Məhkəmə qərarları › İş №2-1(112)-4347/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4347/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4347/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X5 Nazimin, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İraq Respublikasının vətəndaşı olan, A11623819 pasportun sahibi İddiaçı barəsində qəbul etdiyi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma barədə 30 sentyabr 2021-ci il tarixli 129/D saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh öz qərarında iddiaçıya verilmiş DYİ seriyalı 36096 nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin 30 sentyabr 2021-ci il tarixdə ləğv edildiyini bildirmiş, lakin həmin qərarın qəbul edilməsi barədə ona heç bir məlumat verməmişdir. İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin hansı səbəb və əsaslarla ləğv edilməsi barədə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən qərarın surətinin verilməsi barədə müraciət edilsə də həmin qərarın surəti hələ də təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma və 5 il müddətinə Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması üçün hər hansı əsaslar olmadığından, bu qərar ləğv edilməlidir. Şəxsin nədə ittiham olunduğunu bilmək və buna uyğun öz müdafiəsinə hazırlaşmaq hüququ var. İddiaçı cinayət xarakterli ittiham elan edilməyib, lakin onun barəsində tətbiq edilən tədbir kifayət qədər ciddi və müsbət olmayan tədbir olduğundan, bu, faktiki olaraq, İddiaçı qarşı bir ittihamın olduğunu göstərir. Şəxs ona tətbiq edilən məhdudiyyətlərin səbəblərinə dair məlumatlı deyilsə, bu məhdudiyyətlərin aradan qaldırılması üçün müdafiəsinə də lazımi şəkildə hazırlaşmaq imkanından məhrum olacaqdır. İddiaçı onun ölkədən çıxarılmasına və 5 il müddətinə Azərbaycan Respubikasına gəlmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş hallar barədə məlumat verilməməsi İddiaçı müdafiə hüququnu pozmaqla yanaşı, onun Azərbaycan Respublikası tərəfindən təminat verilən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolu ilə təminat verilən hərəkət etmək azadlığını pozub. Belə ki, qeyd edilən Protokolun 1-ci maddəsinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin 14.05.2021-ci il tarixli ******* nömrəli qərarı ilə İraq Respublikasının vətəndaşı İddiaçı 01.07.2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Miqrasiya Məcəlləsinin 55.0.11-ci maddəsində nəzərdə tutulan hal (əcnəbi və ya vətəndaşllığı olmayan şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə) əsas götürülərək Dövlət Miqrasiya Xidmətinin 30.09.2021-ci il tarixli 7990544-L nömrəli qərarı ilə İddiaçı verilmiş daimi yaşamaq üçün icazə ləğv edilmişdir. İddiaçı 30.09.2021-ci il tarixli 129/D nömrəli qərarla ölkə hüdudlarından kənara çıxarılaraq Azərbaycan Respublikasına gəlmək hüququ 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi vəsiqəsinə əsasən 12.09.1990-cı il təvəllüdlü İraq Respublikası vətəndaşı İddiaçı yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsi, ev 130 olmaqla 01.07.2021-ci il tarixdən 01.07.2026-cı il tarixədək icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.09.2021-ci il tarixli 7990544-L nömrəli qərarına əsasən İraq Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, İraq Respublikası vətəndaşı İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün 36096 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.09.2021-ci il tarixli 129/d nömrəli qərarına əsasən təqdim olunmuş sənədlərə əsasən şəxsə verilmiş DYİ seriyalı 36096 nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin 30.09.2021-ci il tarixdə ləğv edildiyi müəyyən edilmişdir. 12 sentyabr 1990-cı il təvəllüdlü (A11623819 nömrəli Pasport) İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsinə baxılması zərurəti yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanunun 59-cu maddəsini və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1-ci, 79.2-ci maddələrini rəhbər tutaraq, İraq Respublikası vətəndaşı (A11623819 nömrəli Pasport) İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış İraq Respublikası vətəndaşı (A11623819 nömrəli Pasport) İddiaçı Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Beləliklə, işdən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı İraq Respublikası vətəndaşı olmaqla sonuncu dəfə ona 01.07.2021-ci il tarixdən 01.07.2026-cı il tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.09.2021-ci il tarixli 7990544-L nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.09.2021-ci il tarixli 129/d nömrəli qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış İraq Respublikası vətəndaşı (A11623819 nömrəli Pasport) İddiaçı Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehin 30.09.2021-ci il tarixli Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş materiallarından iddiaçı tərəfin mübahisələndirdiyi qərarın ona rəsmi qaydada təqdim edilməsinin sübut olunmadığını, eləcə də təqdim edilmiş olsa belə iddiaçının ölkə ərazisindən çıxarılması qərara alınmış əcnəbi vətəndaş olmaqla iddia qaldırması üçün tələb olunan hüquqi prosedurları keçdikdən sonra (ölkədən çıxarıldıqdan sonra hüquqlarının müdafiəsi üçün etibarnamə təqdim etmək, müqavilə bağlamaq və s.) 03.12.2021-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia müddəti iddiaçıya münasibətdə ötürülmüş hesab edilə bilməz. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı hüquqi dəyərləndirmədə aşağıdakı normaları rəhbər tutur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -23.1-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. -23.2-ci maddəsinə görə şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. -23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. -23.4-cü maddəsinə əsasən şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. -23.5-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. -55.0-cı maddəsinə görə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. -78.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər: 78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə. -79.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə. -79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür. -79.8-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır. -79.9-cu maddəsinə görə kənara çıxarma haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 nömrəli Fərmanının: -5.4-cü bəndinə əsasən həmin Məcəllənin .....23.5, 79.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. -5.9-cu bəndinə əsasən həmin Məcəllənin 23.1-ci və 23.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. -5.10-cu bəndinə əsasən həmin Məcəllənin 23.5-ci və 38.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər. Göstərilən normalardan müəyyən olunur ki, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə bu barədə müvafiq icra hakimiyyəti orqanları məlumatı Dövlət Miqrasiya Xidmətinə təqdim edir. Şəxs ölkədə olmasının arzuolunmaz hesab edildiyi təqdirdə ölkədə olma və ya yaşama hüququnu itirir. Əcnəbinin ölkədə arzuolunmaz şəxs hesab edilməsinin hüquqi nəticəsi ona yaşama ilə bağlı verilmiş güzəştlərin ləğv edilməsi, o cümlədən daimi yaşamaq üçün icazənin ləğv edilməsi, şəxsin ölkə hüdudlarından kənara çıxarılmasıdır. Başqa sözlə, şəxsin ölkə ərazisində arzulounmaz hesab edilməsi eyni zamanda iki hüquqi nəticəyə səbəb olur: Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinin 55.0.11-ci maddəsinə əsasən daimi yaşamaq üçün verilmiş icazə ləğv edilir; 79.1.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərar qəbul edilir. Hazırkı iş üzrə iddiaçı barəsində təqdim edilmiş məlumata əsasən ölkə ərazisində arzuolunmaz şəxs hesab edilmiş, bundan sonra cavabdeh inzibati orqan onun barəsində eyni tarixli - 30.09.2021-ci il tarixli qərarlarla daimi yaşamaq üçün verilmiş icazəni ləğv etmiş və ölkə hüdudlarından kənara çıxarılmasını qərara almışdır. İddiaçının Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma ilə bağlı 30.09.2021-ci il tarixli qərarında əsas kimi Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə görə daimi yaşamaq üçün verilmiş icazənin ləğv edilməsinə istinad edilmişdir. İddiaçıya verilmiş daimi yaşamaq haqqında icazənin ləğv edilməsi haqqında qərarının əsasında isə Miqrasiya Məcəlləsinin 55.0.11-ci maddəsinə görə ölkə ərazisində arzuolunmaz hesab edildiyinə istinad edilmişdir. Beləliklə, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının daimi yaşamaq haqqında icazənin ləğvinin və ölkə hüdudlarından kənara çıxarılmasının əsasında şəxsin ölkə ərazisində olmasının arzuolunmaz hesab edilməsi dayanır. Məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsi əcnəbi və vətəndaşlığı olmayan şəxsə daimi yaşamaq haqqında icazənin verilməsini inzibati orqanın qiymətləndirmə azadlığına və diskresion səlahiyyətinə aid etmiş, lakin şəxsə verilmiş icazənin ləğvini, ölkə ərazisindən çıxarılmasını isə Məcəllənin 55 və 79-cu maddələrində sadalanan konkret hüquqi faktlarla əlaqələndirmişdir. Miqrasiya Məcəlləsinin 23.5-ci maddəsi Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə bu barədə məlumatın müvafiq icra hakimiyyəti orqanları tərəfindən Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edildiyini bilavasitə nəzərdə tutmuşdur. İşin hallarından müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edilməklə, sonuncunun ölkə ərazisindən çıxarılması qərara alınmış, eyni zamanda ölkəyə gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. İnzibati məhkəmə nəzarəti zamanı cavabdeh inzibati orqan ölkə ərazisindən çıxarılmanın əsası olan arzuolunmaz şəxs hesab edilmə ilə bağlı Xidmətə daxil olmuş müraciət və həmin müraciətlə bağlı inzibati icraat materiallarını “məxfi” sənəd olaraq məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən həmin materiallara baxış keçirilmişdir. Təqdim olunan icraat materiallarına əsaslanaraq məhkəmə cavabdeh inzibati orqanın iddiaçının ölkədən çıxarılması ilə apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi hallarını müəyyən etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rove və Davis (Rowe and Davis) Birləşmiş Krallığa qarşı [BP]” - 28901/95 nömrəli, 16.2.2000-ci il tarixli Qərarında göstərilmişdir ki, “.(....) 61. Bununla belə, ərizəçilərin etiraf etdiyi kimi (yuxarıda 54-cü bəndə bax), müvafiq sübutların açıqlanması hüququ mütləq hüquq deyil. İstənilən cinayət prosesində milli təhlükəsizlik və ya qisas riski altında olan şahidlərin müdafiəsi və ya cinayətin istintaqının gizli polis üsullarının saxlanması zərurəti kimi bir-birinə zidd olan maraqlar ola bilər ki, bu da təqsirləndirilən şəxsin hüquqlarına zidd ölçüdə götürülməlidir (məsələn, bax. Doorson Hollandiyaya qarşı 26 mart 1996-cı il tarixli qərar, Hökmlər və Qərarların Hesabatları 1996- İİ, səh. 470, § 70). Bəzi hallarda başqa bir şəxsin əsas hüquqlarını qorumaq və ya mühüm ictimai maraqları qorumaq üçün müdafiədən müəyyən sübutları gizlətmək lazım ola bilər.(..)

62. İctimai maraqlara əsaslanaraq sübutların müdafiədən gizlədildiyi hallarda, belə bir məlumatın açıqlanmamasının ciddi şəkildə zəruri olub-olmaması barədə qərar vermək Məhkəmənin vəzifəsi deyildir, çünki, bir qayda olaraq, milli məhkəmələr onların qarşısında təqdim edilmiş sübutları qiymətləndirməlidir, Avropa Məhkəməsinin vəzifəsi hər bir iş üzrə tətbiq edilən qərarın qəbuletmə prosedurunun mümkün qədər çəkişmə prosesi və tərəflərin bərabərliyi tələblərinə uyğun olub-olmadığını və təqsirləndirilən şəxslərin maraqlarını qorumaq üçün adekvat təminatların daxil edildiyini müəyyən etməkdir”. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar