Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4346/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəlilliyinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı valideyn himayəsindən məhrum olmuş internat məzunu kimi sosial-məişət şəraitini yaxşılaşdırılması üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətində güzəştli mənzil-uçotuna siyahıya alınması və güzəştli mənzil növbəsi əsasında mənzil təmini məsələsinin və güzəştli mənzil növbəsi əsasında mənzilin verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçı Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi {Bakı şəhəri keçmiş Şamyan rayon VVAQ (ZAKS) şöbəsi) tərəfindən doğum haqqında qeyd kitabında 26 oktyabr 1970-ci il tarixli, 2577 nömrə ilə qeyd edilmiş və İV ЖГ№ 340192 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə- ata qrafasında- X3 (azərbaycanlı), ana qrafasında isə- X6 (rus) kimi qeyd edilmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbinin 2-ci sinfinə qəbul edilmişdim və xx.xx.1985-ci il tarixdə həmin məktəbin 8-ci sinfini bitirmişdir. (əsas- AR. Elm və Təhsil Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 nömrəli tam orta internat məktəbindən verilmiş AZ-İİ№ 836769 nömrəli 8 illik təhsil haqqında şəhadətnamə və həmin məktəbdən verilmiş xx.xx.2023-cü il tarixli, 07 saylı arayışı). Bundan sonra, İddiaçı 01 sentyabr 1985-ci ildə keçmiş AR.X10 Təhsil Komitəsinin Bakı şəhəri 16 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 27 iyun 1988-ci ildə həmin texniki peşə məktəbini “santexnik çilingəri və qaz qaynaqçısı” peşə üzrə bitirmişdir, (əsas- Diplom -B № 086255). İddiaçı bu günədək AR. Qanunvericiliyi ilə nəzərdə tutulmuş “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə götürülməsi hüququmdan istifadə etməmişdir. Belə ki, bu illər ərzində dəfələrlə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək onu qanunvericiliyin tələblərinə uyğun formada “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə düşmək üçün dəfələrlə müraciət etmişdir. Hər dəfə ona aidiyyatı orqanların əməkdaşları hər dəfə bildiriblər ki, bir az da gözlə evlə təmin olunacaqsan. O, da ona görə, bu günədək rəsmi müraciət etməmişdir. Ancaq, hazırda səhətində ciddi problemlər yaranmışdır. Belə ki, bel-onurğa nahiyəsində ağır dərəcəli yırtıq yaranmış və səhətində olan bu problemlə əlaqədar olaraq hətta, iş qabliyyətini belə itirmişdir. Özü isə bu günədək daimi yaşayış yeri olmadığından məcburiyyət qarşısında qalaraq şəxsiyyət vəsiqəsi almağı üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşmüşdür. Onun artıq 54 yaşı vardır. Bu yaşına qədər dövlət tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə qeydiyyata götürülməmiş və bu günədək bu intiyazdan istifadə etməmişdir. Sonuncu dəfə, Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Başçısına rəsmi qaydada müraciət edərək, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün" nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə qeydiyyata götürülməyini və mənzillə təmin olunmağını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Başçısının aparatının hüquq şöbəsinin müdiri T. Əzizov un imzası ilə gələn xx.xx.2024-cü il tarixli, 511\2X-20068\24 saylı məktubda "Valideyn himayəsindən məhrum olmuş şəxs kimi” güzəştli mənzil növbəsinə götürülməyi ilə bağlı “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzətrdə tutulmuş Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxıla bilər ' kimi qeyri müəyyən bir fikir bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Elektron məhkəmə sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli Arayışa əsasən, İddiaçı Zeynədiin oğlu xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 saylı tam orta internat məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1978-ci il tarixində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” l№-li tam orta internat məktəbinin 2-ci sinfinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində həmin məktəbin 8-ci sinfini bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə ediliş İV-ЖГ seriyalı 340192 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə Doğum haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixdə 2577 nömrəsi ilə qeyd edilmişdir. X1, anası X4. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-36695/24 məktubunda göstərilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-36748/24 məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanı Xətai rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvandır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3304/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9119/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, 4 saylı binada 1 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən **********07- 05101-093001 reyestr nömrəli mənzil xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh Başçısının Aparatının iddiaçının nümayəndəsinin müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-11/2-X-20068/24 nömrəli məktubunda bildirilmişdir ki, Sizin ərizənizə Rayon İcra Hakimiyyətində baxılmışdır. Ərizənizdə valideyn himayəsindən məhrum olmuş şəxs kimi güzəştli mənzil növbəsinə götürülməyinizə müvafiq köməklik göstərilməsini xahiş edirsiniz. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qaldırdığınız məsələ mahiyyəti üzrə baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsassızdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununa əsasən: -valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; 7-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü olmaqla xx.xx.1978-ci il tarixində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” tam orta internat məktəbinin 2-ci sinfinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində həmin məktəbin 8-ci sinfini bitirmişdir. xx.xx.2003-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı valideyn himayəsindən məhrum olmuş şəxs kimi güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müvafiq uçot norma qaydasının müəyyən eilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, valideyn himayəsindən məhrum olmuş şəxs kimi mənzil uçotuna alınma üçün şəxsin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununda qeyd edilən: 1. hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan valideynlərini itirmiş uşaqlar; 2.qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxs; 3.valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs; 4. nə də sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid deyildir. İddiaçı cavabdehə müraciət edən zaman sadalanan kateqoriya şəxs statusunda olmamış, eyni zamanda həmin statusda olan şəxs olduğu vaxtlarda cavabdehə güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əsasən hazırkı halda valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilmir, bu halda onun bu statusdan irəli gələn güzəştləri, eləcə də valideyn himayəsindən məhrum olmuş şəxs kimi güzəştli mənzil növbəliliyinə götürülməsini tələb etmək hüququ aradan qalxmış, cavadehin imtinası bu dəlilə əsaslanmasa da mahiyyət etibarı ilə müraciətin təmin etmədiyindən iddiaçının qanunla qorunan hüquq və mənafeyini pozmuş hesab edilə bilməz və bu əsasdan da iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəlilliyinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4346/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4346/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver