Məhkəmə qərarları › İş №2-1(112)-4363/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4363/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4363/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (yoldaşı) X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 6 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək 49 saylı ŞPTM-də təhsil almışdır (2 il, 10 ay, 1 gün); xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər boru-prokat sexinə mexaniki şöbənin C-1 ikinci dərəcəli tornaçı vəzifəsində işləmişdir (2 ay, 8 gün); xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək sovet ordusu sıralarında xidmət etmişdir (2 il, 1 ay, 12 gün); xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər instrumental mexaniki sexdə mexaniki şöbənin C-1 ikinci dərəcəli tornaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə boru-prokat sexinə 250-1 yayma maşının soyuq bülövləmə sahəsinə 3 dərəcəli qaz kəsicisi (plazma üsulu kəsmə) vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 250-1 TPT yayma maşının soyuq bülövləməsinin 4-cü dərəcəli ÇM-1 qaz kəsici (plazma üsulu kəsmə) dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə 11 №-li tökmə sexinə -5/5 kranın şixta bölməsinə xidmət edən 3-cü dərəcəli M.3 kran maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (2 il, 5 ay, 8 gün); xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Lesosibir taxta-şalban ağac emalı kombinatında dördüncü dərəcəli çeşidləyici vəzifəsində işləyib (2 ay); xx.xx.1987-ci ildən xx.xx.1987-ci llə qədər Barnaul pambıq-parça kombinatında lentiplik əyirmə istehsalatı sexinə 3-cü dərəcəli iplik daşıyıcısı vəzifəsində işləyib (1 ay, 10 gün); xx.xx.1987-ci ildə 7 saylı sexə 3-cü dərəcəli kran maşinisti dərəcəsi verilmiş, xx.xx.1988-ci ildə həmin sexdə 4-cü dərəcəli kran maşinisti işinə keçirilmiş, xx.xx.1988-ci ildə öz xahişinə əsasən işdən azad edilmişdir (9 ay, 3 gün); xx.xx.1999-cu ildə Hərbiləşdirilmiş mühafizə dəstəsində 3 saylı Komandaya İİ dərəcəli atıcı vəzifəsinə qəbul edilib, xx.xx.1999-cu ildə İ dərəcəli atıcı vəzifəsinə keçirilib, xx.xx.2000-ci ildə həmin komandaya komanda rəisi vəzifəsinə keçirilib, xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilib (5 il, 6 ay, 1 gün); xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də qrup rəisi vəzifəsində işləmişdir (1 il, 6 ay, 1 gün); xx.xx.2006-cı ildə “Azərbaycan Qaz Emalı” zavodunda daxili mühafizə dəstəsində 1ci dərəcəli gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci ildə aralıq əmtəə parkı və təmizləyici qurğular sahəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə 12-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (15 il, 5 ay, 18 gün); xx.xx.2022-ci ildə SOCAR “Azneft” İB-nin X7 12-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş və hal hazırda orada işləyir. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində (10.5) mühəndislər (növbəli məşğul olanlar) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Azneft” İB-nin X8nun sizə dair 1 sentyabr 2023-cü il tarixli 14-2-1- 14/2-Ə-xx-xx/2023-83 nömrəli arayışında xx.xx.2007-ci il tarixindən bu günədək aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi, aralıq əmtəə parkının mühəndisi, aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatının mühəndisi və əmtəə park sahəsinin böyük mühəndisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Lakin sözügedən arayışda mühəndis vəzifəsində işlədiyiniz müddətdə növbəli məşğul olub-olmamağınız barədə hər hansı məlumat göstərilməyib”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın ”Azneft” X3 Emalı Zavodunda 01 avqust 2007-ci il tarixindən hal-hazırkı günə qədər Aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi işləyir. İşi neft məhsulun nəqli doldurub boşaldılması, neft məhsullarının sənaye kanalizasiyadan axan sudan təmizlənməsi, çənlər parkına yığılmasına nəzarətdən ibarətdir. Tutduğu vəzifə və işlədiyi sahə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların peşələrin siyahsının 10.5.1 yarım bəndinə uyğundur. 1962-ci il 06 dekabr ayında anadan olub, 2022-ci ilin 6 dekabr ayına 60 yaşı tamam olub. 60 yaş tamam olduqdan sonra bütün sənədlərini, əmək kitabçanın surəti, iş yerindən staja görə arayışı cavabdehə 2 dəfə təqdim edib, hər ikisində də imtina məktubu alıb. İmtina məktubunda bildirilir ki, iş yerinin verdiyi arayışda növbəli məşğul olubolunmaması barədə məlumat göstərilməyib. İş yerinin verdiyi arayışda iş vaxtı (5 günlük/40 saat) həftəlik işlə məşğul olduğu bildirilir. İşlədiyi zavoda (sahədə) növbəli mühəndis işi yoxdur, lakin işlədiyi sahədə zərərli işə görə 8% əmək haqqına əlavə pul ödənilir və süd verilir. İşlədiyi sahədə sahə rəisinə, sahə rəisinin müavininə və operatorlara güzəştli əmək pensiyası təyin edilib. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin emtəkdən xx.xx.2023-cü il tarixli məktubla imitna etmiş, lakin həmin məktubun iddiaçıya hansı vaxta təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etmədiyindən və iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənatinə gəlir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarına görə iddiaçı ona güzəştli şərtllə yaşa görə əmək pensiyasının təıyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının güzəştli stajını mübahisələndirərək iddiaçının müraciətinin təmin etməkdən imtina etmişdir. Hazırkı halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçının pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. İddiaçı cavabdeh təşkilata ərizə ilə ilk dəfə müraciət edərkən iş yerindən güzəştli arayış təqdim etsə də, cavabdeh iddiaçının mühəndis vəzifəsində növbəli işləməməsini əsas gətirərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və hazırda da eyni əsasa istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş “SOCAR” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, “verilir İddiaçı ondan ötrü ki, o həqiqətən SOCAR-ın "Azneft" X3 Emalı Zavodunda 01 avqust 2007-ci il tarixdən 01 sentyabr 2009-cu il tarixədək Aralıq əmtəə parkı və təmizləyici qurğuların mühəndisi; 01 sentyabr 2009-cu il tarixdən 08 dekabr 2011-ci il tarixədək Aralıq əmtəə parkının mühəndisi; 08 dekabr 2011-ci il tarixdən 01 aprel 2014-cü il tarixədək Aralıq əmtəə parkı .təmizləyici qurğular və məşəl təsərrüfatının mühəndisi; 01 aprel 2014-cü il tarixdən 17 yanvar 2022-ci il tarixədək Aralıq əmtəə parkı təmizləyici qurğular və məşəl təsərrüfatının böyük mühəndisi; 18 yanvar 2022-ci tarixdən hal-hazıra qədər Əmtəə park sahəsinin böyük mühəndisi vəzifəsində işləyir. İddiaçı 2007-ci ildən hazırkı dövrə qədər həftəlik normal iş vaxtı (5 gün/40 saat)_müddətində məşğul olduğu sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.5.1 yarım bəndində sadalanan göstəricilərə (reagent təsərrüfatında və neft məhsullarının doldurub boşadılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı) uyğundur. Sahənin bütün iş yerlərində karbohidrogen, benzin buxarı, səs-küy kimi zərərli istehsalat amillərinin faktiki vəziyyəti toplanmanın buraxıla bilən həddindən (TBH) və səviyyəsinin buraxıla bilən həddindən (SBH) yuxarıdır. Zərərli əmək şəraitində iş müddəti - 16 il 1 ay. Məhkəmə sorğusuna cavab olaraq “SOCAR” Azneft İB-dən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı SOCAR-ın “Azneft” X3 Emalı Zavodunda aşağıda qeyd edilən vəzifələrdə çalışmışdır: xx.xx.2007-xx.xx.2009 tarixlərində “Aralıq əmtəə parkı və təmizləyici qurğular sahəsi”ndə mühəndis; xx.xx.2009xx.xx.2011 tarixlərində “Aralıq əmtəə parkı sahəsi”ndə mühəndis; xx.xx.2011-xx.xx.2014cü il tarixlərində “Aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatı” (AƏPTQMT) sahəsində mühəndis; xx.xx.2014-xx.xx.2022-ci il tarixlərində “Aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təssərüfatı sahəsi”ndə böyük mühəndis; xx.xx.2022-ci il tarixindən indiyədək “Əmtəə park sahəsi”ndə böyük mühəndis, İddiaçı yerinə yetirdiyi işlərin xüsusiyyətləri “Vəzifə təlimatları”nda qeyd edilmiş və aşağıdakılardan ibarətdir: əsas istehsalat obyektləri ilə dəqiqləşdirmə və razılaşdırma işlərini yerinə yetirmək, zavodun texnoloji sahələri ilə AƏPTQMT sahəsi arasında əlaqə yaradaraq onların ritmik işini təmin etmək, məşəl təsərrüfatının etibarlı və təhlükəsiz işini təmin etmək, təmizləyici qurğuların işinin təşkil edilməsi. Xammal, əmtəə məhsulları və komponentlərin qəbulunun təşkil edilməsi. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının 10-cu bölməsinin 10.5 yarım bölməsində “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı verilmişdir. Siyahının 10.5.1 bəndi “İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər, neft məhsullarının və neftin katalitik reforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdiririlməsi, bitum, konsistent yanacaqların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estekadaların neft məhsulları və qaz üçün qablar, park və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” üzrə işləri müəyyən edir. Siyahının “b” bəndinə əsasən aşağıda göstərilən vəzifələr “rəhbərlər və mütəxəssislər” kateqoriyasına aid edilmişdir: növbə rəisləri; texnoloji sexlərin rəisləri və onların müavinləri; mühəndislər (növbəli məşğul olanlar); ustalar, böyük ustalar; mexaniklər. İddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulan əmək funksiyalarını iki istirahət günü olan beşgünlük iş həftəsi ərzində yerinə yetirir. Onun iş yeri və vəzifə adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 cü il tarixli 106 №-li qərarı ilə təsdiq edilən “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısında, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 №-li qərarı ilə təsdiq edilən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısında mövcud deyil. Qeyd edilənlərlə yanaşı, bildirilmişdir ki, SOCAR-ın 12 dekabr 2020-ci il tarixli SOCAR**********00040020A00181 nömrəli əmri ilə təsdiq edilmiş “SOCAR-ın strukturuna daxil olan qurumlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə (2021-2025)” uyğun olaraq X8 üzrə 142 iş yerində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsi üçün instrumental ölçmə işləri (əlavə edilir) aparılmış və 45 zərərli iş yeri müəyyən edilmişdir. Zavod üzrə zərərli hesab edilən iş yerlərində qeydə alınan və bütün Zavod üçün xarakterik olan əsas zərərli əmək şəraiti amilləri karbohidrogen, benzin buxarı, karbon oksidi və səsküydür. İnstrumental ölçmələrin nəticələrinə görə zavodun əsas istehsalat və ona xidmət sahələri üzrə bütün iş yerlərində çalışan işçilər zərərli amillərin təsirinə məruz qalır ki, bu da aparılan texnoloji prosesə müvafiqdir. İş vaxtının 50%-dən az olmayaraq zərərli istehsalatda məşğul olan sahə rəhbərlərinin və digər mütəxəssislərin iş vaxtı ərzində zərərli istehsalat amillərinin təsirinə məruz qalma müddətinin müəyyən edilməsi üzrə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “İşçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 3.7.1. bəndinə əsasən İddiaçı əmək haqqına əmək şəraitinin zərərlilik səviyyəsinə müvafiq olaraq 1,08 artım əmsalı tətbiq edilmişdir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının işlədiyi iş yeri və sahə zərərli olmuş, məhz bu səbəbdən iddiaçıya əmək şəraitinin zərərlilik səviyyəsinə müvafiq olaraq 1,08 artım əmsalı tətbiq edilmişdir. Təqdim edilən iş yerinin güzəştli arayışından həmçinin iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu bölməsinin 10.5 yarım bölməsində “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” 10.5.1-ci bəndinin “b” bəndinə əsasən aşağıda göstərilən vəzifələr “rəhbərlər və mütəxəssislər” kateqoriyasına aid edilmişdir: ... mühəndislər (növbəli məşğul olanlar); Cavabdeh həmin siyahıda yalnız növbəli məşğul olan mühəndislərin göstərilməsinə və iddiaçının növbəli işləmədiyinə əsaslanaraq iddiaçının işlədiyi peşəni güzəştli peşə saymır. Lakin məhkəmə hesab edir ki, bu yanaşma siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir. Belə ki, iddiaçının zərərli peşədə işləməsi iş materialları ilə müəyyən edilir. Lakin iddiaçının növbəli deyil, həftədə 40 saat işləməsi (yəni siyahıda nəzərdə tutulmuş iş rejimindən də daha çox müddətdə işləməsi) ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir. Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. Ona görə də, cavabdehin imtinası əsassızdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar