Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4356/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və Bakı şəhəri 11 saylı Notariat Ofisi) «torpaq sahəsinə və oradakı yaşayış evinə mülkiyyət hüquqlarına dair mərhumun və üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və reyestrdən çıxarışların etibarsız sayılması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və Bakı şəhəri 11 saylı Notariat Ofisi) ünvan 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0443 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına dair mərhum X2 və vərəsəlik qaydasında X6 daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və reyestrdən çıxarışların etibarsız sayılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM)45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisini 2004-cü ilin aprel ayında X5 və onun mərhum əri X3 almışdır (vasitəçinin iştirakı ilə). Həmin vaxt sözügedən əmlaka dair reyestrdən çıxarış olmadığından, alqı-satqı notarial qaydada rəsmiləşdirilməmişdir. O (iddiaçı), həmin vaxtdan sözügedən tikilidə yaşayır. 2019-cu ilin yayında ona məlum olmuşdur ki, həmin tikiliyə X6 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 2 saylı Vəkil Börosunun sorğusuna 7 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi ünvan 2rəli 30 may 2019-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həmin İdarənin 2 saylı Vəkil börosuna ünvanlanmış 30 avqust 2019-cu il tarixli məktubunda göstərilir ki, sözügedən ev Bakı şəhəri 11 saylı Notariat Kontorunun 16 aprel 2019-cu il tarixli məktubu və X2 adına 1964-cü ildə tərtib olunmuş texniki pasport əsasında 6 may 2019-cu il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Notariusun məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mərhum Hümbət Gülhüseyn oğlunun adına olmuş, lakin həmin sahəyə dair onun ölümünə qədər əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Buna görə də reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Bildirilir ki, qanunvericiliyin tələbinə görə texniki pasporta əsasən daşınmaz əmlak üzərində, xüsusən də torpaq üzərində mülkiyyət hüququnun tanınması mümkün deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Lakin həmin maddədə tikilinin texniki pasportunun daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilməmişdir. Çünki, texniki pasport hüquq müəyyən edici sənəd deyil. Ümumiyyətlə, X6 və mərhum X2 adına reyestrdən çıxarışların qanuni əsaslarla əldə olunması ehtimal edilsə də, çıxarışda göstərilən daşınmaz əmlakın ümumi sahəsi, yəni 70 kv.m hissə X7 məxsus “B” tikilisinə aiddir. Çünki, “B” tikilisinin sahəsi 70 kv.m-dir. Əgər çıxarışa əsasən daşınmaz əmlakın ümumi sahəsi 70 kv.m-dirsə və “B” tikilisinin sahəsi də 70 kv.m-dirsə, “A” tikilisinə mülkiyyət hüququ tanına bilməzdi. 2004-cü ildən hər iki tikili arasında daş hasar var və hər iki tikilinin girişləri də ayrıdır. X1 adına olan texniki pasportda qeyd edilən daş hasar göstərilməmişdir. Cavabdeh orqanın əməkdaşları həyətə və evə daxil olmadan hansı formada ölçülər aparmış, texniki göstəricilər əks etdirmişlər? . . . Torpaq hansı qanunvericiliyin tələbinə riayət edilməklə X2 adına qeydiyyatdan keçə bilərdi? 2004-cü ildən etibarən ünvandakı “A” tikilisinin bütün kommunal xərclərini (qaz, su, elektrik enerjisi üzrə) o (iddiaçı), ödəmiş, müvafiq abonent müqavilələri onunla bağlanmışdır. Uzun illər ərzində quraşdırılmış avadanlıqları, hündür hasarı görməyən cavabdehin vəzifəli şəxslərinin əməlində cinayət əlamətləri var. X6 adına olan və ərizəyə əlavə edilmiş çıxarış onun tərəfindən yalnız 24 iyun 2019-cu il tarixdə alınmışdır. O vaxta qədər həmin ünvana dair ilkin çıxarış 1964-cü ildə tərtib olunmuş texniki pasporta əsasən 3 avqust 1993-cü il tarixdə vəfat etmiş X2 adına 6 may 2019-cu il tarixdə verilmişdir. 30 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında isə, X6 adına yeni reyestrdən çıxarış verilmişdir. X2 adına verilmiş çıxarışa əsasən daşınmaz əmlakın ümumi sahəsi 70 kv.m-dir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 71-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 7, 8, 10.2, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 84-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə, İPM-in 15, 35, 45, 46, 68-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1 və 5-ci bəndlərinə əsaslanaraq, ünvan 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0443 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına dair mərhum X2 və vərəsəlik qaydasında X6 daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və reyestrdən çıxarışların etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə vurğulayır ki, mövcud qanunvericilik hər hansı daşınmaz əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının məhkəmə qaydasında mübahisələndirilməsini nəzərdə tutur. Lakin hazırkı İddiaçı sözügedən (ünvan 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0443 ha torpaq sahəsi) daşınmaz əmlakla bağlı hər hansı hüquq əldə etmədiyindən, məhkəmənin qənaətinə görə o, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2, 23, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4356/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4356/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver