Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4364/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barələrində olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin xitam edilməsi və etibarsız hesab edilməsi vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, hər ikisi xx.xx.2018-cı ildən özünün hüquqi ünvanı ünvan 1-nin işçisi kimi təqdim edən Fəridə adlı bir qadının vasitəsilə həmin MMC-ə işə qəbul olunmuşlar. Məlumatları olmadan adlarından MMC-nin rəhbəri Manzoor Raşhda ilə əmək müqaviləsi bağlanmış, əmək haqqı hər ay 200 AZN olmaqla adı xidmətçi kimi göstərilmişlər. Lakin əmək haqqı almamışlar. Ümumiyyətlə onların əmək müqaviləsindən və elekrton informasiya sisteminə daxil edilmələrindən məlumatları olmamışdır. Onlara əmək kitabçası verilməmişdir. İşçi kimi elektron informasiya sisteminə daxil edilməklərindən yalnız ünvanlı sosial yardımın alınması üçün müraciət edərkən verilmiş imtina zamanı xəbər tutmuşlar. Belə ki əmək müqaviləsi bildirişi üzrə informasya sistemindən əldə edilən məlumata əsasən “hal-hazırda muzdla işləyəndir” kimi yazılmışdır. Bunlar göstərir ki, aldadılmışlar və onlar işçi kimi rəsmiləşdirilməkləri onlara məlum olmayan məqsədə yönəldilmişdir. Nəticədə dövlətin sosial imtiyazlarından, yardımlarından istifadə edə bilmirlər. Həqiqətdə isə maddi vəziyyətləri ağırdır, ailənin dolanışıq xərcləri, habelə ailəyə gəlir gətirən yoxdur. Bu məqsədlə müxtəlif təşkilatlara müraciət etsələr də işlədiklərinə görə müavinət ala bilmirlər. İddiaçı2 psixi xəstədir və müntəzəm olaraq ambulator müalicə alır. Himayəsində xx.xx.2009-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan uşaq vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 xidmətinə müraciət etsələr də heç bir nəticə olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda MMC-nin ünvanı və rəhbəri barədə məlumat verilməklə, xx.xx.2018-ci il tarixdən vergi orqanında qeydiyyata düşdüyü göstərilmişdir. “xxxx” MMC 2007-ci ildə Nidreland, Haaqa şəhərində Pakistan vətəndaşı Manzoor Raşhda tərəfindən yaradılmış, Azərbaycan filialı isə xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən vəziyyətdə "xxxx" MMC-in təqsiri üzündən əmək və sosial təminat hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı1 və cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin İddiaçı1 və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı2 izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar ilə hüquqi şəxs olan cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Hazırda iddiaçılar həmin əmək müqaviləsinin xitam edilməsi və etibarsız hesab edilməsini tələb edirlər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 3.2-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətlrəi ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmi və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürülmüş cavabdeh inzibati orqan olmamaqla hüquqi şəxsdir. Eyni zamanda tərəflər arasında yaranan mübahisə əmək müqaviləsindən irəli gələn mülki mübahisədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquq sahəsində yaranan münasibətlər olmadığından, işin bu cür halında mövcud mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkiblərinə və mübahisənin mahiyyətinə görə inzibati məhkəmə icraatına aid deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçılara mübahisənin mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququna malik olmalarını izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4364/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4364/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver