Məhkəmə qərarları › İş №2-1(112)-4364/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4364/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4364/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixindən təyin edilməsi və təyin ediləcək pensiya məbləği həcmində əvvəlki dövrlərdən qalmış pensiya məbləğinin onun üzərinə gəlməklə aylar üzrə bərabər şəkildə bölünməklə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respubikası, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə 1 nömrəli siyahıda təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3-cü maddəsinin 12003000-17541 nömrəli bəndi nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddiaçıya təyin edilərkən 1 nömrəli siyahının nəzərə alınması və pensiya təyinatının “X2” Qanunun 31.1-ci maddəsinə əsasən 52 yaşdan yəni xx.xx.2015-ci il tarixindən aparılması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) xx.xx.2022-ci il 2-1(112)-3129/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiva Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-l(103)-2262/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) xx.xx.2022-ci il 2-1(112)-3129/2022 saylı qərarı qüvvədə saxlanılmışdır. Məhkəmələr öz qərarlarında 52 yox, 57 yaşdan müraciət edilməsini qeyd etmişlər və təyinatın həmin yaşdan aparılmasını qeyd etmişdirlər. İddiaçı bildirir ki, o, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. Hal hazırda işləyir, sosial sığorta ümumi məbləği 70000 (yetmiş min) manatdan artıqdır. İşlədiyi peşə Azərbaycan Respubikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı iə 1 nömrəli siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bölməsinə müvafiq olaraq pensiya hüququ verən bölməyə aiddir. Qeyd edir ki, onun xx.xx.2006-cı ilədək olan iş stajı (ümumi 25 ildən artıq, güzəştli isə 12 il 6 aydan atıq) imkan verirki, o, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı ilə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası alsın. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixində rəsmi olaraq müraciət etmişdir. Cavabdeh 35 gündən artıqdır ki, onun pensiyasını təyin etmir, ərizəsinə rəsmi cavab belə vermək istəmir, (cavabdehə müraciətinin surəti və poçt qəbzinin əslini əlavə edir) İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Bildirir ki, onun işlədiyi peşə Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı iə 1 nömrəli siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bölməsinə müvafiq olaraq pensiya hüququ verən bölməyə aiddir. “X2” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

3. Cavabdehin 03 fevral 2023-cü il tarixli yazılı etirazında bildirilmişdir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 36 nömrəli arayışında onun xx.xx.1991-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müxtəlif müəssisələrdə HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra qısa dalğalar) şüalanma ilə bağlı radionaviqasiya üzrə mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının UYT (ultra yüksək tezlikli) və HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlədiyi zaman şüalanmadan fərdi mühafizə vasitələrindən istifadə edib-etməməyi barədə hər hansı məlumat göstərilməmişdir. Bundan başqa iddiaçı tərəfindən Mərkəzi Filiala onun 1982-ci ildən 1990-cı ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan əlavə qeyd edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq göndərilmiş Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının müvafiq məktubunda İddiaçı pensiya təyin edilməsindən imtina edilməmişdir. Sadəcə iddiaçının UYT (ultra yüksək tezlikli) və HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlədiyi zaman şüalanmadan fərdi mühafizə vasitələrindən istifadə edib-etməməyi barədə məlumatların və 1982-ci ildən 1990-cı ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədin təqdim edilməsi xahiş olunmuşdur. Lakin İddiaçı həmin məlumatları və sənədləri təqdim etmək əvəzinə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Belə ki, “X2” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci varımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü isin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. “X2” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X2” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əlavə olaraq bildirilir ki, “X2” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh orqan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

5. İddiaçının stajına aşağıdakı qeyd edilən dövr daxildir: - 11.09.1980-xx.xx.1981; xx.xx.1981-xx.xx.1982; xx.xx.1984-xx.xx.1986 (həqiqi hərbi xidmət dövrü); xx.xx.1990-xx.xx.1991; xx.xx.1991-ci il tarixdən bugünə kimi;

6. İş yerindən (Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" QSC) verilmiş arayışa əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən “Bakı” aeroportunda, “Azalavia” Bakı nəqliyyat aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin "Bakıaeronaviqasiya" Uçuşların və rabitənin radiotexnika təminatı xidmətində işləyir. İşlədiyi müddətdə o, Cİİ-80 (endirmə sistemi), İLS 420/DME (kurs, qlissada və uzaqlıqölçən radiomayak) və DVOR/DME (azimutal və uzaqlıqölçən radiomayaklar) reqlament işləri görmüşdür. İş şəraiti HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radionaviqasiya üzrə mühəndis vəzifəsində çalışır: xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixli 27/ş saylı əmr xx.xx.2021-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1№li Siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq pensiya hüququ verən HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radioavadanlığın xidməti ilə bağlı iş stajı 30 il 04 ay 13 gün təşkil edir.

7. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

11. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “X2” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “X2” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

12. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. -Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

15. “X2” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

16. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “X2” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır); xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

17. “X2” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

18. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV.Qeyd edilənlərin hazırki işə tətbiqi

19. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

20. İddiaçı 1963-cü il təvəllüdlüdür. Odur ki, onun xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınmalıdır. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək əmək stajı 19 il 3 ay 6 gündür. İddiaçı 1982-ci ildən 1990-cı ilə qədər müddətdə “elektrik stansiyaları” ixtisası üzrə təhsil almasına diplom təqdim etmişdir. Müəyyən olunur ki, həmin müddətdə iki il (1984-1986-cı illərdə) həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təhsil aldığı müddətin əyani olduğu müəyyən edilmir. Belə ki, əyani təhsil müddətində hərbi xidmətə çağırışı məhkəmə mümkün hesab etmir.

21. Məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə Əsasnamə”nin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir.

22. Odur ki, iddiaçının 2 nömrəli siyahı üzrə pensiya təyin edilməsi üçün tam iş stajı iş stajı mövcud deyil. Odur ki, məhkəmə onun əmək şəraiti ağır və zərərli işlərdə stajının olması məsələsinə qiymət vermək zərurəti (prosesual qənaət prinsipindən irəli gələrək) yoxdur.

23. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1963-cü ildə anadan olub və 57 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim ediliyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar