həmin Qanunun 72.2-ci maddəsinin tələbləri iddiaçının müraciəti üzrə inzibati icraatda qaldırılan məsələnin həllinə deyil, imtinadan verilən inzibati şikayətə münasibətdə tətbiq oluna bilər. Həmçinin nəzərə alınmalıdır ki, vergi orqanları hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək, eləcə də həmin vergilərin uçotunu aparmaq vəzifəsi daşıdığından, artıq ödənilmə kimi geri tələb olunan məbləğlə bağlı xüsusatların (hansı növ vergi olması, hansı tarixdə ödənilməsi və s.) müraciətdə göstərilməməsini səbəb gətirərək həmin məsələnin həllindən imtina etməkdə haqlı sayıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X2nun“artıq ödənilmiş vergilərin qaytarılması barədə” müraciətinin təmin edilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. İddia tələbinin “artıq ödənilmiş vergi məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər gün üzrə 0,1% ödənilməsi” məsələsinə gəldikdə isə, məhkəmənin mövqeyi belədir ki, artıq ödənilmiş məbləğ hal-hazıradək qeri qaytarılmadığından, 0,1% günlük faiz məbləği qeyri-müəyyəndir. Həmin məsələyə müvafiq artıq ödəmə geri qaytarıldıqdan (bütövlüklə və ya hissə-hissə) sonra, gecikmənin günü və faiz məbləği aydınlaşa bilər. Odur ki, məhkəmə iddianı həmin hissədə əsaslı saymır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, X1 artıq ödənilmiş 5.120,29 manat vergi məbləğinin qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. X1 artıq ödənilmiş 5.120,29 manat vergi məbləğinin qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4345/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4345/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver