Məhkəmə qərarları › İş №2-1(112)-4362/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4362/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4362/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “soyadın və ata adının növbəti dəfə dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “soyadın və ata adının növbəti dəfə dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı soyadın “Əzimzadə”dən “Əzimov”-a, ata adının “Əli”dən “Əliyeviç”ə dəyişdirilməsi və bu barədə dəyişikliklərin doğum haqqında akt qeydində qeyd edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Bu fakt xx.xx.1971-ci il tarixdə Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydləri kitabında 1928 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu zaman onun soyadı “Əzimov” olmuş, akt qeydləri kitabında, eyni zamanda ona təqdim olunmuş doğum haqqında şəhadətnamədə də, bu formada qeyd olunmuşdur. Qeyd edir ki, daha sonra 2004-cü il tarixdə o, soyadının “Əzimov”dan “Əzimzadə”yə dəyişdirilməsi məqsədilə tərəfindən Cavabdehnə rəsmi şəkildə müraciət edilmiş, müraciəti təmin edilmiş, soyadının “ov” sonluğu “zadə” ifadə forması ilə əvəz edilərək “Əzimzadə” kimi yazılmışdır. Bunun əsasında ona xx.xx.2004cü il tarixdə AZ- İ 449868 nömrəli doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Onu da, qeyd etmişdir ki, bu fakt Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1357/15 saylı arayış ilə də, təsdiq olunur. Belə ki, həmin arayışda “xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 doğumu haqqında xx.xx.1971-ci il tarixdə Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 1928 saylı akt qeydində onun soyadının “ov” sonluğu Azərbaycan Respublikasının Milli Məclisinin 1993-cü il 02 fevral tarixli, 495 nömrəli qərarına əsasən, “zadə” ifadə forması ilə əvəz edilərək “Əzimzadə” kimi yazıldığı” qeyd olunmuşdur. O, hazırki tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Milliİ Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əəsasən “ov” “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “lı “ “li” , “lu” ,”lü”, “zadə”, “soy” , ”gil”, ”oğlu”, ”qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Vətəndaşın ərizəsinə əsasən soyadı M.M xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən soyadı Əzimov-dan Əzimzadə-yə dəyişdirilmişdir. İddiaçı soyadının Əzimzadə-dən Əzimov-a ata adının Əli oğlunda Əliyeviç-ə dəyişdirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş əsasların olmaması səbəbindən vətəndaşın xahişinin təmin olunması imkanımız xaricindədir. Göstərilənlərə əsasən ona aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəqəsinə əsasən İddiaçı xx.xx.1971-ci il təvəllüdlü olmaqla ünvan 2 ünvanında qeydiyyatdadır.

8. Səbail rayon VVADQ Şöbəsi tərəfindən 02 aprel 2004-cü il tarixdə verilmiş AZ- İ seriyalı 449868 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında Nümayəndə qeyd edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023cü il tarixli 3-16-5/8-1341/15 nömrəli məktubla imtina edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-5/7-13/172 nömrəli məktubla iddiaçının doğum akt qeydinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Akt qeydinə əsasən müəyyən edilmişdir ki, xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 doğumu haqqında 24 noyabr 1971-ci ildə Cavabdehndə tərtib olunmuş 1928 saylı akt qeydində onun soyadının “ov” sonluğu Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 02 fevral tarixli 495 nömrəli qərarına əsasən “zadə” ifadə forması ilə əvəz edilərək “Əzimzadə” kimi yazılmışdır. Ata adı isə “Əliyeviç” deyil “Əli” kimi yazılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı ona məxsus xx.xx.1971-ci il tarixdə tərtib edilmiş 1928 nömrəli akt qeydində öz soyadını və ata adını artıq müraciəti əsasında 02 aprel 2004-cü il tarixdə dəyişdirmişdir. Bu barədə doğum haqqında akt qeydində müvafiq düzəliş edilmiş və həmin akt qeydi əsasında yeni doğum haqqında şəhadətnamə də, verilmişdir. Göründüyü kimi, faktiki olaraq iddiaçı soyadını və ata adını artıq bir dəfə dəyişdirmiş, onun soyadının və ata adının əvvəlki soyad və adına geri qaytarılması, yenidən növbəti dəfə dəyişdirilməsi deməkdir ki, qanunvericiliyin normaları isə bu hala imkan vermir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

19. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərində isə qeyd edilir ki, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

20. Qanunvericiliyin normalarından göründüyü kimi, qanunverici yalnız soyadın növbəti dəfə dəyişdirilməsinə yuxarıda göstərilən hallarda mümkün hesab etmişdir ki, hazırki iddiada həmin hallar mövcud deyil.

21. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən soyadın və ata adının dəyişdirilməsinə növbəti dəfə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verildiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

24. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

25. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

27. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

28. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

30. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar