Məhkəmə qərarları › İş №2-1(112)-4347/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4347/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4347/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, 59 saylı mənzilin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən faktiki olaraq Bakı şəhəri, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, yaşayış sahəsi 37,04 kv.metr olan 3 otaqlı 59 saylı mənzildə yaşayır. Qeyd olunan mənzili X1 aralarında olan razılaşmaya əsasən 6300 ABŞ dolları müqabilində almışdır. M.Allahverdiyevanın ailə üzvləri buna etiraz etməmiş, hətta razılıq ərizələri vermişlər. Lakin sənədləşdirmə işləri sona qədər aparılmamışdır. 1999-cu ildə M.Allahverdiyeva övladları ilə birlikdə Rusiya Federasiyasına köçmüşlər. Həmin vaxtdan iddiaçı ailə üzvləri ilə birgə bu mənzildə yaşamışdır. İddiaçı mənzilə istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmiş və Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-527/2019 saylı qətnaməsinə əsasən həmin mənzilə iddiaçının istifadə hüququnun tanınması qət edilmişdir. İddiaçının yaşadığı bina əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuş, 2012-ci ildən isə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 89/2 nömrəli iddiaçının adına kirayə müqaviləsi bağlanması barədə sərəncam verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli mənzil kirayə müaviləsi bağlanmışdır. Mənzildə iddiaçıdan başqa qeydiyyatda heç kim yoxdur. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdehə müraciət etmiş, lakin ona imtina verilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 89/2 saylı sərəncamı xx.xx.2019-cu il tarixdə verilmişdir. Həmçinin, qeyd olunan mənzilin ümumi sahəsi 67,14 kv.metr olmaqla 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 41, mənzil 59 ünvanında qeydiyyatdadır. Bakı şəhər X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş 28 may 1984-cü il tarixli, 237227 saylı orderdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, yaşayış sahəsi 37,04 kv.metr olan 3 otaqlı 59 saylı mənzili 4 nəfər ailə üzvü ilə X2 istifadəsinə verilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(002)- 527/2019 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(002)-1559/2019 saylı qiyabi qətnaməsi ilə cavabdehlər X2, X5, X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamədə göstərilmişdir ki, “iş materiallarında olan Qaradağ rayon MKTB-nin 152 saylı MKİS-nin texnikləri S.Cabbarova, R.Xankişiyeva və qonşular X6, X9 tərəfindən tərtib edilmiş və 152 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, 1999-cu ildən İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilində yaşayır”. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 89/2 saylı Sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, yaşayış sahəsi 37,04 kv.metr olan 3 otaqlı 59 saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsinin bağlanması və iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İddiaçı ilə 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında Birtipli Müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, yaşayış sahəsi 37,04 kv.metr olan 3 otaqlı 59 saylı mənzil müddətsiz istifadə üçün iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı 03 aprel 2019-cu il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 41, mənzil 59 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubu iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 41, mənzil 59-a dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, 59 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd etmişdir ki, qeyd olunan mənzilə dair təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 89/2 saylı sərəncamı xx.xx.2019-cu il tarixdə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(002)-527/2019 saylı qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilinə istifadə hüququ tanınmış, həmin məhkəmənmin 25 iyul 2019-cu il tarixli, 2(002)-1559/2019 saylı qətnaməsi ilə mənzilin əvvəlki sakinlərinin mənzilə istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “iş materiallarında olan Qaradağ rayon MKTB-nin 152 saylı MKİS-nin texnikləri S.Cabbarova, R.Xankişiyeva və qonşular X6, X9 tərəfindən tərtib edilmiş və 152 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, 1999-cu ildən İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilində yaşayır”. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi Qaradağ rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(002)- 527/2019 saylı qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmiş, Qaradağ rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(002)-1559/2019 saylı qətnaməsində iddiaçının 1999-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 41 saylı evin, 59 saylı mənzildə yaşadığı müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı Qaradağ rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(002)-527/2019 saylı qətnaməsi əsasında verilmişdir. Beləliklə iddiaçının həmin mənzillə bağlı kirayəçi hüquqları Mənzil Məcəlləsinin qəbulundan əvvəlki dövrə təsadüf etdiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41 saylı evin 59 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar