Məhkəmə qərarları › İş №2-1(112)-4349/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4349/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4349/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan hərbi biletini, diplomlarını, şəhadətnaməni, əmək kitabçasında göstərilən bütün əmək stajını, həmin stajın 14 ilinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməsini nəzərə almaqla, güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı 01.01.2020-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 01.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bəyəhməd kəndində anadan olmuşdur. O, 01.09.1980-ci il tarixdə 94 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş, 28.04.1981-ci il tarixdə Avtomat və yarımavtomat xətlərdə operator peşəsinə yiyələnmişdir. O, 09.05.1981-14.06.1983-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, 10.02.1984-cü il tarixdən 12.11.1984-cü il tarixədək Kalininqradda sürücülük məktəbində oxumuş, 1985-1987-ci il tarixlərdə X6 Texnikumunda Aqronom ixtisası üzrə təhsil almış, 1992-ci ildə Qarabağ uğrıında gedən döyüşlərdə iştirak etmiş və Qarabağ müharibəsi veteranıdır. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 14 ildən çoxunu o, zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda onun 57 yaşı var. Artıq 1 il 1 aydır ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər cavabdehə dəfələrlə müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə elməsinə maneə yaratmışlar. Əvvəl pensiya kapitalının az olmasını, sonuncu dəfə isə ümumi stajının 25 ildən az olmasını əsas gətirməklə ona imtina cavabı vermişlər. Lakin onun təhsil və hərbi xidmətdə olduğu illər, işlədiyi illər nəzərə alınmaqla onun pensiya hüququ yarandığı 57 yaşında, yəni 01.01.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur kı, bu stajın 14 ildən çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aiddir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin «b» bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması: və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının əmək stajını təsdiq edən sənədlərdən görünür ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Belə olan halda, iddiaçı 01.01.2006-cı il tarixədək tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Lakin iddiaçının işləmiş olduğu müəssisələr tərəfindən belə bir arayış təqdim edilməmişdir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.01.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 4 aprel 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 7 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 09.05.1981-cı il tarixdən 17.06.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 29.07.1992-ci ildən 12.09.1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş 08.06.2014-cü il tarixdə verilmiş M/V seriyalı 055623 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan 28.04.1980-ci ildə verilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi 1309 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı 01.09.1980-ci ildə Bakı şəhəri Xırdalan qəsəbəsi 94 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və 28.04.1981-ci ildə həmin məktəbi avtomat və yarımavtomat xətlərdə operator peşəsi üzrə bitirmişdir. İş materiallarında olan 04.07.1987-ci il tarixdə verilmiş KT seriyalı 391083 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1985-ci ildə X6 Texnikumuna daxil olmuş və 1987ci ildə həmin Texnikumun aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan “Holcim (Azərbaycan)” ASC-nin 09.12.2019-cu il tarixli güzəşt arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Orucov X1 zavodunda 126 K saylı əmrlə 25 sentyabr 1989-cu il tarixindən 1 iyun 2000-ci il tarixinədək “Karxana” sexində avtomovbil sürücüsü (Belaz tipli avtomobildə) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “1.Dağ-mədən işləri” maddəsinin “1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər”i bəndinin “a) fəhlələr” hissəsinə əsasən “avtomobil sürücüləri (özüboşaldanların)” peşəsi güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 10 il 8 ay 6 gündür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X8 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 12.11.2020-ci il tarixli, 28 saylı güzəşt arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşir. Cəmiyyətin əsas fəaliyyəti mişar daşı istehsalı karxanalarının tullantılarının daşınaraq xırdalanması və gil yatağından götürülmüş gilin əzilərək sement istehsalı üçün xammal hazırlanmasından ibarət olmuşdur. Cəmiyyətin işçisi olan İddiaçı 03.06.2002-ci il tarixdən 17.06.2004-cü il tarixədək (Əmr № 23; 03.06.2002), 16.05.2006-cı il tarixdən 01.09.2008-ci il tarixədək (Əmr № 42; 16.05.2006), 05.01.2011-ci il tarixdən 26.09.2011-ci il tarixədək (Əmr № 07; 05.01.2011) BELAZ sürücüsü işləmişdir. İddiaçı iş sahəsi zərərli və tozlu olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarının 1.2.1-ci maddəsinin “Açıqda dağmədən işləri və yer səthində işlər” “a” bəndinin “fəhlələr” yarımbəndinin texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli ilə məşğul olan avtomobil sürücüləri peşəsi üzrə güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 5 il, 20 gündür. İş materiallarında olan ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Qaradağ rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı (VÖEN:**********), (SSN-**********654) 01.01.2003-ci ildən 01.01.2006cı il tarixədək 2 il 8 ay olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Culfa rayon Dövlət Arxivinin 27 iyul 2021-ci il tarixli 141 saylı arayışından görünür ki, İddiaçı Culfa 52 №-li Tikinti Quraşdırma idarəsində 1979-cu ildə iyul və avqust aylarında əməkhaqqı almışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 03 avqust 2021-ci il tarixli 13/857 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı Başbaşı Kimya Birliyində işləmiş və 1980-ci ildə iyul, avqust və sentyabr aylarında əməkhaqqı almışdır. Əsas fond-732, siyahı -2, sax/vah.-65. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07.10.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı (VÖEN: **********) 01.06.2004-cü ildən 01.01.2006-cı il tarixədək fəaliyyətinin olub-olmaması və məcburi dövlət sosial ödənişlərinin olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətinizə Bakı şəhəri X7 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, uçot-baza məlumatlarına əsasən İddiaçı qeyd olunan dövrdə fəaliyyətinin aktiv olması və 01.04.2004-cü il tarixdən 31.12.2005-ci il tarixədək hesabat dövrləri üçün sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 5675,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01.01.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edildiyi üçün 01.06.2004-cü ildən 01.01.2006-cı il tarixədək məcburi dövlət sosial ödənişlərinin olubolmaması ilə bağlı məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.11.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin fiziki şəxs İddiaçı (VÖEN: **********) 01.06.2004-cü il tarixdən 01.01.2006-cı il tarixədək olan dövrlər üçün məcburi dövlət sosial sığorta ödənişləri, vergi dövriyyələri, vergi ödənişləri və fəaliyətinin olub-olmaması barədə məlumatların təqdim edilməsinə dair məktubunuza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X10 ətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, fiziki şəxs İddiaçı 01.06.2004-cü il tarixdən 01.01.2006-cı il tarixədək olan dövrlər üçün vergi ödənişləri 212,00 manat təşkil etmiş, hal-hazırda isə fəaliyyəti dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01.01.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmiş, müvafiq dövrlər üzrə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə hesabatların nəzarət funksiyası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna aid olduğundan müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan İddiaçı məxsus AT-İV seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.05.1981-ci ildən 17.06.1983-cü ilədək Sovet ordusu sıralarında xidmət keçmiş, 16.09.1983-cü ildə Kalininqrad vaqon tikinti zavodunda Mexaniki sexə 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş, 26.03.1985-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 04.05.1985-ci ildə Polevskiy rayonu “Zarya” Kolxozunda Tikinti fəsli ilə bağlı müvəqqəti olaraq işə qəbul edilmiş, 22.07.1985-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 23.07.1985-ci ildə Jdanov adına kolxozda Tikinti briqadasına fəhlə kimi qəbul edilmiş, 20.02.1986-cı ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 25.02.1988-ci ildə X8nda Nəqliyyat sexinə müvəqqəti tərtibatçı-dumpkarşik qəbul edilmiş, 25.09.1989-cu ildə Koryer sexinə “Belaz” avtomobilinin sürücüsü kimi qəbul edilmiş, 01.01.1994-cü ildə Qaraja (Şahqaya) “Belaz” avtomobilinin 2-ci dərəcəli sürücüsü vəzifəsinə keçirilmiş, 01.07.1997-ci ildə Avtokran sürücüsü 2-ci ixtisası verilmiş, 02.04.1999-cu ildə X8 "xxxx" ASC adlandırılmış, 01.06.2000-ci ildə Avtonəqliyyat sexinə “Belaz” avtomobilinin sürücüsü kimi keçirilmiş, 03.06.2002-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 03.06.2002-ci ildə "xxxx" MMC üzrə BELAZ sürücüsü vəzifəsinə işə qəbul edilmiş, 17.06.2004-cü ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, 16.05.2006-cı ildə "xxxx" MMC üzrə BELAZ sürücüsü vəzifəsinə işə qəbul edilmiş, 01.09.2008-ci ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, 01.09.2008-ci ildə "xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, 05.01.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.01.2011-ci ildə "xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, 27.09.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 27.09.2011ci ildə “X2 Services” LTD şirkətinin filialına sürücü vəzifəsinə qəbul edimiş, 21.112018-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 22.11.2018-ci ildə “X2 Services” LTD şirkətinin Bakı filialına sürücü (dərəcə 2) vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus POC seriyalı ******* nömrəli kolxozçunun əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 05.04.1986-cı ildə Qusyev rayonu, Qusyev adına Kolxozda Kolxozun üzvlüyünə tikinti briqadasına fəhlə kimi qəbul edilmiş, 12.07.1987-ci ildə öz xahişi ilə kolxoza üzvlükdən çıxarılmış (1986-cı ildə - kolxoz tərəfindən qəbul olunan ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimum 275, ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimumun yerinə yetirilməsi 230, 05.04.1986-cı ildən işə başlayıb; 1987-ci ildə - kolxoz tərəfindən qəbul olunan ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimum 275, ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimumun yerinə yetirilməsi 171, 10.07.1987-ci ilədək işləyib), 07.06.1994-cü ildə “Çəmən-yurd” k/m-də fəhlə vəzifəsinə qəbul edilmiş, 01.09.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçı 01.09.1980-ci ildən 28.04.1981-ci ilədək Bakı şəhəri 94 nömrəli şəhər texniki peşə məktəbində təhsil almış, 09.05.1981-cı ildən 17.06.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuş, 29.07.1992-ci ildən 12.09.1992-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, hazırda müharibə veteranıdır. Eyni zamanda iddiaçı 16.09.1983-cü ildə Kalininqrad vaqon tikinti zavodunda Mexaniki sexə 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş, 26.03.1985-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 04.05.1985-ci ildə Polevskiy rayonu “Zarya” Kolxozunda Tikinti fəsli ilə bağlı müvəqqəti olaraq işə qəbul edilmiş, 22.07.1985-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 23.07.1985-ci ildə Jdanov adına kolxozda Tikinti briqadasına fəhlə kimi qəbul edilmiş, 20.02.1986-cı ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 25.02.1988-ci ildə X8nda Nəqliyyat sexinə müvəqqəti tərtibatçı-dumpkarşik qəbul edilmiş, 25.09.1989-cu ildə Koryer sexinə “Belaz” avtomobilinin sürücüsü kimi qəbul edilmiş, 01.01.1994-cü ildə Qaraja (Şahqaya) “Belaz” avtomobilinin 2-ci dərəcəli sürücüsü vəzifəsinə keçirilmiş, 01.07.1997-ci ildə Avtokran sürücüsü 2-ci ixtisası verilmiş, 01.06.2000-ci ildə Avtonəqliyyat sexinə “Belaz” avtomobilinin sürücüsü kimi keçirilmiş, 03.06.2002-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 03.06.2002-ci ildə "xxxx" MMC üzrə BELAZ sürücüsü vəzifəsinə işə qəbul edilmiş, 17.06.2004-cü ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, 16.05.2006-cı ildə "xxxx" MMC üzrə BELAZ sürücüsü vəzifəsinə işə qəbul edilmiş, 01.09.2008-ci ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, 01.09.2008-ci ildə "xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, 05.01.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 05.01.2011-ci ildə "xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, 27.09.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 27.09.2011-ci ildə “X2 Services” LTD şirkətinin filialına sürücü vəzifəsinə qəbul edimiş, 21.11.2018-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 22.11.2018-ci ildə “X2 Services” LTD şirkətinin Bakı filialına sürücü (dərəcə 2) vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda iddiaçı 05.04.1986-cı ildə Qusyev rayonu, Qusyev adına Kolxozda Kolxozun üzvlüyünə tikinti briqadasına fəhlə kimi qəbul edilmiş, 12.07.1987-ci ildə öz xahişi ilə kolxoza üzvlükdən çıxarılmış (1986-cı ildə - kolxoz tərəfindən qəbul olunan ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimum 275, ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimumun yerinə yetirilməsi 230 (cəmi 10 ay), 05.04.1986-cı ildən işə başlayıb; 1987-ci ildə - kolxoz tərəfindən qəbul olunan ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimum 275, ictimai təsərrüfatda əmək iştirakı üzrə illik minimumun yerinə yetirilməsi 171 (cəmi 8 ay), 10.07.1987-ci ilədək işləyib), 07.06.1994-cü ildə “Çəmən-yurd” k/m-də fəhlə vəzifəsinə qəbul edilmiş, 01.09.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Həmçinin iddiaçı Culfa 52 №-li Tikinti Quraşdırma idarəsində 1979-cu ildə iyul və avqust aylarında, Başbaşı Kimya Birliyində isə 1980-ci ildə iyul, avqust və sentyabr aylarında işləmiş və əməkhaqqı almış, 01.06.2004-cü ildən 01.01.2006-cı ilədək fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı müddət və həqiqi hərbi xidmət keçdiyi müddət də daxil olmaqla (eləcə də döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilməklə) 01.01.2006-cı il tarixədək iddiaçı 25 il 14 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 25.09.1989-cu ildən 01.06.2000-ci ilədək X8nda Karxana sexində, 03.06.2002-ci ildən 17.06.2004-cü ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Belaz avtomobil sürücüsü vəzifəsində işləmişdir (hər iki vəzifə üzrə cəmi 12 il 08 ay 22 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (İ Bölmə - Dağ-mədən işləri, 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər, a) fəhlələr, kod 2010100a—11442, texnoloji prosesdə dağ-mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri) nəzərdə tutulmuşdur. İddiaçının güzəştli staja malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahələr və vəzifələr qeyd olunan Siyahılara uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahılarda göstərilən sahələr və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 12 il 08 ay 22 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə və vəzifədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır, ona görə də ona 57 yaşdan, yəni hüququnun yarandığı 01.01.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 01.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar