Məhkəmə qərarları › İş №2-1(112)-4347/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4347/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4347/2021 03.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (3-cü şəxs "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) iddiaçının restrukturizasiya olunmalı borcluların siyahısına əlavə edilməsi tələbi barədə mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (3-cü şəxs Ləğv prosesndə olan "xxxx" ASC olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında'’ Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində xx.xx.2014-cü il tarixdə “DəmirBank" ASC ilə aramızda bağlanılmış 8.700.00 ABŞ dolları kredit müqaviləsinin restruktruzasiya olunması, adımın kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi, xx.xx.2014-cü il tarixli girov müqaviləsinin ləğvi və girovun qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 19 fevral 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq, tələbin Hazırki iddia tələbinizin “xx.xx.2014-cü il tarixli girov müqaviləsinin ləğvi və girovun qaytarılması” hissəsi inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığı, həmçinin 3-cü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC deyil, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun göstərilməli olduğu iddiaçının nəzərinə çatdırılaraq, iddia tələbinin dəqiqləşdirməsi təklif olunmuşdur. 02 aprel 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında bağlanılmış 8.700.00 ABŞ dolları kredit müqaviləsinin restruktruzasiya olunması, adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 550 USD saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə qaytarmaq şərtilə, illik 25 (iyirmi beş) faiz dərəcəsilə, 8.700.00 ABŞ dolları kredit götürmüşdür. Kreditin təminatı olaraq həmin tarixdə qızıl-zinət əşyalarını girov qoyub müqavilə bağlamışlar. xx.xx.2015-ci il də daxil kreditin çox hissəsini ödəmişdir. Bu kredit müqaviləsinə restruktruzasiya tətbiq olunmamışdır. Əlavə olaraq xx.xx.2014-cü il tarixli 555 AZN saylı kredit müqaviləsinə əsasən həmin bankdan 36 ay müddətinə qaytarmaq şərtilə illik 27 faiz dərəcəsi ilə, 800.00 AZN məbləğində (kart krediti) kredit götürüb əvvəlki kreditin ödənişini etmişdir. ABŞ dollarının kursu qalxsa belə noyabr 2015-ci il tarixə kimi kredit ödənişini etmişdir. Problemli kreditlərin kompensasiyasına dair cədvəldə isə nə bu, nə digər müqavilə üzrə qaliq borcu yazılmamışdır. Ağsu rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(016)-04/2018 saylı qətnaməsilə iddiaçı "xxxx" ASC-nin borc tələbi və tutmanın girov predmetinə yönəldilməsi iddiası qismən təmin olunmuş, 550 USD saylı kredit müqaviləsi üzrə 7085.49 ABŞ dolları əsas, 1197.91 ABŞ dolları məbləğində faiz, 20.00 ABŞ dolları cərimə, ümumilikdə 8303.4 ABŞ dolları məbləğində borcun tutulmasına dair qətnamə qəbul olunmuşdur. Ödəmələri nəzərə tam alınmadığından qətnamədən narazı olduğundan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2( 107)-1151/2019 saylı qərardiı ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən Ağsu rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddiaçı "xxxx" ASC-nin borc tələbi və tutmanın girov predmetinə yönəldilməsinə dair iddiası baxılmamış saxlanılmışdır. Məhkəmənin həmin qərardadında da mübahisəli kredit məbləğinin adıçəkilən fərmanın təsiri altına düməsi göstərilmişdir. Fərmanın qəbul olunduğu vaxtdan məhkəmədə işə baxılana kimi bağlanılmış bankın nümayəndəsinin də iştirakı ilə bu məsələ həll olunmalı halda işin icraatına xitam verilməklə nəticələnmişdir. Ağsu rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(016)-04/2018 saylı qətnaməsində və səlahiyyətli qurumların cavab məktubları arasında belə rəqəmlər arasında fərqlilik vardır. Belə ki, məhkəmə qətnaməsində 550 USD saylı kredit müqaviləsi üzrə 7085.49 ABŞ dolları əsas borcun yazılmasına baxmayaraq qətnamənin qəbul edildiyi müddətdən sonra sonra yazılmış cavab məktublarında isə ondan az, yəni 4.992.65 ABŞ dolları əsas borcun qalması yazılmışdır. Burdan belə qənaətə gəlmək olur ki, məhkəməyə təqdim olunmuş iddia tələbində kreditin qalıq məbləği artırılaraq hesablanılmışdır. Fərmanın qəbul edildiyi 28 fevral 2019-cu il tarixindən 2 il keçməsinə baxmayaraq kredit müqaviləsi restrukturizasiya edilməmiş və iddiaçıya kompensasiya ödənilməmişdir. Bu barədə çoxsaylı şikayətlərinə rəsmi cavablar müsbət verilsə belə icrası olmamışdır. Barəsində olan problemli kreditlə bağlı aprel 2019-cu ildən bu vaxta kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, Mərkəzi Banka və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizələrlə müraciət etmiş, rəsmi məktublarda kredit müqaviləsinin restrukturizasiya olunması tövsiyyə olunan kreditlər kateqoriyasına şamil olduğu bildirilmişdir. Şifahi olaraq isə iddiaçıya borcunun qalmadığı, kompensasiya olaraq çatası məbləğin kart və ya poçt vasitəsilə veriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasi cədvəlindən aydın olur ki, restruktruzasiya məbləğinin qarşısında heç bir məbləğ yazılmayıb, vətəndaşa çatan hissənin qarşısında isə 4293.31 rəqəmi yazılmışdır. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, İcraçı direktorun vəzifəsini müvəqqəti icra etmiş Vüqar Abdullayevin imzası ilə ona ünvanlanılmış xx.xx.2019-cu il tarixli **********678 saylı cavab məktubunda isə elektron sistemin əksi yazdıraq göstərilr ki, xx.xx.2019-cu il tarixinə 550 USD saylı kredit müqaviləsi üzrə 4.992.65 ABŞ dolları əsas, 7170.13 ABŞ dollları faiz və 4.407.64 ABŞ dolları cərimə faizi olmaqla, ümumilikdə 16570.42 ABŞ dolları məbləğində borcunun qalması və 550 USD saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanı ilə əlaqədar restruktruzasiya olunması tövsiyyə olunan kreditlər kateqoriyasına şamil edilmişdir. İddiaçıya ləğv prosesində olan bankın “Əməliyyat İdarəsi”nə yaxınlaşmağı tövsiyyə edilmişdir. COVİD-19 səbəbilə məktubda yazılanlara əməl edilməmişdir. Ardicil olaraq fərmanın icrası ilə bağlı aidiyyatı qurumlara müraciət etmiş, ilin əvvəlində ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 12 yanvar 2021-ci il tarixli **********421 saylı məktubunda əsas borcdan 4.992.65 ABŞ dolları, faiz borcdan 7.225.63 ABŞ dolları, cərimə borcundan 4.463.14 ABŞ dolları qaldığı, xx.xx.2014-cü il tarixli 550 USD saylı kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən restrukturizasiya olunmasına tövsiyə olunması göstərilmiş, lakin bank əməliyyat sistemində və Azərbaycan Respublikasının Mərkəzi Bankı Problemli kreditlərlə bağlı kompensasiya məbləğinin hesablanması üzrə portalda məbləğ fərqi yarandığından yenə də Mərkəzi bankın Apellyasiya komissiyasına müraciət etməsi tövsiyyə edilmişdir. Bildirir ki, hər dəfə Mərkəzi Banka da eyni məzmunlu şikayət yazsa da şikayəti müsbət həll olunmamışdırdı. Sistemdə kredit borcu silinmədiyindən qoyduğu girovu da götürə bilmir. Azərbaycan Respublikasının Mərkəzi Bankına xx.xx.2020-ci il tarixdə problemli kreditlə bağlı təkrar Azərpoçt MMC vaitəsilə sifarişli məktubla müiiraciət etsə də hələ rəsmi cavab almamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı Problemli kreditlərlə bağlı kompensasiya məbləğinin hesablanması üzrə internet informasiya sistemində qaytarılacaq məbləğlər də əvvəldən az hesablanılmasına baxmayaraq sonda kompensasiyanın məbləği 6165.68 manata çatdırılmış, həmin məbləğdən 1872.37 manatı borc hesabına silinmiş və qalan 4293.31 manatın ona veriləcəyi göstərilmişdir.... Yuxarıda qeyd etdiyi hallara görə xx.xx.2014-cii il tarixli 550 USD saylı kredit müqaviləsinin restruktruzasiya olunması və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanalara əsasən məhkəmədən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında bağlanılmış 8.700.00 ABŞ dolları kredit müqaviləsinin restruktruzasiya olunması, adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddiaçı hazırki iddia tələbi üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında bağlanılmış 8.700.00 ABŞ dolları kredit müqaviləsinin restruktruzasiya olunması, adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmasını istəyir. İşin hallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1151/2019 saylı qərardı ilə Ağsu rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(016)-04/2918 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı "xxxx" ASCnin cavabdehlər İddiaçı və X6 qarşı borc tələbi və tutmanın girov predmetinə yönəldilməsinə dair iddiası baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan “DəmirBank" ASC tərəfindən iddiaçıya ünvanlanan 06 noyabr 2019-cu il tarixli **********678 saylı məktubundan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 550 USD saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərti ilə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə, 8,700.00 ABŞ dolları (səkkiz min yeddi yüz dollar) məbləğində kredit verilmişdir. Müqavilə müddəti ərzində kredit restrukturizasiya edilmiş və müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Bundan əlavə xx.xx.2014-cü il tarixli, 555 AZN saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərti ilə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə, 800.00 AZN (səkkiz yüz manat) məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən X4 hesablanmış 4251.30 AZN kompensasiya məbləği sözügedən kredit müqavilələri üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. xx.xx.2019-cu il tarixinə X3 ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2014-cü İİ tarixli, 550 USD saylı kredit müqaviləsi üzrə 4,992.65 ABŞ dolları (dörd min doqquz yüz doxsan iki dollar, 65 sent) əsas, 7170.13 ABŞ dolları (yeddi min yüz yetmiş dollar, 13 sent) faiz və 4,407.64 ABŞ dolları (dörd min dörd yüz yeddi dollar, 64 sent) cərimə faizi borcu olmaqla ümumilikdə 16570.42 ABŞ dolları (on altı min beş yüz yetmiş dollar, 42 sent) məbləğində, xx.xx.2014-cü il tarixli, 555 saylı kredit müqaviləsi üzrə isə ümumilikdə 1343.51 AZN (bir min üç yüz qırx üç manat, 51 qəpik) məbləğində faiz və cərimə faizi borcu mövcuddur: Bildiririlir ki, xx.xx.2014-cü il tarixli, 550 USD saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar restrukturizasiya olunması tövsiyyə olunan kreditlər kateqoriyasına şamil edilmişdir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan “DəmirBank" ASC tərəfindən iddiaçıya ünvanlanan 12 yanvar 2021-ci il tarixli **********421 saylı məktubundan görünür ki, Ləğv prosesində olan “DəmirBank" ASC ilə X5 arasında bağlanmış xx/xx/2014-cü il tarixli, 555 AZN saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərti ilə 800 (səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. Qeyd olunan müqavilə üzrə xx.xx.2021-ci il tarixinə X1 kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Əlavə olaraq bildirilir ki, ləğv prosesində olan “DəmirBank" ASC ilə X5 arasında bağlanmış xx/xx/2014-cü il tarixli 550 USD saylı kredit müqaviləsi üzrə ona 36 (otuz altı) ay müddətinə 8700 (səkkiz min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirirlər ki, ləğv prosesində olan "xxxx" ASC qarşısında, xx/xx/2014-cü il tarixli 550 USD saylı kredit müqaviləsi üzrə 08 yanvar 2021-ci il tarixinə, bank əməliyyat sistemində, 4,992.65 (dörd min doqquz yüz doxsan iki,65) ABŞ dolları məbləğində əsas, 7,225.63 (yeddi min iki yüz iyirmi beş,63) ABŞ dolları məbləğində faiz, 4,463.14 (dörd min dörd yüz altmış üç, 14) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 16681.42 (on altı min altı yüz səksən bir,42) ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur. İddiaçının xx/xx/2014-cü il tarixli 550 USD saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması tövsiyyə olunmuşdur. Lakin, bank əməliyyat sistemində və Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kreditlərlə bağlı kompensasiya məbləğinin hesablanması üzrə portalda məbləğ fərqi yaranmışdır. Fərqin aradan qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq Apellyasiya komissiyasına müraciət olunması tövsiyyə olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın: -1-ci bəndinə görə aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. -2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Adı çəkilən Qaydanın: -2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir; -2.1.8-ci bəndinə görə fiziki şəxs – kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir; -2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir; -2.1.11-ci bəndinə görə güzəşt – fiziki şəxslərin əsas kredit borclarına hesablanmış faizlərin və dəbbə pulunun Fərmana və bu Qaydaya uyğun olaraq tam və ya qismən silinməsidir; -2.1.13-cü bəndinə əsasən güzəştli kredit – fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara kredit təşkilatları tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlərdir. Sadalanan normalardan görünür ki, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən tədbirlər baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə ikisini qarşılamaq məqsədilə tətbiq edilir. Bu tədbirlərin yönəldiyi subyekt- fiziki şəxs isə kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış şəxsdir, yəni bilavasitə kredit müqaviləsi üzrə əsas borc alandır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd edilənlərdən müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı qeyd olunan Fərmanın tələbləri baxımından iddiaçının kredit borcunun restrukturizasiyası ilə bağlı Fərmanın təsiri altına düşdüyü təqdirdə kredit təşkilatı ilə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 7.1-ci bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş problemli kreditlərin kompensasiyası barədə əsas məlumatların əksini tapdığı cədvəldən, o cümlədən iddiaçınıln izahatından müəyyən olunur ki, iddiaçıya 4251.30 manat məbləğində cəmi kompensasiya məbləği hesablanmış, həmin məbləğdən 1872.37 manat iddiaçının borclarına yönəldilmiş, 2378.93 manat iddiaçıya çatan hissə olmuşdur. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası ilə bağlı portaldan çıxarışdan müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı İddiaçı Qələmşah qızına münasibətdə tətbiq olunmuşdur. Göründüyü kimi hazırki iş üzrə mübahisəli kredit müqavilələri üzrə cavabdeh Mərkəzi Bank adı çəkilən Fərman və Qayda ilə nəzərdə tutulmuş öhdəliyini icra edərək, problemli kreditlərin kompensasiyasını hesablamış, restrukturizasiya ediləcək məbləği müəyyən etmişdir. Dolayısı ilə hazırki halda cavabdeh inzibati orqanın inzibati məhkəmə icraatında iddia tələbi üzrə şəxsin subyektiv hüquqlarının pozuntusuna əsas verən hər hansı hərəkət və ya hərəkətsizliyi mövcud olmamışdır. Belə olan halda cavabdeh Mərkəzi Banka münasibətdə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq inzibati məhkəmə icraatında məhkəmənin yardım etmək vəzifəsini rəhbər tutub iddia tələbi üzrə iddiaçının hüquqi marağının nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi nəticəni yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində Banklara tövsiyə edilmişdir ki: -6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; -6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; -6.3.borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. -8.4-cü bəndinə əsasən bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) nəzərdə tutulur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: -6.2-ci bəndinə görə fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. -6.3-cü bəndinə görə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. -6.9-cu bəndinə görə kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. -6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. -6.17-ci bəndinə görə ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Sadalanan normalardan göründüyü kimi kompensasiya məbləği ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldikdən sonra qalıq qalan borc məbləği restrukturizasiya olunması məqsədilə kredit vermiş kredit təşkilatı ilə borclu fiziki şəxs arasında əvvəlki kredit müqaviləsinə xitam verilir və yeni güzəştli kredit müqaviləsi bağlanır. Yeni güzəştli kredit müqaviləsinin bağlanması təklifini vermək Fərmanla banklara tövsiyyə edilmişdir. Hazırki iş üzrə mübahsiəli kredit müqavilələri üzrə kompensasiyanın hesablandığı və qalıq borcla bağlı restrukturizasiya məbləğinin müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı bilavasitə qalıq borca münasibətdə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılmasıdır. Kredit müqavilələri üzrə restrukturizasiya ediləcək məbləğlə bağlı yeni kredit müqaviləsinin bağlanması isə artıq inzibati orqan olan Mərkəzi Bankla deyil, kredit müqaviləsi üzrə kredit təşkilatı ilə əsas borclu arasında həll oluna biləcək məsələdir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı müqavilə tərəfləri arasındakı münasibətlər və ondan yarana biləcək mübahisələr öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli olub xüsusi hüquq sahəsinə aiddir və inzibati məhkəmə icraatının predmeti hesab olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərar 15.3-cü bənd) Göstərilənlərə əsasən və iddiaçının hüquqi marağını nəzərə alaraq məhkəmə qeyd edir ki, 07 avqust 2014-cü il tarixli müqaviləsi üzrə qalıq borc məbləğinin restrukturizasiya edilməsi məqsədilə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması ilə bağlı bankla borclu arasında razılıq əldə olunmadığı təqdirdə yaranmış fikir ayrılığı mülki məhkəmə icraatı qaydasında aidiyyatı üzrə müvafiq ümumi məhkəmədə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar