Məhkəmə qərarları › İş №2-1(112)-4347/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4347/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4347/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, mənzil 76) cavabdeh – Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X3 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı ona ailə başçısını itirməyə görə əmək pensiyasının x xxxx 2017-ci il tarixdən mərhum ərinin təminat xərcliyinin 80 faizi üzrə yenidən hesablanması, təminat xərcliyinin 35% və 80% arasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum əri X4 AR Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş, uzun illər həmin Nazirlikdə müxtəlif vəzifələrdə çalışmışdır. O, polis alayının tərkibində Qarabağ döyüşlərində Qarabağ döyüşlərində iştirak etmiş, müharibə veteranı olmuşdur. Ölkə başçısının xx xxxxxx 1998-ci il tarixli Fərmanı ilə “igidliyə görə medal”ı ilə təltif olunmuşdur. İşlədiyi dövrdə göstərdiyi xidmətlərə və şücaətə görə dəfələrlə mükafatlandırılmış, fəxri fərmanlar almışdır. Onun vəfatından sonra iddiaçıya AR DİN tərəfindən 2004-cü ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 2007ci ildən pensiya təyinatı DSMF tərəfindən həyata keçirildiyindən, ona pensiya məbləğini həmin vaxtdan DSMF ödəmişdir. Ödənilən pensiyanın məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin tələblərin uyğun olaraq, mərhumun təminat xərcliyinin 35% münasibətdə təşkil etmişdir. Vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi və maddi rifahının yüksəldilməsi məqsədi ilə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliklə x xxxx 2017-ci il tarixdən etibarən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilmişdir. Qanuna edilmiş həmin dəyişikliklə hazırkı iddiaçının da hüquqi vəziyyəti yaxşılaşdırılmış, ona ödənilməli olan pensiya məbləği 35%-dən 80%-ə qaldırılmışdır. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən qanunun tələbinə zidd olaraq onun pensiya məbləğinə hər hansı bir dəyişiklik və artım tətbiq edilməmişdir. İddiaçının bununla bağlı o, cavabdeh DSMF X3 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda onun pensiya hüququnun qeyd edilən dəyişikliyin qüvvəyə mindiyi x xxxx 2017-ci il tarixdən əvvəl yarandığından, sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsinüiün mümkün olmadığı bildirilərək, məsələnin müsbət həllindən imtina edilmişdir. Cavabdehin imtina məktubu ona rəsmi olaraq xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 38-ci maddələrinə və 149-cu maddəsinin Vİİ hissəsinə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 87ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə və 20.17.2-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 17, 21, 24, 28, 59, 61-ci maddələrinə əsaslanaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının x xxxx 2017-ci il tarixdən mərhum ərinin təminat xərcliyinin 80 faizi üzrə yenidən hesablanması, təminat xərcliyinin 35% və 80% arasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X6 təqdim olunması qaydalarını müəyyən edir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli 305 nömrəli Qanununun (Qanun qüvvədən düşmüşdür) 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda dövlət pensiya təminatı hüququna malikdirlər. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir: a) əmək (sosial sığorta) pensiyaları: yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə; b) sosial pensiyalar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (14.1.1.1) 18 yaşına çatmamış, (14.1.1.2) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, (14.1.1.3) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək, (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, (14.1.3) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Həmin Qanunun 20.1 və 20.1.13-cü maddələrinə görə bu Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (Qanunun 20.17.2-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan redaksiyadakı tələblərinə görə) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun (bu Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minir) 1-ci maddəsinin 1.76-cı bəndi ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 1-ci maddəsinin 1.76-cı bəndi İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinə münasibətdə tətbiq olunmalıdır. Çünki, iddiaçıya təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin onun mərhum ərinin təminat xərcliyinin 35 faizindən 80 faizinə artırılmaması həm Azərbaycan Respublikasıl Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində və «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 12-ci maddəsi göstərilən “fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil olunması” müddəasına, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbiq olunmuş “bərabərli prinsipi”nə zidd qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh DSMF X3 İdarəsi tərəfindən İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsasında yenidən hesablanıb mərhum əri X1 təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsindən və x xxxx 2017-ci ildən pensiyanın ödənilməmiş fərq məbləğinin ödənilməsindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iddiaçının “pensiya məbləğinin yenidən hesablanması” tələbini əsaslı sayır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun x xxxx 2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərionə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçının tələbində göstərilən “yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” məsələsinə gəldikdə isə, məhkəmənin mövqeyi belədir ki, iddiaçı cavabdeh inzibati orqan DSMF X3 İdarəsinə ailə başçısını itirməyə görə əmək pensiya məbləğinin yenidən hesablanması barədə qanunvericiliyə müvafiq dəyişikliyin qüvvəyə mindiyi x xxxx 2017-ci il tarixdən 3 ildən artıq müddət keçməmiş müraciət etdiyindən, pensiya məbləği həmin tarixdən hesablandığı halda keçmiş müddət üçün alınmamış pensiya məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-сi tələblərinə uyğun olaraq “ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməlidir. Odur ki, məhkəmə iddianı həmin hissədə qismən əsaslı sayır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında yenidən hesablanması və x xxxx 2017-ci il tarixdən alınmamış pensiya məbləğinin “ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh DSMF X3 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında yenidən hesablanması və x xxxx 2017-ci il tarixdən alınmamış pensiya məbləğinin “ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X3 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar