Məhkəmə qərarları › İş №2-1(112)-4354/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4354/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4354/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiаçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 10.07.2020-ci il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1982-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər nəzərə alındıqda, onun 55 yaşı tamam olduğu vaxta ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının kimya istehsalatı üzrə fəaliyyət göstərdiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8 bölməsinin 8.1.1 bəndində və XXİX bölməsinin a bəndində nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının kifayət olmaması səbəbi ilə imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qadınlar ilə əlaqədarüç tələb müəyyənləşdirilir: 55 yaşına çatma (yaş), azı 20 il ümumi və 10 il güzəştli iş stajına malik olma (staj) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı). İddiaçı isə qeyd olunan 3-cü tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq iddiaçıya münasibətdə 45.600 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32.373,84 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: -10.08.1982-ci il tarixdən 23.01.1991-ci il tarixədək “Nax.MSSR-nin 50 illiyi” üzümçülük sovxozunda fəhlə vəzifəsində işləmiş; 05.02.1991-ci il tarixdən 15.01.1993-cü il tarixədək MTİ Trest “Sumqayıt kauçuktəmir-tikinti” Dəmir yollarının təmiri sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş;10.02.1993-cü il tarixdə Sumqayıt “Sintezkauçuk” MTTİİnin mexanizasiya və yolların təmiri sexinə 2 dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, 01.02.1994-cü il tarixdə həmin sexə iqtisadçı vəzifəsinə keçirilmiş, 02.01.1995-ci il tarixdə D-1A sexinə iqtisadçı vəzifəsinə keçirilmiş, 07.02.2001-ci il tarixdə Yeni butadien sexinin D- 3-5 şöbəsinə 5-ci dərəcəli aparatçı keçirilmiş, 24.09.2002-ci il tarixdə həmin sexdə D-4 A şöbəsinə Xt-170, Xt-175, kalonları üzrə 5 dərəcəli aparatçı vəzifəsinə keçirilmiş, 03.06.2009-cu il tarixdə həmin sexdə tabelçi vəzifəsinə keçirilmiş, 29.06.2010-cu il tarixdə 15 nömrəli yeni butadien sexinə 3-cü dərəcəli qovma aparatçısı vəzifəsinə keçirilmiş, 21.09.2011-ci il tarixdə Piroqazın və suyun hazırlanması sexinə xammalın hazırlanması və yarım fabrikat hazır məhsulun 3-cü dərəcəli buraxılması aparatçısı vəzifəsinə keçirilmiş və 05.11.2013-cü il tarixdə işdən azad edilmiş; 28.11.2013-cü il tarixdə 01 saylı Abadlaşdırma sahəsinə 5-ci dərəcəli abadlaşdırma üzrə fəhlə peşəsinə qəbul edilmiş, 07.05.2014-cü il tarixdə 02 saylı izolyasiya sahəsinə 3-cü dərəcəli izoləedici plyonkacı peşəsinə keçirilmiş və hazırda həmin peşə üzrə əmək qabiliyyətini davam etdirir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə baxılmış və cavab olaraq ona bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32.373,84 manat təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırılması zamanı iş üzrə zərurət yarandığından İddiaçı fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalnn müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab məktubundan məlum olmuşdur ki, -xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 2006 yanvar – 2020 sentyabr dövrü üzrə pensiya kapitalı 16.210,53 manat təşkil edir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş aşağı həddən az olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi və fərdi sığorta hesabında toplanmış pensiya kapitalı müəyyən edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 55 yaşına çatması; b)İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırmalardan müəyyən olunur ki, İddiaçı yaş və staj ilə bağlı şərtləri ödəmişdir. Belə ki, iddiaçının əmək kitabçasından və Azərbaycan Respublikasının Dövlət Neft Şirkərinin “Azərkimya”İstehsalat Birliyi “Etilen- Polietilen” X1 tərəfindən təqdim olunmuş güzəştli arayışlardan görünür ki, o, 07.02.2001- 31.12.2005-ci ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində aparatçı, 01.01.2006-31.12.2006-cı ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun yeni butadien sexində aparatçı vəzifəsində, 21.09.2011-05.11.2013-cü ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun piroqazın və suyun hazırlanması sexində aparatçı və 07.05.2014-10.07.2020ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 2 saylı İzolyasiya sahəsində izoledici-plyonkaçı vəzifəsində işləmişdir. Sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8 bölməsinin 8.1.1 bəndində və XXİX bölməsinin a bəndində göstərilmişdir. Qeyd olunanları nəzərə aldıqda məlum olur ki, iddiaçının 55 yaşı tamam olduğu 10.07.2020-ci il tarixədək ümumilikdə 37 il 09 ay 01 gün ümumi iş stajı və 14 il 02 ay 12 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş, ümumi və güzəştli iş stajları ilə bağlı nəzərdə tutulan şərtlər ödənilsə də, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı ilə bağlı şərt ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilən imtina məktubundan, həmçinin də, məhkəməyə təqdim olunmuş etiraz ərizəsindən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32.373,84 manat təşkil edir. Məhkəmə iddiaçının pensiya kapitalının 32.373,84 manat təşkil etməsi ilə bağlı araşdırma aparmazdan əvvəl, ilkin olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının nə qədər olmasını müəyyən etməlidir. Bu məsələnin həlli “Əmək pensiyaları haqqında” Qanunun və onun əsasında qəbul olunmuş normativ hüquqi aktların müddəaları əsasında həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə görə, 01 iyul 2020 – 30 iyun 2021 dövr üzrə qadınlar üzrə pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, imtina məktubu verilər tarixə qadınlar üzrə pensiya yaşının 62 olmasını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 62 yaş – 55 yaş (güzəştli şərtlə pensiya çıxma yaşını) =7 x 12= 84 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 228 ay x 200 manat (minimum pensiya məbləği) = 45.600 manat. Bundan başqa, iddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.; -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir. İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4 Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik 01.01.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın 01.01.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Yuxarıda göstərilənlər əsasında məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək topladığı iş stajının 23 il 03 ay 14 gün (10.08.1982-23.01.1991; 05.02.1991-15.01.1993; 10.02.1993-01.01.2006) təşkil etməsini əsas götürərək, həmin illərə görə pensiya kapitalının 7.126,236986 (23x306+306/12x3+306/365x14) manat olduğunu müəyyən edir. Həmin məbləğə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etdikdə, məhkəmə, hər ilə görə pensiya kapitalını aşağıdaki qaydada müəyyən edir: 01.01.2007-ci il tarixə 7.717,714656 manat (7.126,236986 manat + 7.126,236986 manat x 8,3 % (istehlak qiymətləri indeksinin 2006-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2008-ci il tarixə 9.006,573003 manat (7.717,714656 manat + 7.717,714656 manat x 16,7% (istehlak qiymətləri indeksinin 2007-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2009-cu il tarixə 10.879,94019 manat (9.006,573003 manat + 9.006,573003 manat x 20,8% (istehlak qiymətləri indeksinin 2008-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2010-cu il tarixə 11.043,13929 manat (10.879,94019 manat + 10.879,94019 manat x 1,5% (istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2011-cu il tarixə 11.672,59823 manat (11.043,13929 manat + 11.043,13929 manat x 5,7% (istehlak qiymətləri indeksinin 2010-cu il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2012-ci il tarixə 12.594,73349 manat (11.672,59823 manat + 11.672,59823 manat x 7,9 % (istehlak qiymətləri indeksinin 2011-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2013-cu il tarixə 12.733,27556 manat (12.594,73349 manat + 12.594,73349 manat x 1,1 % (istehlak qiymətləri indeksinin 2012-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2014-cü il tarixə 13.038,87417 manat (12.733,27556 manat + 12.733,27556 manat x 2,4 % (istehlak qiymətləri indeksinin 2013-cü il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2015-ci il tarixə 13.221,41841 manat (13.038,87417 manat + 13.038,87417 manat x 1,4 % (istehlak qiymətləri indeksinin 2014-cü il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2016-ci il tarixə 13.750,27515 manat (13.221,41841 manat + 13.221,41841 manat x 4 % (istehlak qiymətləri indeksinin 2015-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2017-cı il tarixə 15.455,30927 manat (13.750,27515 manat + 13.750,27515 manat x 12,4 % (istehlak qiymətləri indeksinin 2016-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2018-ci il tarixə 16.336,26189 manat (15.5455,30927 manat + 15.455,30927 manat x 5,7 % (istehlak qiymətləri indeksinin 2017-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2019-cu il tarixə 16.826,34975 manat (16.336,26189 manat + 16.336,26189 manat x 3 % (istehlak qiymətləri indeksinin 2018-ci il üzrə illik səviyyəsi)) məbləğində, 01.01.2020-ci il tarixə 19.619,52381 manat (16.826,34975 manat + 16.826,34975 manat x 16,6 % (istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsi)) məbləğində. 01.01.2021-ci il tarixə 21.856,14952 manat (19.619,52381 manat + 19.619,52381 manat x 11,4 % (istehlak qiymətləri indeksinin 2020-cİ il üzrə illik səviyyəsi)) məbləğində. İddiaçının 01.01.2006-cı il tarixədək qazandığı əmək stajına görə pensiya kapitalının 21.856,15 manat, 01.01.2006-cı il tarixdən hazırki günədək pensiya kapitalının isə 16.210,53 manat olduğunu nəzərə aldıqda məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı ümumilikdə pensiya kapitalı 38.066,68 manat təşkil edir. Nəzərə alınmalıdır ki, 01.01.2006-cı il tarixdən hesablanmış 16.210,53 manat pensiya kapitalı, DSMF-nın struktur bölməsi olan Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən təqdim olunmuş “sığortaolunanın hesabı” haqqında məlumat cədvəllində əks olunmuşdur. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 167 (38.066,68/228 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 7.533,32 manat fərq ilə 38.066,68 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının pensiya kapitalının 32.373,84 manat olması göstərilsə də, həmin pensiya kapitalının hesablama qaydası məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı qeyd olunur ki, pensiya kapitalına istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsi dərəcəsi tətbiq edilməsə belə, Z.Hüseynovnanın 27.08.2020-ci il tarixinə (imtina məktubunun tarixinə) pensiya kapitalı 35.830,05 manat təşkil edir ki, bu da göstərilən 32.373,84 manat məbləğ ilə üst-üstə düşmür. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, İddiaçı nə 01.08.1997-ci il tarixədək, nə də 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən sahədə nəzərdə tutulan iş stajını toplamamış, onun “Əmək pensiyaları haqqında” və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunlarında nəzərdə tutulmuş yaş və staj ilə bağlı şərtlər ödənilmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə izah edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsində göstərilən “xüsusi hesab” vasitəsindən istifadə edərək, pensiya təminatının formalaşdırılması məqsədilə pensiya kapitalının artırılması üçün əlavə vəsait ödəyərək, aidiyyəti üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aidiyyəti orqana müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar