Məhkəmə qərarları › İş №2-1(112)-4359/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4359/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4359/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X1 ona məxsus ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxs iddiaçının qızı Novruzzadə Nuranənin həyat yoldaşıdır. Onlar 14 yanvar 2010-cu ildə nikah bağlayıblar. Birgə nikahlarından on və iki yaşlarında iki övladları var. Ailə münasibətlərində çıxan problemlər səbəbindən hal-hazırda boşanmaq üzrədirlər və iş Nəsimi rayon Məhkəməsində baxılmaqdadır. İddiaçının yaşadığı və qeydiyyatda olduğu 2 otaqlı ev onun xüsusi mülkiyyətindədir. Orada iddiaçı və onun ailə üzvləri – həyat yoldaşı, iki qızı, oğlu, qızı Novruzzadə Nuranənin övladları və üçüncü şəxs X3 qeydiyyatdadırlar. İddiaçı bildirir ki, üçüncü şəxs ona məxsus evə 11 mart 2011-ci ildə - nikahdan 1 il sonra iddiaçının razılığı ilə pasport qeydiyyatına alınmışdır. Bu da onunla bağlı olmuşdur ki, üçüncü şəxsin Bakı şəhərində evi yox idi, işə düzəlməli idi, ondan şəhər qeydiyyatı tələb olunurdu. Üçüncü şəxsin mərhum atası iddiaçıdan xahiş etmişdir ki, kürəkənini öz evinə qeydiyyata aldırsın. İddiaçı bildirir ki, üçüncü şəxs qeydiyyata alındığı dövrdən əvvəl və sonra sözügedən evdə heç vaxt yaşamayıb. Üçüncü şəxs iddiaçının qızı ilə kirayə mənzildə yaşamışdır. Hazırda boşanmaqdadırlar. X3 ünvan 3 ünvanında fatiki olaraq yaşayır. Bunu boşanmaya dair iddia ərizəsində həmin ünvana istinad etməklə özü də təsdiqləmişdir.Üçüncü şəxsin iddiaçıya məxsus evdə heç bir mebeli, məişət əşyası, geyimi və s. yoxdur. Onun qeydiyyatda qalması iddiaçının mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməsinə mane olur. İddiaçı 2021-ci ilin avqust ayında X2 qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı onun istifadə hüququna xitam verilməsiləna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(006)-5512/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bu səbəbdən iddiaçı üçünü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, lakin Nəsimi rayon Polis İdarəsi ərizənin təmin edilməsindən imtina etmiş və inzibati məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(006)-5512/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X4qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmişdir.

4. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının üçüncü şəxslə ünsiyyəti yoxdur, üçüncü şəxs həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatı formal xarakter daşıyır.

5. Üçüncü şəxs X3 məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinə dair yazılı etiraz ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh Nəsimi rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 31.12.2021ci il tarixli və 14.03.2022-ci il tarixli məktublarda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

9. Cavabdeh Nəsimi rayon polis idarəsi tərəfindən iddiaçıya verilmiş 18.10.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir, odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Məhkəmənin hazırki iş üzrə 09.12.2021-ci il tarixli qərardadı ilə X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X3 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 5 qeydiyyat tarixi 26.02.2008-ci il olmaqla İddiaçı məxsusdur.

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.12.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X1 Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 42 saylı evə dair istifadə və ya digər məhdud əşya hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

14. Üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etmir.

15. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli arayışda göstərilmişdir ki, X3 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq yaşamır.

IV. Məhkəmənin mövqeyi

16. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə əlaqələri yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

23. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X1 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar