Məhkəmə qərarları › İş №2-1(112)-435/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-435/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-435/2020 05.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya məbləğinin yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 18 sentyabr 1989-cu ildən başlamışdır. 04 dekabr 1990-ci ildən 13 may 1992-cii lədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. 15 fevral 1995-ci ildən DİN-nin Yanğından Mühafizə orqanlarına xidmətə qəbul edilmişdir. 31 may 2006-cı ildə Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir. 23 dekabr 2016-cı ildə “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən yazılı ərizəsinə əsasən öz arzusu ilə xidmətdən azad olunmuşdur. Sonuncu dəfə o, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə hissəsinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etmişdir. O, 15 fevral 1995-ci ildən 23 dekabr 2016-cı ilədək 21 il 10 ay 08 gün Fövqəladə Hallar orqanlarında xidmət keçmişdir. Beləliklə, o, hərbi xidmətdə olduğu dövr, döyüş şəraitində xidmət etdiyi dövr və Fövqəladə Hallar orqanlarında işlədiyi dövr nəzərə alınmaqla 25 ildən artıq xidmət etmiş və 25 il stajı nəzərə alınaraq pensiya təyin edilmişdir. Fövqəladə hallar orqanlarında hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və dövlət qulluqçuları xidmət edir ki, fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər notmativ hüquqi aktlarla; əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəsissələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonraəməkdaşlar) “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilir. O, Fövqəladə Hallar Nazirliyinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində 25 il xidmət etdiyi halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi 24 dekabr 2016-cı ildən yaşa görə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azəbraycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Göründüyü kimi, o, Fövqəladə Hallar Nazirliyinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etdiyi hlda ona 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, qalan 5 ilin hər ili üçün 3 faiz olmaqla cəmi təminat xərcliyinin 65 faizi miqdarında pensiya təyin edilmişdir ki, bu da qanunvericiliyin tələbərinə ziddir. O, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutuan vəzifələrdə 25 il xidmət etdiyi üçü ona 15 il üçün aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox almamaq şərti ilə əmək pensiyası təyin olunmalı idi. 2015-ci ilin sonunadək də, onunla bir vəzifədə xidmət etmiş şəxslərə də, əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan heç bir əsas olmadığı halda hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) əmək pensiyaçılarına təyin edilir. Həmin Qanunun 20.28-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şxəslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: “Əmək pensiyaları haqqında” Qanunun 20.28.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında; həmin Qanunun 20.28.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlı bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi aşağıda göstərilənlərə əsasən hüquqi cəhətdən tam bir şəkildə əsassızdır. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” 22 iyun 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun “Fövqəladə hallar orqanlarında xidmətkeçmənin yaş həddini tənzimləyən 18-ci maddəsi vardır. Bu maddənin 1ci bəndi olduğu kim təqdim edirlər: 18.1. Əməkdaşlar fövqəladə hallar orqanlarında aşağıdakı yaş həddinədək xidmət edirlər: 18.1.1. sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər)- 50 yaş; maddədə mötərizə içərisində qeyd edilmiş hissə iddiaçının iddia tələbinə etirazın əsasını təşkil edir. Ona görə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının qanunu ilə 9.7-2-ci maddə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçilərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.) xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Deməli, fövqəladə hallar orqanlarının əməkdaşı kimi pensiya hüququ əldə etmək üçün həmin orqanlarda 35 il xidmət stajı tələb olunur. İddiaçı xx.xx.2019-cu il tarixində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə iə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə isə ona pensiya təyin edilmişdir. Bu zaman isə onun xidmət illərinin cəmi 25 il 03 ay 13 gün olmuşdur. Göründüyü kimi, iddiaçının fövqəladə hallar orqanının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya hüququ yaranmamışdır. Bu da o deməkdir ki, fövqəladə hallar orqanlarının əməkdaşı olsa da xidmət illərini (35 il) tamamlamadan pensiyaya çıxmış şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun “xüsusi rütbəli şəxslər”lə bağıl müddəaları tətbiq oluna bilməz. Ona görə də, iddiaçıya münasibətdə qanunvericilikdə bu cür hallar üçün nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsi tətbiq ediləcəkdir. Həmin maddədə deyilir: Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Yəni, hərbi qulluqçulara dair pensiya qanunvericiliyin müddəaları xüsusi rütbəli şəxslərə münasibətdə də tətbiq olunacaqdır. İddiaçıya “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərardan da göründüyü kimi, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsaəsn 50 yaşında pensiyaya hərbi qulluqçu kimi çıxmışdır, bu zaman onun 20 il 6 ay xidmət illəri olmuşdur. Yuxarıda göstərildiyi kimi iddiaçının 35 il xidmət illəri olmadığı üçün o, ümumiyyətlə fövqəladə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdir. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsi isə xidmət illərinə görə pensiya hüququ əldə etmiş fövqəladə hallar orqanlarının əməkdaşı olan xüsusi rütbəli şəxslərə aiddir. İddiaçı isə xidmət illərinin tamamlanmasını gözləmədən hərbi qulluqçu kimi 20 illik xidmət illərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiyaya çıxdığı üçün həmin 20.28.2-ci maddə artıq ona tətbiq edilə bilməz. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçının pensiyasına əlavələrin “Əmək pensiyaları haqqında” 20.28.2-ci maddəsi ilə hesablanmasına dair iddiasının hüquqi əsas yoxdur. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuya pensiya təyinatı onun təminat xərcliyindən hesablanaraq müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuların pensiya təminatı xüsusi rütbəli şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarının tələblərinə uyğun olaraq İdarəyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ona dair 13 mart 2017-ci il tarixli, xr80/17- 716 nömrəli məlumat vərəqəsi daxil olmuşdur. Həmin məlumat vərəqəsi əsasında İdarə tərəfindən ona 31 mart 2017-ci il tarixində sözügedən Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus 17/1320-006679 nömrəli pensiya işindən müəyyən olunur ki, iddiaçının hərbi rütbəsi daxili xidmət baş çavuşu olmaqla, onun cəmi iş stajı və xidmət illəri 25 il 03 ay 13 gün, cəmi pul təminatı (son 24 və ya istənilən ardıcıl gələn 60 ay üzrə ödənmiş orta aylıq əmək haqqına əsasən) isə 568.60 (beş yüz altmış səkkiz manat 60 qəpik) təşkil etmişdir. xx.xx.2016-cı il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə ehtiyata buraxılmışdır. Buna dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı barəsində xr80/17-716 nömrəli məlumat vərəqəsi göndərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 17/1320 nömrəli, xx.xx.2017-ci tarixli Qərarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 65 % miqdarında xx.xx.2016-cı il tarixdən ömürlük, 369.59 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının düzgün təyin edilməməsinə istinad edərək hesab edir ki, ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28.1-ci maddəsinə əsasən hesablanmalı idi. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1.20-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) olmuş əmək pensiyaçılarının qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.28-ci maddəsinə əsasən Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: -20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; -20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin faktiki hallarına əsasən iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir,onun xx.xx.2016-cı il tarixə 25 ildən çox (25 il 03 ay 13 gün) xidmət ili, daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. Lakin, cavabdeh tərəfindən ona pensiya təyin edilərkən qanunvericiliyin normaları iddiaçıya münasibətdə düzgün tətbiq edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbitəmin edilsin. İddiaçı pensiyasının yenidən hesablanması öhdəliyi cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar