Məhkəmə qərarları › İş №2-1(112)-4350/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4350/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4350/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, o (iddiaçı) 1988 – 1990-cı illərdə 2 il hərbi xidmət keçmişdir. Qarabağ müharibəsi ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissarlığının əmrinə əsasən toplantı qaydasında cəbhə bölgəsində hərbi xidmətə çağırılmışdır. Müvafiq hərbi hissələrin nizami şəxsi heyətləri tərkibində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında atıcı vəzifəsində iştirak etmişdir. Döyüş zonasında 1 sentyabr 1993-cü il tarixdə ağır yaralanmış və 27 sentyabr 1993-cü il tarixədək Bakı şəhəri 19 saylı Şəhər Birləşmiş Xəstəxanasında müalicə olunmuşdur. Aldığı ağır travmalar nəticəsində həmin hərbi hissələrə yenidən hərbi xidmətə yararlı hesab olunmadığından, evə buraxılmışdır. Döyüş zonasında aldığı travma “hərbi travma” sayıldığına görə AR Müdafiiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 8 iyun 2016-cı il tarixli 542 nömrəli qərarı ilə ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hal-hazırda ikici qrup Qarabağ müharibəsi əlilidir. Mütəmadi həkim müayinəsinə və müalicəyə ciddi ehtiyacı vardır. Ona keçmiş hərbi qulluqçu və müharibə əili kimi icbari sığorta haqqının ödənilməsi ilə əlaqədar bir neçə dəfə cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin məsələ ilə bağlı ona qeyri-müəyyən cavab verilmişdir. Hesab olunur ki, işdə adı gedən cavabdeh qanunla müharibə əlillərinə və keçmiş hərbi qulluqçulara şamil edilən məcburi sığorta məbləğini ödəmək istəmir. Göstərilənlərə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» AR Qanununun 5-ci maddəsinin “ç” bəndinə və 6-cı maddəsinə əsaslanaraq, İPM-in 2, 2.2.2ci maddələrinin tələblərini rəhbər tutaraq, ona (iddiaçıya) keçmiş hərbi qulluqçu və ikinci dərəcəli Qarabaq müharibəsi əlili kimi qanunla şamil edilən 6.600 manat icbari sığorta məbləğinin cavabdehdən tutularaq ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Çünki, hazırkı mübahisə publik deyil, mülki xarakterlidir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar