Məhkəmə qərarları › İş №2-1(112)-4346/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4346/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4346/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “inşa edilmiş əmlak kompleksində olan yeni tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22 ünvanında yerləşən əlavə inşa edilmiş əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində cəmiyyətin adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-4346/2021 saylı 13.04.2021-ci il tarixli qərardadı ilə “xxxx” MMC hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22 ünvanında yerləşən və İddiaçı MMC tərəfindən inşa edilmiş və faktiki sahəsi 4.000 (dörd min) kv.metrlik tikililərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində Cəmiyyətin adına dövlət qeydiyyatına almasına, iddiaçıya yeni tikililərə dair mülkiyyət hüququ haqqında çıxarışın və əmlak kompleksi kimi müəssisəyə yeni texniki pasportun təqdim edilməsinə dair öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra “Cəmiyyət” adlandırılacaq) 30 oktyabr 2006-cı il tarixində ********** (əvvəlki qeydiyyat nömrəsi: 0106- P266-47044) saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas məqsədi tikinti işlərinin həyata keçirilməsi və daşınmaz əmlakın icarəyə verlməsindən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 287 saylı 22 iyul 2009-cu il tarixli torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında sərəncamına əsasən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 21 iyul 2009-cu il tarixli 5/655 saylı razılıq məktubu və İddiaçı MMC-nin 29 iyun 2009-cu il tarixli, 6 saylı müraciəti nəzərə alınaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda, Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gedən yolun şimal-şərq hissəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərarlaşdırılmışdır. İddiaçı MMC tərəfindən qeyd edilən ərazidə 2012-ci il tarixindən etibarən müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin tikintisi həyata keçirilmişdir. Həmin tikililərin bəziləri zamanında istismara qəbul edilmiş, həmin tikililərə müxtəlif vaxtlarda mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Həmin tikililərə mülkiyyət hüququ haqqında reyestrdən çıxarış verilərkən bəzi tikililər yarımçıq tikili olduğu üçün həmin tikililərə mülkiyyət hüququ haqqında çıxarış verilməmiş, həmin tamamlanmamış tikililər Cəmiyyətin adına verilmiş əmlak kompleksi kimi müəssisənin texniki pasportunda yarımçıq tikili kimi qeyd olunmuşdur. Hal-hazırda həmin tikililərin tikintisi başa çatdırılmış, istismara tam yararlı vəziyyətdədir. Cəmiyyət tərəfindən cavabdeh orqana müraciət edilərək Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22 ünvanında yerləşən əlavə inşa edilmiş əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istənilmişdi. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən **********13 saylı 03 fevral 2021-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22 ünvanında yerləşən əlavə inşa edilmiş əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 12 yanvar 2021-ci il tarixli ********** saylı ərizəyə baxıldığı, əmlak kompleksində əlavə inşa edilmiş tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Bildirmək istəyirik ki, həmin tikililərin inşa edilməsinə 2013-cü ildən əvvəl başlansa da Cəmiyyətə 2014-cü ildə verilmiş daşınmaz əmlakın texniki pasportunda həmin tikililər yarımçıq tikili kimi qeydə alınmış, tikililərin başa çatdırılması 2013-cü ildən sonrakı dövrə təsadüf etmişdir. Cavabdeh orqan tərəfindən Cəmiyyət tərəfindən tikintisi başa çatdırılmış qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ haqqında reyestrdən çıxarışlarının verilməsindən imtina edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh orqan tərəfindən Cəmiyyət tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinin imtina səbəbi kimi göstərilməsi anlaşılan deyildir. Yəni, cavabdeh orqan Cəmiyyətin təqdim etdiyi sənədlər arasında hansı hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını göstərməmişdir. Bu səbəbdən hesab edirik ki, Cəmiyyət tərəfindən imtina cavabı verilərkən tikintisi tamamlanmış qeyri-yaşayış sahələrinin hansı hüquqmüəyyənedici sənədlərini təqdim edilməli olduğu və ya ən azından hansı sənədlərin təqim olunmadığı imtina məktubunda qeyd edilməli idi. Halbuki, tikintisi tamamlanmış qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi üçün bütün müvafiq sənədlər reyestr orqanına təqdim olunmuşdu. 13 avqust 2020-ci il tarixli 003861 saylı istismara hazırlıq aktı ilə obyektdə tikinti-quraşdırma işlərinin, Sifarişçi tərəfindən texniki nəzarətin, Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, Layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə 12.01.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, əmlak kompleksində əlavə inşa edilmiş tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, müraciət olunan ərazinin bir hissəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilmiş, dövlət mülkiyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu barədə iddiaçıya **********13 saylı, 03.02.2021-ci il tarixli məktub ünvanlanmışdır. Sözügedən əmlak kompleksi X5, X8, X11, İddiaçı, X6, X7, X9, X3, X10 paylı mülkiyyətindədir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış 3-cü şəxs, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22.07.2009-cu il tarixli № 287 saylı sərəncamının surətindən görünür ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 21.07.2009-cu il tarixli, 5/655 saylı razılıq məktubu və İddiaçı MMC-nin 29.06.2009-cu il tarixli, 62 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda, Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gedən yolun şimalşərq hissəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 5.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. -13 avqust 2020-ci il tarixli № Ö/003861 saylı istismara hazırlıq aktının surətindən görünür ki, obyektdə tikinti-quraşdırma işlərinin, Sifarişçi tərəfindən texniki nəzarətin, Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, Layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş istifadəyə (icarəyə) verilən torpaq sahəsinin № 09/90 İş № 08/i-307 saylı 29.07.2009-cu il tarixli ayrıc aktının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22.07.2009-cu il tarixli 287 saylı sərəncamı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedən yolun şimal-şərq hissəsində cizgidə göstərilən sərhədlər daxilində 5.000.0 (beş) hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı MMC-yə verilibdir, ayrılmış torpaq sahəsinin cizgisi ayrıc aktına əlavə edilmişdir. -“İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi ilə “İcarəçi” İddiaçı MMC arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 11.05.2016-cı il tarixli № 203 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin direktorunun 11.05.2016-cı il tarixli, 25 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu 22 ünvanındakı 53841.7 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün illik 21536.68 manat; aylıq icarə haqqı 1794.72 manat olmaqla İddiaçı MMC-yə icarə verilmişdir.Bu müqavilə üzrə icarə müddəti 11.05.2016-cı il tarixdən 04.06.2059-cu il tarixədək müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22 ünvanında ümumi sahəsi 6567,8 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilərək İddiaçı adına 16 nömrəli reyestr kitabının 1515 nömrəli vərəqində qeydiyyata alınmışdır. -18.03.2014-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş pasportdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçınə invertar nömrəsi: 11/701, reyestr nömrəsi: **********95-12301 nömrəsi ilə texniki pasport verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş 18.03.2014-cü il tarixli № 11/701 saylı texniki pasportda müəssisəsnin baş planının surətindən görünür ki, bina və qurğuların adı, sahəsinin təsnifat hissəsində tikililər barədə məlumat qeyd edilmişdir. Həmin məlumatdan görünür ki, A. İnzibati bina 2387.4 kv.m, B. Soyuducu anbar binası 1077.3 kv.m, C. Soyuducu anbar binası 1077.3 kv.m, D. Ticarət sahəsi 710.0, E. Ticarət sahəsi 1942.6 kv.m, F. Tərəzi binası 78.6 kv.m, G Soyuducu anbar binası 1717.0 kv.m, H. Qəssabxana 400.0 kv.m, İ. Tərəzi qurğusu 114.8 kv.m, İİ.Yarımçıq tikili 3226.2 kv.m, İİİ Yarımçıq tikili 1716.5 kv.m İV Daş hasar L-125.8m:b 0.40 m 50.3 kv.m. Ümumi tikilialtı sahə: 16010.6 m2 9390.2 6620.4. Açıq torpaq sahəsi: 43929.3 m2. Ərazinin ümumi torpaq sahəsi: 59939.9 m2. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanan 03.02.2021-ci il tarixli № **********13 saylı imtina məktubunun surətindən görünür ki, əmlak kompleksində əlavə inşa edilmiş tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8- ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 ünvanında yerləşən 53841,7 m2 torpaq sahəsi İddiaçı MMC-yə icarə müqaviləsi əsasında qanuni istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində inşa etdirdiyi ümumi sahəsi 6567.8 kv.m sahəyə texniki pasport və çıxarış almış, hal hazırda inşası başa çatmış, faktiki sahəsi 4.000 (dörd min) kv.metrlik tikililərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində cəmiyyətin adına dövlət qeydiyyatına alınmasına, iddiaçıya yeni tikililərə dair mülkiyyət hüququ haqqında çıxarışın və əmlak kompleksi kimi müəssisəyə yeni texniki pasportun təqdim edilməsini tələb edir. Cavabdeh inzibati orqan əmlak kompleksində əlavə inşa edilmiş tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8- ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, ərazinin bir hissəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilməsi, sözügedən əmlak kompleksinin X5, X8, X11, İddiaçı, X6, X7, X9, X3, X10 paylı mülkiyyətində olması əsası ilə imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisnə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.1-1-ci maddəsinə görə sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) iradların olmaması prezumpsiyasından çıxış edir. Həmin Məcəllənin 75.7-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 75.10-cu maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 75.11-ci maddəsinə görə tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: - tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər, tikinti obyektinin mühəndis-kommunikasiya təminatı mənbələri, müvafiq mühəndiskommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər, mövcud mühəndiskommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Həmin Məcəllənin 84.3-cü maddəsinə görə təchizat müəssisələri 10 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər. Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuda nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Həmin Məcəllənin 102.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən ödənilir. Həmin Məcəllənin 102.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. Həmin Məcəllənin 102.6-cı maddəsinə görə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Tikintilərin Dövlət reyestrinə göndərə və ya bilavasitə təqdim edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları, tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası, tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi, tikinti obyektinin istismar təyinatı, tikinti obyektinin əsas texniki göstəriciləri, Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixlu Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: - (4.11.11.5) «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; - (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.09.2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların Təsnifatı»na görə istismara yararlı olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı istisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üm səviyyə təyin olunur: - (İ məsuliyyət səviyyəli bina və qurğular) tutumu tutumu 10.000 kub metr və daha çox olan neft, neft və kimya məhsullarının saxlandığı çənlər, su və istilik elektrik stansiyaları, həcmi 10 milyon kub metr və daha çox olan su anbarları, neft, neft və kimya məhsulları, qaz, su, çirkab suları nəql edən magistral boru kəmərləri, üstüörtülü tribunalı idman qurğuları, konsert sərgi salonları, kinoteatrlar, teatrlar, muzeylər, dövlət arxivləri, metropoliten tunelləri və stansiyaları, üzunluğu 50 metr və daha çox olan körpülər və yol ötürücüləri, hündürlüyü 100 metr və daha çox olan rabitə qurğuları, hündürlüyü 100 metr və daha çox olan tüstü boruları, 24 metr və daha çox aşırımı olan üstüörtülü sənaye və ictimai obyektlər, nadir (unikal) bina və qurğular: - (İİ məsuliyyət səviyyəli bina və qurğular) İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, Yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla), təhsil və səhiyyə obyektləri, mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular; - (İİİ məsuliyyət səviyyəli bina və qurğular) 12 metr hündürlüyədək fərdi yaşayış evləri, parniklər, istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 495 nömrəli 08.12.2016-cı il tarixli Qərarı ilə “Obyektin Tikintisinə İcazə”nin forma və məzmunu təsdiq edilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22.07.2009-cu il tarixli № 287 saylı sərəncamı ilə sözügedən əmlak kompleksinin yerləşdiyi 5.0 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, ərazidə layihələndirilmə işləri həyata keçirilmiş, ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həlli memarlıq və Şəhərsalma baş idarəsi ilə razılaşdırılmış, əmlak kompleksində inşa edilmiş B,C,D,E,F,G,H tikililəri xüsusi mülkiyyət hüquqi ilə Cəmiyyətin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bəzi tikililər üzrə bir neçə fiziki şəxslə paylı mülkiyyət hüquqları qeydiyyata alınmış, əmlak kompleksi kimi müəssisənin 18.03.2014-cü il tarixdə olan vəziyyətə əsasən texniki pasportu tərtib edilmiş, 11.05.2016-cı il tarixdə qeyd edilən əmlak kompleksinin yerləşdiyi 53841,7 kvm torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cəmiyyətə icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunan tikililər Cəmiyyətin qanuni istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmişdir. İddiaçının inşa etdiyi tikililər “İİİ məsuliyyət səviyyəli bina” kateqoriyasına aid edilə bilər. Cavabdeh inzibati orqan ərazinin bir hissəsinin başqa bir müəssisə “xxxx” MMC-nin daimi istifadəsinə verilməsinə dair imtina əsasını sübuta yetirə bilməmiş, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş MMC tərəfindən də müvafiq sübutlar məhəkəməyə təqdim edilməmiş, hətta məhkəmə iclasları barədə məlumatlandırılsa da, 3-cü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.Əksinə isə iddiaçı tərəfindən torpaq sahəsinin qanui istifadədə olmasına dair sərəncam, ayrıc aktı, icarə müqaviləsi təqdim edilmişdir. Ərazidə mövcud olan bir sıra tikililərin ayrı-ayrı fiziki şəxslərlə paylı mükiyyətdə olması ilə bağlı cavabdehin imtinasına dair Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı vaxtilə yarımcıq tikili kimi texniki pasportda əksini tapmış, faktiki olaraq 4000 kvm-lik tikililərin dövlət qeydiyyatına alınmasını tələb edir, digər tikililər üzərində paylı mülkiyyətin olması hazırki tələb üzrə imtina əsası ola bilməz. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının ona Bakı ŞİH-nin 22.07.2009-cin il tarixli 287 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdehin mövqeyi əsaslı sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu, 22 ünvanında yerləşən ümumi sahəsi 4.000 (dörd min) kv.m olan qeyri yaşayış sahələri İddiaçın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və əmlak kompleksi kimi müəssisəyə yeni texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi-Lökbatan yolu, 22 ünvanında yerləşən ümumi sahəsi 4.000 (dörd min) kv.m olan tikililər (qeyri yaşayış sahələri) üzərində İddiaçın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, yeni tikililərə dair mülkiyyət hüququnu təsdiqləyən çıxarışın və əmlak kompleksi kimi müəssisəyə yeni texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar