Məhkəmə qərarları › İş №2-1(112)-4363/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4363/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4363/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, A.Ağayev küçəsi, 559-cu mahəllə A, mənzil 27) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 13) qarşı «qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə əsaslanaraq, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, DƏDRX tərəfindən verilmiş 15 fevral 2020-ci il tarixli ********** nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56,40 kv.m olan yaşayış sahəsi, 31 oktyabr 2019-cu il tarixli ********** nömrəli reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73,30 kv.m olan yaşayış sahəsi və 17 aprel 2020-ci il tarixli ********* nömrəli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının (İddiaçı) mülkiyyətindədir. Mülkiyyətdə olan 73,30 kv.m yaşayış sahəsinin ölçüsü 130 kv.m-dək artırılmış, 56,40 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə dəyişdirilmiş, 60 kv.m qeyriyaşayış sahəsinin ölçüsü 77,5 kv.m-dək artırılmışdır. O, həmin qeyri-yaşayış sahələrinə hüquqlar qeydiyyat alınaraq bu barədə reyestrdən çıxarışın veilməsi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinanı hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması ilə əsaslandırmışdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 154.1, 178.2-ci maddələrinə, İPM-in 2.2, 33cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsaslanaraq, iddiaçının həmin qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 iyul 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı qeyri-yaşayış sahələrinə hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası etirazla qarşılanır. ünvan 5 ünvanında yerləşən 27 nömrəli mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilməsi ilə əlaqədar qeyd olunur ki, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul haqda qəbul komissiyasının aktı, qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə əlavə inşa edilmiş sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qeyd olunur ki, qeyri-yaşayış sahəsinə artırılmış hissənin tikintisinə icazə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı, istismara icazəı sənədi və müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəsi təqdim ediulməmişdir. Bundan əlavə qeyri-yaşayış sahəsinə əlavə inşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. ünvan 7 ünvanında yerləşən 16 saylı mənzillə bağlı qeyd olunur ki, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı, qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Bundan başqa, mənzilə əlavə olaraq inşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 05 may 2020-ci il tarixli **********07 nömrəli, **********09 nömrəli və **********10 nömrəli cavab məktubları ünvanlanmışdır. Göstərilənlərə və İPM-in 35.1, 48.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3, 21.1, 21.9, 26.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8, 10, 11.1, 12.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarına əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəısinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədəərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə(hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 8 ünvanındakı 73,30 kv.m ölçüdə daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Həmin daşınmaz əmlakın sahəsi artırılaraq 130 kv.m olmaqla eskiz layihəsi tərtib olunmuş və texniki pasportu hazırlanmışdır. İş materiallarında olan 17 aprel 2020-ci il tarixli ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 9 ünvanındakı 60,8 kv.m ölçüdə qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmin daşınmaz əmlakın sahəsi artırılaraq 77,5 kv.m olmaqla eskiz layihəsi tərtib olunmuş və texniki pasportu hazırlanmışdır. İş materiallarında olan 15 fevral 2020-ci il tarixli ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 10 ünvanındakı 56,40 ölçüdə daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Həmin daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi eskiz layihəsi tərtib olunmuş və texniki pasportu hazırlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan həmin daşınmaz əmlaklar 1-ci mərtəbədə yerləşdiyindən, habelə onlardaan qeyri-yaşayış sahəsi kimi istifadəıni istisna edən hallara dair məhkəmə icraatında başqa sübutlar təqdim edilmədiyindən, həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyil. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin əvvəllər qüvvədə olmuş 81.1-1-ci maddəsinin tələblərinə əsasən İddiaçı ünvan 8 ünvanındakı 130 kv.m ölçüdə, ünvan 10 ünvanındakı 56,40 ölçüdə, ünvan 9 ünvanındakı 77,5 kv.m ölçüdə qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları əldə etmiş və onun həmin qeyri-yaşayış sahəslərinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarışlar verilməlidir. Belə olan halda, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ünvan 8 ünvanındakı 130 kv.m ölçüdə, ünvan 10 ünvanındakı 56,40 ölçüdə, ünvan 9 ünvanındakı 77,5 kv.m ölçüdə qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81i və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 8 ünvanındakı 130 kv.m ölçüdə, ünvan 10 ünvanındakı 56,40 ölçüdə, ünvan 9 ünvanındakı 77,5 kv.m ölçüdə qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar