Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4360/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 14) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov küçəsi, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, o, 3 mart 1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 15 fevral 1979-cu ildən 25 aprel 1981-cü il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda quraşdırıcı zərgər vəzifəsində işləmiş, 27 aprel 1981-ci il tarixdən 10 iyun 1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 15 iyul 1983cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər, 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər, 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011ci il tarixədək "xxxx" kiçik müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər vəzifəsində işləmişdir. 1 yanvar 2006-cı il tarixədək 26 il 8 ay 8 gün ümumi iş stajı var, həmin müddətin 15 il 5 ay 18 günü güzəştli şərtlərlə pensiya hüququ verən işlərdəki stajdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahı üzrə malikdir. Hesab olunur ki, ona (iddiaçıya) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, həmin müraciət təmin olunmamışdır. İmtinanın səbəbi kimi, onun "xxxx" KM-də işlədiyi dövrdə sosial sığorta haqlarının ödənilməməsi göstərilmişdir. Halbuki, 1 yanvar 2006-cı il tarixədək müəssisələrin sosial sığorta haqları Azərbaycan Respublikasının müvafiq qanunu ilə silinmişdir. Buna görə də hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən ona 3 mart 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçı cavabdeh DSMF X5 İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbini irəli sürərək iddia qaldırmışdır. İddia əsassız hesab olunur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 3 mart 1961-ci il tarixdə doğulmuşdur. Onun 57 yaşı 1 iyul 2017-ci il tarixdən sonra tamam olmuşdur. Buna görə də ona 57 yaşdan pensiya təyin olunması üçün, onun 01 yanvar 2006-cı il tarixədək həm ümumi, həm də güzəştli iş stajı tamamlanmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Təqdim olunmuş sənədlərdə 04 fevral 1999cu il tarixdən 02 noyabr 2011-ci il tarixədək olan dövr ərzində iddiaçının işlədiyi "xxxx" kiçik dövlət müəssisəsi tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. Belə ki, o, müxtəlif dövrlərdə ayrı-ayrı müəssisələrdə işlədiyi “quraşdırıcı zərgər” peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə zərərli olan işlərdə, çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “zərgər və bədii məmulatları qaralaynlar” (kod 2150700a – 19553) peşəsi ilə eyniləşdirmişdir. Halbuki, Siyahıdakı həmin peşə metal emalı sahəsinə, qaynar üsulla matalın üzlənməsi bölməsinə aid olsa da, iddiaçı tərəfindən təqdim edilən arayışlardakı onun iş yerlərinin sözügedən sahəyə aid olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarışması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən 22 iyun 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 03 mart 1981-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 14-dür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Güzəşt arayışı”nda aşağıdakılar bildirilmişdir: - İddiaçı həqiqətən əmək kitabçasına və arxiv sənədlərinə əsasən 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlərin Təmiri” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. 1 fevral 1989-cu il tarixdən həmin Zavod yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər” müəssisəsi yaradılmışdır. İddiaçı 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 15 il 5 ay 18 gündür. "xxxx" ASC isə, “Zərgər” müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 1 iyul 2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işlərini aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL), eləcə də qaynaq işlərini aparmaq üçün benzindən istifadə etmiş, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarında emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcəsi üzrə iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir – zərgər quraşdırıcı, zərgər şəbəkəçi, zərgər sepçi, zərgər nəqqaş, zərgər bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatlara dair bəndində zərərli sahə kimi nəzərə alınaraq, 2150700a – 19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunvericiliyinin tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştlə yaşa görə təqaüdə çıxmaq hüququna malikdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. O, 15 fevral 1979-cu il tarixdən 25 aprel 1981-ci il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda quraşdırıcı zərgər işləmiş və 25 aprel 1981-ci il tarixdən 10 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 iyul 1983-cü il tarixdən 1 fevral 1989-cu il tarixədək “Dəqiq Mexanizmlər” Zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər, 1 fevral 1989-cu il tarixdən 3 yanvar 1999-cu il tarixədək “Zərgər” müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər işləmişdir. Əmək kitabçasında 4 fevral 1999-cu il tarixdən 2 noyabr 2011-ci il tarixədək "xxxx" kiçik müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər vəzifəsində işləməsi də qeyd olunmuşdur. O, 57 yaşı tamam olduğu 03 mart 2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun (iddiaçının) 1999 – 2011-ci illərdə işlədiyi "xxxx" kiçik dövlət müəssisəsi tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına aid etmək mümkün deyildir, bu səbəbdən onun ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən az təşkil edir. Məhkəmə icraatında cavabdeh tərəf imtinanın əsası kimi ikinci dəlil kimi bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə onun işlədiyi “zərgər” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahıda əks olunan “metal emalı sahəsində qaynar üsulla metalın üzlənməsi bölməsində zərgər və bədii məmulatları qaralayanlar” peşəsinə aid olması müəyyən edilmir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə mübahisəyə qiymət verərkən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 6-cı bəndinə görə hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi bilet, əsgər kitabçası, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur (Qərar qüvvədən düşmüşdür). Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XİV. Metal emalı” bölməsinin “7. Qaynar üsulla metalın üzlənməsi” bəndində hazırkı İddiaçı 2006-cı ilin 1 yanvar ayının 1dək ümumilikdə 12 il 6 aydan çox işlədiyi “zərgər” peşəsi 2150700a – 19553 kodlanəzərdə tutulmuşdur. İddiaçının işlədiyi peşə ilə bağlı cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında həmin Siyahıdakı kodla müəyyən edilmiş peşəyə aid olmamasını bildirməsi ilə bağlı məhkəmə iş materiallarında olan "xxxx" ACS-nin arayışında göstərilən xüsusatları diqqətə çəkir. Həmin arayışda İddiaçı zərgərlik məmulatları və onların hissələrini məhz fərdi qaydada əl ilə və “qaynar üsulla qaynaq işləri” çərçivəsində hazırladığı vurğulanmışdır. Cavabdeh tərəfin bu halı (iddiaçının peşə xüsusiyyətləri üzrə) təkzib edən əks arqumenti olmadığından, məhkəmə iddiaçının işlədiyi “zərgər” peşəsinin AR Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda 2150700a – 19553 kodla nəzərdə tutulan peşə ilə eynilik təşkil etməsi qənaətinə gəlir və cavabdehin mübahisənin bu hissəsində mövqeyi ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin digər dəlili isə, iddiaçının 1999 – 2011-ci illərdə "xxxx" X3 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasıdır. Cavabdeh tərəf bu mövqeyini həmin müəssisənin müvafiq dövrdə DSMF-yə məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi ilə əsaslandırır. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşmır. Belə ki, hətta həmin haqların ödənilmədiyi barədə mötəbər sübutlar təqdim olunsa da (halbuki, məhkəməyə təqdim olunmamışdır və bu halın araşdırılmasını da məhkəmə zəruri bilmir), 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri pensiya təyin olunması üçün (qanunla müəyyən edilmiş hallar istisna olmaqla) 1 yanvar 2002-ci il tarixədək əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əmək fəaliyyəti müddətinin daxil olunmamasını nəzərdə tutmur. Bundan başqa, Azərbaycan Respublikasının «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» 06 mart 2018-ci il tarixli Qanunu ilə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı 04 fevral 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" X2 iş stajı onun əmək pensiyası təyin olunması üçün sosial sığorta stajına daxil edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı 1999 – 2006-cı illərdə "xxxx" X3 işləməsi ona məxsus əmək kitabçası ilə təsdiqini tapır. Həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi sözügedən əmək kitabçası həmin hissədə mötəbər hesab olunur. Odur ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt, yəni 03 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 15, 17 və 19-cu maddələrinə) zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Təyin olunan əmək pensiyasının ödənilməmiş məbləğinin ödənilməsinə gəldikdə isə məhkəmənin mövqeyi belədir ki, mübahisənin bu hissəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7 və 32.1-1-ci maddələrinin tələblərinə uyğun tənzimlənməlidir. Belə olan halda, iddiaçı 57 yaşı tamam olmasından 3 ildən artıq vaxt keçmədən müraciət etdiyindən, pensiya təyin olunarkən ödənilməmiş məbləğ qeyd olunan normalara uyğun ödənilməlidir. İddia həmin hissədə də əsaslıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan, yəni 03 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4360/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4360/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver