Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4366/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yamnda DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfinədən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********104500 saylı qərara əsasən müəssisə "xxxx" MMC riskli vergi ödəyicsi olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Təqdim edilən elektron qaimə faktura məlumatlarına əsasən tərəfinizdən xx.xx.2023-cü il tarixində 438744 manat dəyərində təqdim olunmasına baxmayaraq qeyd edilən mallar cəmiyyətin alışında, idxalında müəyyən edilməmişdir. Əlavə olaraq bildirilib ki, vergi ödəyicisinin qeydiyyatda olan aktiv təsrrüfat subyekti müəyyən edilməmişdir. Yuxarıda göstərilənlər barəsində iddiaçı tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərə hər hansı cavab verilməmişdir.İddiaçı nin rəhbərliyi yazıb Sizin nəzərinizə çatdırır ki, tərəfimizdən xx.xx.2023-cü il tarixində Seriya:EBDJ Nə : 445108 saylı E Qaimə əsasında Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" X6 Cəmiyyətinə satılmış olan şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər) adlı malları tərəfimizdən Müqavilə və sifariş əsasında Seriya:EBDİ Nə : 159648 saylı xx.xx.2023 tarixli e-Qaimə əsasında ********** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tədarük edərək satışını həyata keçirmişik. Buradan da aydın olur ki, satılmış mallara görə hər hasnı bir riskli əməliyyatın icrası nəzərdə tutulmayıb.Göstərilənləri nəzərə alaraq Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********104500 saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Daha sonra məktub ilə təkrarən müraciət edilmiş və həmin məktubda isə qeyd edilmişdir ki, sözügedən qaimələr ləğv edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğumuzu gördüyü üçün bizimlə iş görməkdən çəkinmişdirlər. Göndərilən məktub və ərizələrdə də qeyd edildiyi kimi riskli vergi ödəyicisi olmamızda səbəb kimi göstərilmiş xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar ləğv edilmişdir və bank hesabımıza mədaxil olmamışdır. Yəni tərəfimizdən qərarın qəbul edilməsində səbəb kimi göstrərilən hallar tamamilə aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********104500 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, vergi orqanı tərəfindən İddiaçı MMC barəsində aparılan araşdırma nəticəsində “MENDOSO GRUP" MMC-də ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. "MENDOSO GRUP” MMC-nin“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VöEN-İ, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.7. bu meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, bəndlərinə uyğunluğu müəyyən edilmişdir. Bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilən elektron qaimə faktura məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə 438 744 manat dəyərində "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3, 2.1.7, 3.1.1-ci maddələrinə əsasən müəssisə riskli vergi ödəyicisi hesab olunmuşdur. Həmçinin bildiririk ki, Hesabat Axtarış alt sistemindən əldə eilmiş elektron qaimə-faktura məlumatlarına əsasən vergi ödəyicisinin satışında qeyd olunan mallar satış gününədək alışında müəyyən edilməmişdir. Əlavə olaraq İddiaçı MMC iddia ərizəsində qeyd etmişdir ki, tərəfimizdən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisəmizin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərimizə hər hansı cavab verilməmişdir. Bununla əlaqədar bildiririk ki, vergi orqanı tərəfindən cavabdehə göndərilmiş **********786800 nömrəli məktubla cavab verilmiş və həmin məktubda qeyd edilmişdir ki“müəyyən edilmiş nöqsanlar aradan qaldırılmadığı üçün "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısına daxil edilmə prosesi davam etməkdədir. Risk meyarının aradan qaldırılmasından sonra yenidən müraciət etməyiniz məqsədə uyğun hesab edilir”. Qeyd edilməlidir ki, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın qəbul edilməsində məqsəd məhz tətbiq edilən bir sıra tədbirlər əsnasında vergidən yayınma hallarının qarşısını almaq, vergi ödəyicisinin fəaliyyətinin qanunauyğun şəkildə tənzimlənməsini təmin etmək, ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin genişləndirilməsi və riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsidir. Göründüyü kimi, vergi orqanı tərəfindən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********104500 nömrəli qərarından görünür ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Təqdim edilən elektron qaimə faktura məlumatlarına əsasən tərəfinizdən xx.xx.2023-cü il tarixdə 438 744 manat dəyərində "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar cəmiyyətin alışında, idxalında müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin qeydiyyatda olan aktiv təsərrüfat subyekti müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1., 2.1.3., 2.1.7. və 3.1.1.-Cİ yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********5 nömrəli Arayışından görünür ki, İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) 5011 ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin adı): ANBAR. Kodu **********-29001, uçota alınma tarixi -xx.xx.2023. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********6 nömrəli Arayışından görünür ki, İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) 5002 ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin adı): ANBAR. Kodu **********-29002, uçota alınma tarixi -xx.xx.2023. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********6 nömrəli Arayışından görünür ki, İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) 1007 ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin adı): ANBAR. Kodu **********-14001, uçota alınma tarixi -xx.xx.2023. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********0 nömrəli Arayışından görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) 5002 Sumqayıt şəhər İnşaatçılar qəsəbəsi ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin adı): ANBAR. Kodu **********- 29003, uçota alınma tarixi -xx.xx.2023. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatda qeyd edilmişdir ki: -e-QF təqdim edən vergi ödəyicisinin adı: İddiaçı, VÖEN: **********, E-QF X8 Ödəyicisinin Adı: Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" X7 Cəmiyyəti, e-Qaimə-fakturanın növü: cari, tarixi: xx.xx.2023, malın kodu: **********, eqaimənin seriyası EBDG nömrəsi 445108, yekun məbləğ 438 744 man; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının müraciətinə cavab olaraq ünvanladığı məktubda bildirmişdir ki, İddiaçı MMC (VÖEN:**********) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təstiq edilmiş”riskli vergi ödəyicisinin,o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 2.1.3, 2.1.7, 3.1.1.-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunur. Əlavə olaraq bildirilmişdir ki, müəyyən edilmiş nöqsanlar aradan qaldırılmadığı üçün İddiaçı MMC-nin riskli vergi ödəyicisi siyahısına daxil edilmə prosesi davam etməkdədir. Risk meyarının aradan qaldırılmasından sonra yenidən müraciət etməyi məqsədə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-158011/2024 nömrəli məktubundan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixdə ümumilikdə dəyəri 438 744 manat "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" adlı mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilən kənarlaşmalar aradan qaldırdıqdan sonra hüquqi şəxsin riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-7/2-356/2024 nömrəli məktubundan görünür ki, "xxxx" MMC Baş İdarə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 2.1.3, 2.1.7. və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2023-cü il tarixli **********104500 nömrəli Qərarla rskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. "xxxx" MMC tərəfindən aparılan əməliyyatların araşdırılması zamanı xx.xx.2023-cü il tarixdə 438 744 manat dəyərində "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar cəmiyyətin alışında, idxalında müəyyən edilməmişdir. Əlav olaraq bildirilir ki, vergi ödəyicisinin qeydiyyatda olan aktiv təsərrüfat subyekti müəyyən edilməmişdir. "xxxx" MMC tərəfindən riskli hesab edilən əməliyyatların ləğv edildiyi (eqaimələrin ləğvi, ləğv edilmiş eqaiməni qarşı tərəfin təsdiqlənməsi, vəsaitin bank hesabından və ƏDV sub-uçot hesabından qayatrılması) təqdirdə riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır(2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddianın düzgün cavabdehə qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-2-7/2-356/2024 nömrəli məktubla "xxxx" MMC tərəfindən riskli hesab edilən əməliyyatların ləğv edildiyi (e-qaimələrin ləğvi, ləğv edilmiş e-qaiməni qarşı tərəfin təsdiqlənməsi, vəsaitin bank hesabından və ƏDV subuçot hesabından qaytarılması) təqdirdə riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-158011/2024 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən kənarlaşmalar aradan qaldırdıqdan sonra hüquqi şəxsin riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Beləliklə, "xxxx" MMC onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tələb etdiyindən, vergi ödəyicilərinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması isə qeydiyyatda olduğu vergi orqanı tərəfindən həyata keçirildiyindən və "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğundan iddia tələbi düzgün olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı yönəldilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyəti üzrə isə əsassızdır. İşin hallarından müəyyən olunur ki, "xxxx" MMC-nin əsas fəaliyyət növü malların saxlanması və anbarlara yığılmasından ibarətdir. Vergi orqanı tərəfindən araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 438 744 manat dəyərində qaimə-fakturalar əsasında "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" adlı malları satmış, lakin həmin malların onun elektron qaimə-faktura üzrə alışında və idxalında müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının əsas fəaliyyətinə uyğun olaraq təsərrüfat obyekti qeydə alınmamışdır. İddiaçı qeyd edilən iki əsas üzrə Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Hazırkı iddiasında iddiaçı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: -1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2023-cü il tarixlərində 438 744 manat dəyərində elektron qaimə-fakturalar təqdim etdiyini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının malların saxlanması və anbarlara yığılması fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti anbarının) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 2.1.3., 2.1.7. və 3.1.1 yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır. Məhkəmə hazırkı halda iddiaçının riskli vergi ödəyicisi siyahısında saxlanılması ilə bağlı cavabdehin mövqeyi ilə razılaşır. Belə ki, qeyd edilməlidir ki, meyarların 3.1.1-ci bəndinin tələblərinə görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda göstərdiyi malla aldığı və ya idxal etdiyi malların çeşidləri fərqli olduqda, başqa sözlə, vergi ödəyicisinin idxal etdiyi və ya aldığı malı deyil, həmin maldan fərqli çeşiddə mal satdığı (təqdim etdiyi) halda ödəyicinin apardığı əməliyyat riskli əməliyyat, özü isə riskli vergi ödəyicisi hesab olunur. Hazırkı işin hallarını qeyd edilən normanın tələbləri ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçının e-qaimələrdə "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" adlı mallar təqdim edildiyini əldə edilməsini (satın alınması və yaxud idxalı) təsdiq edən sənədləri yoxdur. İddiaçı qeyd edilən malları müqavilə və sifariş əsasında Seriya:EBDİ N: 159648 saylı xx.xx.2023 tarixli E Qaimə əsasında ********** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tədarük edərək satışını həyata keçirdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmadığı müəyyən olunur. İddiaçı digər vergi ödəyicisi ilə malın təqdim edilməsi ilə bağlı müqavilələr, təhviltəslim aktlarını təqdim etməmişdir. Belə olan halda 438 744 manat məbləğə dair e-qaimə fakturalarının ləğv edilmədiyi, qeyd edilən məbləğin geri qaytarılmadığı təqdirdə iddiaçının riskli vergi ödəyici siyahısından çıxarılması təmin edilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının təsərrüfat subyektinin (anbarının) qeydə alınması olsa da, xx.xx.2023-cü il tarixdə 438 744 manat dəyərində qaimə-fakturalar əsasında "Şəhid və qazi ailələrinin övladları üçün məktəbli ləvazimatları (hədiyyəlik dəstlər)" adlı mallarını satması, lakin həmin malların onun elektron qaimə-faktura üzrə alışında və idxalında müəyyən edilməməsi ilə bağlı meyarı əsaslı olmuşdur. İddiaçı həmin riskli qaimələrin ləğvi, ləğv edilmiş e-qaiməni qarşı tərəfin təsdiqlməsi, vəsaitin bank hesabından və ƏDV sub-uçot hesabından qaytarılmasını təsdiq edən sənədləri təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər: 1.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə; 2.Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Göründüyü kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qalxmadığından, məhkəmə hesab edir ki, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə tələbi təmin edilə bilməz. O cümlədən qeyd edilməlidir ki, iddiaçı onun riskli vergi ödəyicisi siyahısına daxil edilməsi əsası aradan qalxdığı təqdirdə qeydiyyatda olduğu vergi orqanına yenidən müraciət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; (...) İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4366/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4366/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver