Məhkəmə qərarları › İş №2-1(112)-4367/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4367/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4367/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı «hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydə alınması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı «hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydə alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MMC hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydə alınması üçün cavabdehə müraciət etmiş və bu məqsədlə zəruri olan sənədləri təqdim etmişdir. Lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İmtinanın yeganə əsası kimi cavabdeh MMC-nin dövlət büdcəsinə vergi borcunun olmasına istinad etmişdir. Hesab olunur ki, cavabdehin x xxxxx 2020-ci il tarixli **********953900 nömrəli qərarı tamamilə qeyri-qanuni və əsassız olmaqla MMC-nin hüquqlarını kobud şəkildə pozur. Həmin məsələləri tənzimləyən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 – 11.5-ci maddələrinin tələblərində dövlət büdcəsinə vergi borcunun olması hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydə alınmasından imtina edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Göstərilənlərə və İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X4 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddia ərizəsində cavabdeh qismində “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi”nin göstərilməsini formal xəta kimi qiymətləndirmiş və cavabdeh inzibati orqan kimi “Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi”ni qəbul etmişdir. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin “iddiaya qarşı etiraz” qismində məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli yazılı məktubunda aşağıdakılar bildirilmişdir: - İddia qanunvericiliyə zidd olduğundan rədd edilməlidir. Belə ki, X3 xx xxxx 2020-ci il tarixdə İddiaçı MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən İddiaçı MMC-nin dövlət büdcəsinə vergi borcunun olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən zaman həm də onun uçotuna da nəzarəti həyata keçirmiş olur. Odur ki, kommersiya hüquqi şəxsi tərəfindən dövlət büdcəsinə ödənilməli olan qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri həyata keçirmədikdə Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq öz vəzifələrini yerinə yetirmədiyi müəyyən edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 72, 73-cü maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 32.1, 32.4, 33.1-ci maddələrinin, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinin tələblərinə əsasən İddiaçı MMC-nin müraciəti üzrə dövlət reyestrində müvafiq dəyişikliyin qeydə alınmaslı mümkün olmamışdır. Qeyd olunanlara və İPM-in 2, 8, 48.1-ci maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin “iddiaya qarşı etiraza əlavə” kimi məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddia tələbi üzrə mübahisə İddiaçı MMC tərəfindən aradan qaldırıldığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 xx xxxx 2020-ci il tarixdə İddiaçı MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər, araşdırılarkən İddiaçı MMC-nin dövlət büdcəsinə xx xxxx 2020-ci il tarixə əlavə vergi borcunun olduğu müəyyən edildiyindən geri qaytarılmışdır. Bundan sonra MMC-nin ümumi yığıncağının x xxxx 2020ci il tarixli qərarı ilə reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair ərizə ilə Məmmədov Vüqar Cövdət oğlu adlı şəxs MMC-yə qanuni təmsilçi təyin edilmə məqsədi ilə müraciət etmişdir. Həmin qərar Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra xx xxxx 2020-ci il tarixdə dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayından etibarən MMC-nin dövlət büdcəsinə borcu qalmadığından, dəyişikliyin dövlət reyestrinə daxil edilməsi mümkün olmuşdur. Qeyd olunanlara əsaslanaraq və mübahisənin mövcud olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli “iddiaya qarşı etiraza əlavə”nin məzmununa uyğun izahat verdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, cavabdehin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatətinin təmin olunmamasını, işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, İddiaçı MMC-nin ilkin müraciəti üzrə qanuni təmsilçi kimi X1 qeydə alınması xahiş olunmuşdur. Lakin həmin müraciət hələ də müsbət həllini tapmamışdır. Təmsilçi kimi digər şəxsin adı reyestrə daxil edilmişdir. Odur ki, iddia ilkin variantda qalmaqla məhkəmə məsələyə hüquqi qiymət verməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatəti təmin edilməməli, iddia mümkün sayılmamalıdir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəısinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri – Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 14.1.7-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində əks etdirilməli məlumatlar sırasında “qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri” də nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə ilk növbədə cavabdehin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatətinə münasibət bildirərək qeyd edir ki, vəsatət əsassızdır və təmin edilə bilməz. Çünki, İPM-in 67-ci maddəsi “icraata xitam verilməsi”ni cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarla şərtləndir. Hazırkı iş üzrə isə, iddia qaldırılarkən, hətta məhkəmə icraatının sonunadək iddia tərəf hüquqi şəxslərin dövlət reyestrində qurumun qanuni təmsilçisi kimi “X3”nun qeydə alınmasını tələb edir, lakin sonradan iddiaçının özünün müraciəti ilə olsa da, qanuni təmsilçi kimi adıçəkilən şəxsin deyil, “Məmmədov Vüqar Cövdət oğlu” qeydə alınması təmin edilmişdir. İPM-in 67.3-cü maddəsində göstərilən hal mövcud olmadığından iş üzrə icraata xitam verilməməlidir. İş üzrə icraata xitam verilmədiyi galda, mübahisənin nəticəsinə gəldikdə isə, məhkəmə iddianın mümkün sayılmamasını məqsədəuyğun sayır. Bu qənaət ondan irəli gəlir ki, hazırkı iddianın qaldırılmasına əsas olmuş cavabdehin imtinası iddiaçı tərəfin “X3”nun qanuni təmsilçi kimi qeydə alınması barədə müraciəti üzrə inzibati icraatın nəticəsi olaraq verildiyi halda, sonradan iddiaçı tərəf “Məmmədov Vüqar Cövdət oğlu”un qanuni təmsilçi təyin edilməsi barədə müvafiq qərar qəbul edərək cavabdeh inzibati orqqana başqa məzmunda, yəni qanuni təmsilçi qismində sonuncunun qeydə alınması ilə bağlı müraciət etdiyindən, iddianı şərtləndirən və onun əsaslılığına yönələn dəlillər hallar dəyişmiş olur və nəticədə iddia tələbi üzrə mübahisə mahiyyətcə mövcud qalmır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəf məhkəmə icraatında iddianın dəyişdirilməməsində israr qalmasını da nümayiş etdirərək hazırkı tələb üzrə işə baxılmasını istəyir. Onun hazırkı tələbi isə, İPM-in 2.2.5-ci maddəsi üzrə “müəyyən etmə vəı tanınma haqqında” deyil, 2.2.3-cü maddəsində nəzərdə tutulmş “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. İPM-in 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdehin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatəti təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar