Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4346/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tibbi-sosial ekspertiza keçirilməklə əlilliyin dərəcəsinin müəyyən olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1993-cü ilin axırlarında Birinci Qarabağ müharibəsində N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara daxil edilmişdir. xx.xx.1994-cü ildə Tərtər rayonunda Akop-Kamari kəndi uğrunda gedən döyüşlərdə o, qapalı baş-beyin travması alaraq yaralanmış, 1994-cü il fevral ayının 11-dən 1994-cü il aprelin 04-dək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə almış, ona qapalı kəlləbeyin travması astenik sindromdam sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Cəbhədə aldığı diaqnoza görə o, hər il həkim komisiyasında müayinədən keçmiş, 2001-ci ilin mart ayında ona üçüncü qrup müharibə əlili kimi, 2012-ci ilin may ayından isə İİ qrup müharibə əlili kimi pensiya təyin olunmuşdur. Həmin vaxtdan başlayaraq o, hər il həkim müayinəsindən keçmiş, 2016-cı ilin aprel ayından ona İİ qrup əlillik təyin olunmaqla növbəti müayinənin vaxtı 2021-ci ilin aprel ayı olaraq müəyyənləşdirilmişdir. 2021-ci ilin may ayından ona pensiyanın verilməsi dayandırılmış, cavabdeh onu xx.xx.2021-ci ildə tibbi komissiyadan keçməyə çağırmış, o, 2021ci ilin oktyabr ayında tibbi müayinədən keçmiş, müayinənin cavabının üç həftədən sonra telefon vasitəsi ilə veriləcəyi bildirilmişdir. Telefon vasitəsilə ona xx.xx.2021-ci ildə mesaj gəlmiş, həmin mesajın mahiyyəti ona aydın olmadığı üçün məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, sonuncu tərəfindən 12 noyabr 2021-ci il tarixli məktubla əlilliyin etibarlıq müddətinin bitməsi ilə əlaqədar pensiyasının dayandırılması bildirmişdir. Onun müharibədə aldığı xəsarətin nəticələri hazırda yaxşılaşmamış, əksinə ağırlaşmış və onun aldığı müalicələr müsbət nəticə verməmişdir. Mərkəzi Hərbi Hospitalında müalicə aldıqdan sonra ona qapalı kəllə-beyin travması astenik sindromdam sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. O, hər il göndəriş ilə 2 saylı Əfəndiyev adına xəstəxanada qapalı kəlləbeyin travması diaqnozu ilə müalicə aldıqdan sonra həkim komisiyasına gəlmiş və ona təyin olunmuş pensiyanın müddəti hər il 1 il uzadılmışdır. Lakin 2021-ci ilin may ayından ona pensiyanın verilməsi qanunsuz olaraq dayandırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, diaqnoz: Keçirilmiş QXBT-nın qalıq əlamətləri. Qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom. Xr.Diskogen boyun radikuliti. Əmək zəmanəti: əmək qabiliyyətsizdir, lakin xüsusi yaradılmış şəraitdə işləyə bilər. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Forma 88 - 4118003AADUB. Qiymətləndirmə tarixi xx.xx.2021-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2000-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” bir il müddətinə (xx.xx.2001-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə şəxsin üçüncü dərəcə əlilliyi hər dəfə bir il olmaqla xx.xx.2014-cü il tarixinə kimi qüvvədə saxlanılmışdır. Həmin tarixdən isə İddiaçı əlillik dərəcəsi əyani qiymətləndirilmə nəticəsində dəyişdirilərək, ikinci dərəcə müəyyən edilmişdir. Bildiririk ki, xx.xx.2016-cı ildən vətəndaşın ikinci dərəcə əlilliyi Sistem tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlilliyinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı dair 38 nömrəli şəhər poliklinikası tərəfindən “Əlillik” altsisteminə 4118003AADUB nömrəli göndəriş (Forma-088) daxil olmuşdur. Həmin göndəriş əsasında İddiaçı xx.xx.2021-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Baş beynin diffuz travması. Keçirilmiş kəllə-beyin travmasının qalıqları, xroniki posttravmatik baş ağrısı. Baş beynin kontuziyası” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021ci il tarixli, **********4 nömrəli Qərarından görünür ki, İddiaçı - diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 110/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardda göstərilən suallara uyğun Komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 4118003AADUB saylı göndərişlə göndərilmiş Forma 088 saylı arayışda olan “baş beynin diffuz travması, keçirilmiş kəllə-beyin travmasının qalıqları, xroniki postravmatik başağrısı, digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri, baş beynin kontuziyası (MRT patologiyasız)” diaqnozda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsi zamanı nevroloji statusda əlillik dərəcəsinin təyininə əsas verən hər hansı ciddi təzahürlər aşkar edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4118003AADUB nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir göstərilməklə diaqnozun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının tibbi sənədlərinə və əyani müayinəsinə əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 4118003AADUB saylı göndərişlə göndərilmiş Forma 088 saylı arayışda olan “baş beynin diffuz travması, keçirilmiş kəllə-beyin travmasının qalıqları, xroniki postravmatik başağrısı, digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı baş beynin başqa dəqiqləşdirilmiş zədələnmələri, baş beynin kontuziyası (MRT patologiyasız)” diaqnozda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsi zamanı nevroloji statusda əlillik dərəcəsinin təyininə əsas verən hər hansı ciddi təzahürlər aşkar edilmədi. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun əlillik dərəcəsinin təyininə əsas verməməsi ekspert rəyi ilə də öz təsdiqi tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4346/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4346/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver