Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4363/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasən ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəznində 0,12 ha torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin qərarına əsasən 1090 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Bununla bağlı ona müvafiq order verilmişdir. İddiaçı 1090 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmiş və orderin əsli əlavə olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bir hissəsi 1089 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi üçün bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Həmçinin, təqdim edilmiş bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış zamanı bağ sahəsinin faktiki ölçüsünün 1155 kv.m olduğu aşkar olunmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vərərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasən Allahyarova (Muxtarova) Firuzə Əlisöhbət qızına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəznində 1155 kv.m torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün dörd əsas gətirir:
1. Bağ sahəsinin ayrılmasına dair orderin İdarənin arxivində aşkar edilməməsi;
2. Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamında bağ sahəsinin nömrəsinin və ölçüsünün qeyd olunmaması;
3. Bağ sahəsinin bir hissəsinin 1089 saylı bağ sahəsinin ərazisinə uyğun olması;
4. Bağ sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m olduğu halda, faktiki ölçüsünün 1.155 kv.m təşkil etməsidir.
İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən sərəncamın və orderin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə ilkin olaraq cavabdehin imtina əsası kimi göstərdiyi birinci dəlilə münasibət bildirir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktublarından məlum olur ki: -Bağ sahəsinin Muxtarova (Allahyarova) Firuzə Əlisöhbət qızının adına ayrılmasına dair sənəd (eyni zamanda 19 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Düzdür ki, hazırki mərhələdə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X4 bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən X1 adıına verilmiş order aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunduğundan, orderin hazırki mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, hətta həmin order mövcud olmasa belə, Bakı şəhər İcra Hakimiyyətinin 29 mart 1993-cü il tarixli 531 nömrəli qərar mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Cavabdeh tərəfindən mötəbərlıyi şübhə altına alınan Orderin olmaması, müraciətin təminindən imtinanın formal əsası qismində məhkəmə tərəfindən qiymətləndirilir. Belə ki, həmin orderin verilməsinə əsas olan qərar İdarənin (cavabdehin) arxivində aşkar edilməsi belə, həmin 29 mart 1993-cü il tarixli 531 nömrəli qərardan çıxarış Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatında saxlanılmışdır. Həmin qərarda və ona əlavə olunmuş üzvlərin siyahısında Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən X2 bağ sahəsinin ayrılması öz təsdiqi tapmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, arxiv sənədləri içərisində orderin aşkar edilməməsi, həmin sənədin mövcud olmaması demək deyil. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş orderdən görünür ki, Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən bağ sahəsinin X2 ayrılması barədə orderin nömrəsi “19” dur. Məhkəmə icraatı zamanı təqdim olunmuş Kürdəxanı ərazisində 245 №-li bağ-tikinti kooperativinin yaradılması haqqında Siyahıda, həmçinin X3 və İstismarı Birliyinin əmrində X1 adı 19-cu sırada göstərilmişdir. Göründüyü kimi iddiaçının təqdim orderin nömrəsi İdarənin arxivində saxlanılan müvafiq əmrdə və siyahıda iddiaçının adının göstərildiyi sıra nömrəsinə uyğun gəlmişdir. Bir çox oxşar işlərdən də məlum olduğu kimi, vətəndaşa bağ sahələri ayrılarkən orderlərin nömrəsi müvafiq olaraq şəxsin siyahıda və ya əmrdə (digər əlaqəli sənəddə) qeyd olunmuş sıra nömrələrə uyğun verilirdir. Məhkəmə qeyd etmək istəyir ki, bu uyğunluq hazırki mübahisə üzrə də müəyyən olunur. Beləliklə Məhkəmə hesab edir ki, 1090 saylı bağ sahəsinin iddiaçıya ayrılmasına dair orderi İdarənin arxivində aşkar olunmasa da, orderin verilməsinə əsas olan qərar aşkar olunmuş, bununla da iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malik olmuşdur. Məhkəmə cavabdehin imtinasının ikinci əsasına münasibət bildirir. Məhkəmə cavabdehin imtina məktubunda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilmədiyi ilə bağlı irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, təkzib olunmaz haldır ki, yuxarıda adı çəkilən qərarda bununla bağlı məlumat (bağ sahəsinin nömrəsi və ölçüsü) əks olunmamışdır. Nəzərə alınmalıdır kı, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, iddiaçı Muxtarova (Allahyarova) Firuzə Əlisöhbət qızına 245 №-li bağ-tikinti kooperativinin nəznində olan 1090 saylı bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin ölçüsünə gəldikdə isə qeyd olunmalıdır ki, Ləhiş bağlar massivi dislokasiyasında yerləşən 1087,1088,1091 və 1092 bağ sahələrin ayrılması ilə bağlı sənədlərdə bağ sahələrinin ölçüləri 0,12 ha olaraq göstərilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh imtina məktubunda bağ sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m göstərildiyini baxmayaraq faktiki ölçüsünün 1.155 kv.m olması ilə bağlı mövqeyi irəli sürərək mübahisəli bağ sahəsinin sənəd üzrə ölçüsünün 0,12 ha olmasını qəbul etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın nömrəsinin 1090 və ölçüsünün 0,12 ha olmasını təsdiq edən kifayət qədər sənədlər olduğundan, cavabdehin imtinası həmin hissədə əsassızdır. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü və dördüncü əsasa münasibət bildirir. Belə ki, cavabdehin mülahizəsinə görə iddiaçının iddia etdiyi 1090 saylı bağ sahəsinin bir hissəsi 1089 saylı bağ sahəsinin ərazisinə düşür. Məhkəmə bu istiqamətdə araşdırma apararaq Ləhiş bağlar sahəsindəki 245 nömrəli BTK nəznində ayrılmış 1089 saylı bağ sahəsinin qeydiyyata alınıb-alınmaması barədə məlumatın təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə sorğu vermişdir. Sorğuya cavab məktubundan məlum olmuşdur ki: -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1089 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamış; Təqdim olunmuş sorğuya cavab məktubundan və həmin məktuba əlavə olunmuş sənədlər toplusundan aydın olur ki, Ləhiş bağlar sahəsindəki 245 nömrəli BTK-nın sxematik xəritəsində 1090 saylı bağ sahəsi ilə yanaşı həmçinin 1089 saylı bağ sahəsi göstərilsə də, həmin bağ sahəsi ilə bağlı sənədlər (bağ sahəsinin digər fiziki şəxsə ayrılmasını təsdiq edən order, icarə müqaviləsi və s.) İdarənin arxivində aşkar olunmamışdır. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, hazırki mübahisə üzrə inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirilməsi zərurəti olmamışdır. Belə ki, 1090 saylı bağ sahəsinin 1089 saylı bağ sahəsinin ərazisinə uyğunluğu müəyyən olunsaydı belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Çünki, bağ sahələrinə münasibətdə sxematik uyğunsuzluqlar aşkar olunarsa, bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmiş, bundan başqa isə ümumiyyətlə 1089 saylı bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd və ya digər fiziki şəxsə ayrılması ilə bağlı məlumat aşkar olunmamışdır. Başqa sözlə desək 1089 saylı bağ sahəsinə dair sənədlər olmadığından, hazırki mərhələdə mübahisənin hər hansı fiziki şəxsin maraqlarına toxunmasına ehtimal edilməsi mümkün deyildir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin digər bağ sahəsinə uyğunluğu (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi)” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Son olaraq Məhkəmə qeyd etmək istəyir ki, hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 1.200 ha təşkil etsə də, onun istifadəsində olan bağ sahəsinin ölçüsü 1.155 kv.m təşkil etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək bağ sahəsinin məhz 1.155 kv.m hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Belə olan halda cavabdehin imtina məktubunda göstərdiyi 4 əsas aradan qalxmış olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəznində 0,12 ha torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarış və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov