Məhkəmə qərarları › İş №2-1(112)-4348/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4348/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4348/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili – Vəkil, cavabdehin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57 yaşının tamam olduğu xx.xx.1961-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 57 yaşının tam olduğu 18.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 aprel 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamış, müxtəlif vəzifələrdə çalışmış və hal - hazırda da işləyir. Ümumilikdə 25 ildən cox sığorta stajına malikdir və işlədiyi illərin 12 il 6 aydan çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. 07.12.1979-cu ildə “Kirovneft” NQÇİ-nin Təsərrüfat Hesablı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli bənna peşəsinə işə qəbul edilmiş, 03.03.1980-ci ildə yükləyici peşəsinə keçirilmiş, 16.04.1980-ci ildə Azərbaycan SSR ƏQM-nə əsasən Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olmuş, 10.08.1982-ci ildə “Kirovneft” NQÇİ-nin (sonrakı adı "Binəqədineft” NQÇİ) QY və ƏTS-nin 2 nömrəli quyularm yeraltı təmiri qrupuna - quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, 01.10.1986-cı ildə 1 nömrəli NQÇS-yə (neft mədəni) quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, 28.05.1987-ci ildə İATKS-yə 1-ci dərəcəli tornaçı, 28.05.1987-ci ildə 2-ci dərəcəli tornaçı, 25.01.1988-ci ildə 4-cü dərəcəli tornaçı, 18.07.1988-ci ildə 5-ci dərəcəli təmirçi-çilingər, 12.12.1988-ci ildə böyük mühəndis, 17.04.1989-cu ildə QKS-nin 9 nömrəli Qaz Kompressor stansiyasına rəis vəzifəsinə keçirilmiş, 23.02.1990-cı ildə 1-ci kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, 19.05.1992-ci ildə QKS-nin rəisi vəzifəsinə keçirilmişdir. 05.11.1996-cı ildə köçürmə yolu ilə işdən azad olunmuş, 14.11.1996-cı ildə “Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmiş, 03.12.2001-ci ildə, Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş, 10.12.2001-ci ildə '’Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmiş, 01.09.2005-ci ildən idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. 01.09.2005-ci il tarixdən 25.02.2009-cu il tarixədək “Binəqədi Oyl Kompani” Şirkətinin Qaz Kompressor sexində müdir, 25.09.2009-cu il tarixdən hal-hazıradək qaz sahəsi üzrə sahə rəisi vəzifəsində çalışır. Göründüyü kimi ümumilikdə 25 ildən çox stajının olması və bunun 12 il 6 aydan çox müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləməyinə görə onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və buna görə də pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, əmək kitabçasına əsasən o, 17.04.1989-cu ildə QKS-nin 9 nömrəli Qaz Kompressor stansiyasının rəisi, 19.05.1992-ci ildə QKS-nin rəisi, 14.11.1996-cı ildə “Binəqədneft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi, 10.12.2001-ci ildə "Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi, 01.09.2005-ci il tarixdən 25.02.2009-cu il tarixədək “X4” Şirkətinin Qaz kompressor sexində müdiri vəzifələrində işlədiyi dövrlərin iş stajı 14 il 5 ay 3 gün edir. Həmin vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Xİİ bölməsində - qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2130200b-24125 kodu ilə (neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz məndənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının çalışdığı peşə (QKS rəisi) ilə güzəştli olduğunu iddia etdiyi peşə (“neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri”) bir-birindən fərqlidir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi 29 may 2019-cu il tarixli arayışda da iddiaçının çalışdığı hansı peşənin güzəştli olmasına dair qeyd yoxdur. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; H3 № ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 05.05.1980-ci ildən 29.06.1982-ci ilədək hərbi xidmətdə olmuşdur; ИТ-İ № ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki: - 07.11.1979-cu ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin (NQDU) Təsərrüfat hesablı Tikinti Montaj Sahəsinə 2-ci dərəcəli betonçu vəzifəsinə təyin edilmişdir; - 03.03.1980-ci ildə yükləyici vəzifəsinə keçirilmişdir; - 16.04.1980-ci ildə Sovet Ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir; - 10.08.1982-ci ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinə buruq quyularının Yeraltı və əsaslı təmiri sexinə buruq quyularının yeraltı təmiri üzrə 4-cü dərəcəli operator vəzifəsinə qəbul edilmişdir; - 01.10.1986-cı ildə 1 saylı Neft və qaz çıxarma (Neftpromstroy) sexinə buruq quyularının yeraltı təmiri üzrə 4-cü dərəcəli operator vəzifəsinə keçirilmişdir; - 28.05.1987-ci ildə istismar avadanlığının yayma təmir sahəsinə 1-ci dərəcəli tornaçı vəzifəsinə keçirilmişdir; - 28.05.1987-ci ildə 2-ci dərəcəli tornaçı hesab edilmişdir; - 25.01.1988-ci ildə 4-cü dərəcəli tornaçı vəzifəsi verilmişdir; - 18.07.1988-ci ildə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsi verilmişdir; - 12.12.1988-ci ildə istismar avadanlığının yayma-təmir sexinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir; - 01.01.1989-cu ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin təşkilati strukturunun təkmilləşdirilməsi məqsədilə istismar avadanlığının sənaye-təmir sexi ilə təmirtikinti sex birləşdirilərək, vahid tikinti-təmir sexi yaradılmışdır; - 17.04.1989-cu ildə Qaz kompressor sexinə 9 saylı Kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmişdir; - 23.02.1990-cu ildə 1-ci kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir; - 05.05.1992-cı ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin adı “Binəqədineft” Neftqaz çıxarma idarəsi adına dəyişdirilmişdir; - 19.05.1992-ci ildə qaz kompressor sexinin rəisi vəzifəsinə təyin edilmişdir; - 05.11.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Azneft” boru-təmir bazasına keçirilmə qaydasında azad edilmişdir; - 06.11.1996-cı ildə “Binəqədineft” Neft-qaz çıxarma idarəsindən keçirilmə ilə mühəndis-texnoloq vəzifəsinə qəbul edilmişdir; - 13.11.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən “Binəqədineft” Neft-qaz çıxarma idarəsindən keçirilmə ilə azad edilmişdir; - 14.11.1996-cı ildə “Binəqədineft” Neft-qaz çıxarma idarəsinə boru-təmir bazasından keçirilmə yolu ilə qaz kompressor sexinə 15-ci dərəcəli rəis vəzifəsinə qəbul edilmişdir; - 01.09.2005-ci ildə Ləğvetmə komissiyasının 09.09.2005-ci il tarixli 1N protokoluna əsasən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir; - 01.09.2005-ci ildə “X5” Qaz kompressor sexinə müdir vəzifəsinə qəbul edilmişdir; - 01.01.2007-ci ildə struktur dəyişikliyi ilə əlaqədar neftin qazın hazırlanması və vurulması sexinə böyük mühəndis vəzifəsinə keçirilmişdir; - 25.02.2009-cu ildə həmin sexdə qaz sahəsi üzrə sahə rəisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 29 may 2019-cu il **********80020123X00204 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 07.12.1979-cu ildə (əmr № 68, 10.12.1979-cu il) “Kirovneft” NQÇİ-nin Təsərrüfat Hesablı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli bənna peşəsinə işə qəbul edilmişdir. 03.03.1980- cı ildə (əmr № 82, 22.02.1980-cı il) yükləyici peşəsinə keçirilmişdir. 16.04.1980- cı ildə (əmr № 89, 18.04.1980-cı il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 10.08.1982-ci ildə (əmr № 585k, 09.08.1982-ci il) “Kirovneft” NQÇİ (sonrakı adı “Binəqədineft” NQÇİ) QY və ƏTS-nin 2 nömrəli quyuların yeraltı təmiri qrupuna quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. 01.10 1986-cı ildə (əmr № 830k, 02.10.1986-cı il) 1 nömrəli NQÇS-yə (neft mədəni) quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir. 28.05.1987- ci ildə (əmr № 398k, 27.05.1987-ci il) İATKS-yə 1-ci dərəcəli tornaçı peşəsinə keçirilmişdir. 28.05.1987-ci ildə (əmr № 1004k, 28.12.1987-ci il) 2-ci dərəcəli tornaçı peşəsinə keçirilmişdir. 25.01.1988- ci ildə (əmr № 82k, 25.01,1988-ci il) 4-cü dərəcəli tornaçı peşəsinə keçirilmişdir. 18.07.1988-ci ildə (əmr № 638k, 18.07.1988-ci il) 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 12.12.1988-ci ildə (əmr № 1248k, 12.12.1988-ci il) böyük mühəndis vəzifəsinə keçirilmişdir. 17.04.1989- cu ildə (əmr № 410k, 17.04.1989-cu il) QKS-nin 9 nömrəli Qaz kompressor stansiyasına rəis vəzifəsinə keçirilmişdir. 23.02.1990-cı ildə (əmr № 127k, 22.02.1990-cı il) 1-ci kateqoriyalı mühəndis vəzifəsinə keçirilmişdir. 19.05.1992-ci ildə (əmr № 410k,18.05.1992-ci il) QKS-nın rəisi vəzifəsinə keçirilmişdir. 05.11.1996-cı ildə (əmr № 666k, 04.11.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur.14.11.1996-cı ildə (əmr № 676k, 14.11.1996-cı il) “Binəqədineft” NQÇİ QKSnin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir. 03.12.2001-ci ildə (əmr № 402k, 03.12.2001-ci il) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 10.12.2001-ci ildə “Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir. 01.09.2005-ci ildə idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur; “X5” şirkətinin 72 nömrəli 31.05.2019-cu il tarixli arayışına əsasən, İddiaçı həqiqətən “X4“ Şirkətinin Qaz kompressor sexində 01.09.2005-ci il tarixdən 25.02.2009-cu il tarixədək müdir, 25.02.2009-cu il tarixdən hal-hazırkı günə qədər qaz sahəsi üzrə sahə rəisi vəzifəsində çalışır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 dekabr 2020-ci il tarixli **********8 nömrəli imtina məktubunda iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az ( 5 il 2 ay 12 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “X5” şirkətinin 10.03.2021-ci il tarixli 02/255 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 01.09.2005-ci il tarixdən 25.02.2009-cu il tarixədək işlədiyi qaz kompressor sexinin müdiri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-cü il tarixli qərarının 1 nömrəli əlavəsində 1100000b-24125 saylı kodla, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 10.2-ci bəndinin b) yarımbəndində göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 08.05.2021-ci il tarixli **********30020123X00025 nömrəli məktubunda göstərilmişdir ki, ARDNŞ-nin 31 avqust 2005-ci il tarixli 92 saylı əmrinə əsasən 01.09.2005-ci il tarixdən “Binəqədineft” NQÇİ ləğv edilmiş və sənədləri mühafizə üçün SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. İş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. Vətəndaşın işlədiyi peşələrin Azərbaycan respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə peşələrlə uyğunluq təşkil edib-etməməsi barədə məlumat verilməsi imkan xaricindədir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 1979-cu il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Belə ki, məhkəmə iş materiarında olan sənədləri tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 07.11.1979-02.03.1980-ci illərdə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin (NQDU) Təsərrüfat hesablı Tikinti Montaj Sahəsinə 2-ci dərəcəli betonçu vəzifəsində (3 ay 26 gün) - 03.03.1980-16.04.1980-ci illərdə yükləyici vəzifəsində (1 ay 15 gün); - 05.05.1980-29.06.1982-ci illərdə hərbi xidmətdə (2 il 1 ay 26 gün); - 10.08.1982-30.09.1986-cı illərdə “Kirovneft” Neft-qaz çıxarma idarəsinə buruq quyularının Yeraltı və əsaslı təmiri sexinə buruq quyularının yeraltı təmiri üzrə 4cü dərəcəli operator vəzifəsində (2130200a-15870, 4 il 1 ay 22 gün); - 01.10.1986-27.05.1987-ci illərdə 1 saylı Neft və qaz çıxarma (Neftpromstroy) sexinə buruq quyularının yeraltı təmiri üzrə 4-cü dərəcəli operator vəzifəsində (2130200a-15870, 7 ay 27 gün); - 28.05.1987-17.07.1988-ci illərdə istismar avadanlığının yayma təmir sahəsinə 1ci dərəcəli tornaçı, 2-ci dərəcəli tornaçı və 4-cü dərəcəli tornaçı vəzifələrində (1 il 1 ay 21 gün); - 18.07.1988-11.12.1988-ci illərdə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində (2130200a-18559, 4 ay 25 gün); - 12.12.1988-16.04.1989-cu illərdə istismar avadanlığının yayma-təmir sexinin baş mühəndisi vəzifəsində (4 ay 6 gün); - 17.04.1989-22.02.1990-cı illərdə Qaz kompressor sexinə 9 saylı Kompressor stansiyasının rəisi vəzifəsində (10 ay 6 gün); - 23.02.1990—18.05.1992-ci illərdə 1-ci kateqoriyalı mühəndis vəzifəsində (2 il 2 ay 24 gün); - 19.05.1992-05.11.1996-cı illərdə qaz kompressor sexinin rəisi vəzifəsində (4 il 5 ay 18 gün); - 06.11.1996-13.11.1996-cı illərdə “Binəqədineft” Neft-qaz çıxarma idarəsindən keçirilmə ilə mühəndis-texnoloq vəzifəsində (8 gün); - 14.11.1996-31.08.2005-ci illərdə “Binəqədineft” Neft-qaz çıxarma idarəsinə borutəmir bazasından keçirilmə yolu ilə qaz kompressor sexinə 15-ci dərəcəli rəis vəzifəsində (8 il 9 ay 17 gün); - 01.09.2005-31.12.2005-ci illərdə “X5” Qaz kompressor sexinə müdir vəzifəsində (4 ay). Göründüyü kimi, iddiaçının işlədiyi “quyularının yeraltı təmiri üzrə operator” və “təmirçi çilingər” peşələri ümumilikdə 5 il 2 ay 14 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan peşələrlə uyğunluq təşkil edir. Beləliklə, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 26 il 1 gün, güzəştli iş stajı isə 5 il 2 ay 14 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan güzəştli iş stajı ilə bağlı şərt ödənilmir. İddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi “qaz kompressor stansiyasının rəisi” vəzifəsinin 2 №-li siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən 2130200b – 24125 kod altında qeyd olunan “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” vəzifəsi ilə uyğunluq (eynilik) təşkil etməsi öz təsdiqini tapmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar