Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-435/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Bilgəh bağlar sahəsində 59 saylı BTK nəzdində 0,07 hektar torpaq sahəsi olan 1706 saylı bağ sahəsinə onun mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 8/447 №li 20.06.1991-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Bilgəh bağlar sahəsində 59 saylı BTK nəzdində yerləşən faktiki sahəsi 665 kv. metr olan 706 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istimarı birliyi Bilgəh bağlar sahəsindəki 59 saylı kooperativinin B/S nömrəli orderinə uyğun olaraq Bakı şəhər İcraiyyə komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 saylı qərarına əsasən ona Bilgəh bağlar sahəsində 59 saylı BTK nəzdində 0,07 hektar torpaq sahəsi olan 1706 saylı bağ ayrılmışdır. Hazırki vaxtadək həmin bağ sahəsi onun şəxsi istifadəsindədir. 10 avqust 2020-ci il tarixində o, qeyd olunan bağ sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 03 sentyabr 2020-ci il tarixli **********92 nömrəli Daşınmaz əmlak üzərində hüquqlarının Dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Bildirişdə göstərilən hallar həqiqəti əks etdirmədiyindən, imtina əsassız və qanunsuz olduğundan hüquqlarını pozulmuş hiss edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 24.06.2021-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəməyə daxil olmuş DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********50 №li 16.05.2021-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi bir neçə bağ sahəsi ilə bir hasar daxilindədir və ara sərhədləri şərtidir. Ümumi ərazidə şərti göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 1705 saylı bağın ərazisinə uyğun gəlir (imtina məktubunda “1706” texniki səhv olaraq qeyd olunmuşdur). Habelə göstərilən bağ sahəsinin bir hissəsi 6,0 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəməyə gəlməmiş və gəlmədiyi barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçıxx.xx.1953-cü ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 18.06.2020-ci il tarixli M-240 № li arxiv çıxarışından (notarial qaydada təsdiq olunmuş surəti) müəyyən olunur ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 8/447 №li 20.06.1991-ci il tarixli qərarı ilə İddiaçı Bilgəh bağlar sahəsində 59 №li BTK-nin nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Bilgəh bağlar sahəsindəki 59 №li kooperativ tərəfindən İddiaçı verilmiş B/S №li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin order Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 №li qərarına əsasən ona Bilgəh qəsəbəsi bağlar sahəsində 59 №li BTK ərazisində 0,07 ha torpaq sahəsi olan 1706 № li bağ ayrılıb. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92 №li 03.09.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında Bildiriş”dən görünür ki, müraciətçiyə bildirilmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir və ara sərhədləri şərtidir. Ümumi ərazidə şərti göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 1705 (bildirişdə texniki səhv olaraq 1706 göstərilmişdir) saylı bağın ərazisidir. Həmçinin göstərilən bağ sahəsinin bir hissəsi 6,0 kVluq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrk şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********68 №li 25.05.2021-ci il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1705 saylı bağ evinə dair müvafiq sənədlər və sxematik xəritədən çıxarış məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X9 arasında Bilgəh ərazisindəki sahəsi 0,12 ha-dan ibarət 1705 nömrəli bağın istifadəyə verilməsi haqqında 21236 №li 19.01.2005-ci il tarixli müqavilə bağlanmış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sonuncunun adına “X11 kitabında” 13.02.2008-ci ildə 5143 nömrə ilə uçota alınmış A seriyalı 030720 №li torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına 11.03.2008-ci ildə qeydə alınmış və bu barədə ona Daşınmaz əmakın Dövlət Reyestrindən MH seriyalı ******* №li çıxarış verilmişdir. X9 ilə X3 arasında qeyd olunan torpaq sahəsinin sonuncuya bağışlanması barədə 17.01.2009-cu il tarixdə müqavilə bağlanmış və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun (G.Z.Qarayeva) adına 04.02.2009-cu ildə qeydə alınmış və bu barədə G.Z.Qarayevaya Daşınmaz əmakın Dövlət Reyestrindən MH seriyalı ******* №li çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1705 saylı bağ evi və onun yerləşdiyi 0,1153 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adına 09.07.2018-ci il tarixdə **********5 qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 16070 nömrəli vərəqində qeydiyyata alınmış və sonuncunun adına 09.07.2018-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.02.022-ci il tarixli **********84 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər XDS-nin İK-nin 20.06.1991-ci il tarixli, 8/447 nömrəli sərəncamına əsasən 59 nömrəli bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Bilgəh bağ massivində İddiaçı Kamil oğlunun adına bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur, lakin bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Həmçinin bildiririk ki, sözügedən bağ sahəsinin İddiaçı Kamil oğlunun adına ayrılmasına dair sənəd (order və sorğuya əlavə edilmiş b/s nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05.03.2022-ci il tarixli 10/7130 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki; Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 1706 saylı bağ sahəsi kimi təqdim olunmuş torpaq sahəsinin qərb istiqamətində sərhəd xəttindən kənarda yol boyu elektrik xəttinin keçdiyi müəyyən olunur. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xəttlərin gərginliyindən asılı olaraq 10 metr ilə 30 metr arasında dəyişir. Qeyd olunur ki, həmin torpaq sahəsinin kənarından keçən elektrik xəttinin gərginliyi və mühafizə zonası barədə məlumat müvafiq icra hakimiyyəti orqanına sorğu verməklə müəyyən oluna bilər. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, baxış zamanı 1706 saylı bağ sahəsinin yerləşdiyi ərazi kimi təqdim olunmuş torpaq sahəsinin faktiki olaraq 665 kv. metr təşkil etdiyi və həmin torpaq sahəsinin üç tərəfdən mişar daşı ilə, bir tərəfdən dəmir torla hasara alınaraq digər sahələrdən təcrid şəkildə ayrıldığı müəyyən edilir. İş materiallarına əlavə olunmuş bağların yerləşmə sxemində ölçülər, miqyas, hər hansı istinad nöqtəsindən məsafələr qeyd olunmadığından baxış zamanı təqdim olunmuş torpaq sahəsinin həmin sxemə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Aparılmış müqayisəli tədqiqatla müəyyən olunur ki, baxış zamanı 1706 saylı bağ sahəsi kimi təqdim olunmuş torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”a əsasən, X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1705 saylı bağ evinin yerləşdiyi 0,1153 ha torpaq sahəsi faktiki olaraq üst-üstə düşmür. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla, iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqan olan Xidmətin vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22. 3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər Belə ki, İddiaçı ayrılmış bağ sahəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bundan əlavə məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin üç tərəfdən mişar daşı ilə, bir tərəfdən dəmir torla hasara alınaraq digər sahələrdən təcrid şəkildə ayrıldığı və üçüncü şəxs Gülnarə Zəlimxan qızının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1705 saylı bağ evinin yerləşdiyi 0,1153 ha torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşmədiyi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər X10 İcraiyyə Komitəsinin 8/447 №li 20.06.1991-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Bilgəh bağlar sahəsində 59 saylı BTK nəzdində yerləşən faktiki sahəsi 665 kv. metr olan 706 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-435/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-435/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver