Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4368/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs X4 qarşı «sərəncamın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-yə qarşı cavabdehin 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, hazırkı İddiaçı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus kafeyə aid sahədə X6 tərəfindən inşa edilmiş pilləkənin sonuncunun hesabına sökülməsi tələbini irəli sürmüşdür. Məhkəmə müəyyən etmişdir ki, X6 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni ona (hazırkı iddiaçıya) məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, X6 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03- 8/769 saylı eskiz layihəsində, İddiaçı mülkiyyətindəki sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, həmin iş üzrə cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03- 8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Yuxarıda yazılanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının qismən ləğv edilməsi xahiş edilsə də, ərizəyə cavab verilməmişdir. İddiaçı hesab edir ki, ərizəyə cavabdeh tərəfindən baxılmaması və ya əsassız olaraq baxılmasının gecikdirlməsi, qurumun müraciətlə bağlı əsassız imtinasıdır. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 4.1, 14.3, 73.1, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, cavabdehin 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi RİH-in nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 22 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı 16 fevral 2021-ci il tarixdə qaldırılmış iddiasında Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının “tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində” ləğv edilməsi tələb edilir. Cavabdeh iddiaya qarşı etiraz edir. İddiaçı Bakı şəhəri Nəsimi RİH-ə 22 yanvar 2021-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının “Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində” ləğv edilməsi barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi RİH-in Ə-23-151 saylı 15 fevral 2021-ci il tarixli məktubu ilə ərizəçiyə «İnzibati icraat haqqında» AR Qanununun 73.1, 73.2-ci maddələrinə istinad olunaraq qaldırılan məsələnin yerinə yetirilməsinin RİH-in imkanları xaricində olması bildirilmişdir. İddiaçını cavab qane etmədiyidən o məhkəməyə müraciət etməyi üstün tutmuşdur. RİH hesab edir ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırılması müddəti ötürülmüşdür. Pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlərdir - iddia müddətləri daxilində mümkündür. Məlumat üçün qeyd edilir ki, hazırda iddia predmetinin obyekti olan Bakı şəhəri Nəsimi RİH başçısının 318 saylı 1 dekabr 2017ci il tarixli Sərəncamı ilə X4 Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3342 saylı 28 noyabr 2017-ci il tarixli məktubu ilə razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Təqdim olunmuş iddia tələbi inzibati aktın qanunsuz hesab edilməsi ilə bağlıdır və qanunla bu cür tələblər üzrə iddia müddətinin şamil edilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddia tələbi üzrə qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Belə ki, iddiaçıya Bakı şəhəri Nəsimi RİH başçısının 318 saylı 1 dekabr 2017-ci il tarixli Sərəncamının daha əvvəl 2018-ci ildə məlum olmasını aşağıdakı faktlar sübut edir: İddiaçı etiraf edir ki, “həmçinin keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli, 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh X6 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı Sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/3342 saylı eskiz layihəsində İddiaçı mülkiyyətində olan sahəsi 102.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan sxemində 18.9 kv.m açıq sahə kimi göstərilmişdir” (iddia ərizəsinin 2-ci abzası). Bundan başqa, İddiaçı bundan əvvəl də Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 315 saylı Sərəncamı barədə 15 may 2018-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri, X14 küçəsi 86A mənzil 25 ünvanda yaşayan İddiaçı ünvan 4-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək bildirilmişdir ki, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov (keçmiş M.Hacıyev) küçəsindəki qeyri-yaşayış sahəsi (yeməkxana) onun mülkiyyətində olmaqla istifadəsindədir. Buna baxmayaraq, obyektin arxasında ona məxsus olan ərazi naməlum şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işləri aparılmışdır. Sözügedən ərazidə aparılan özbaşına tikilinin sökülməsi və ərazinin qanunvericiliyin tələblərinə əsasən boşaldılmasına göstəriş verilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş qeyriyaşayış binasının texniki pasportu və ş/v surətləri RİH-nin 3/Ə-108-151 saylı 5 may 2018ci il tarixli məktubu ilə baxılması üçün Bakı şəhəri Nəsimi RİH başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmişdir. Bakı şəhəri Nəsimi RİH başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyində şikayətçisi olan İddiaçı iştiraki ilə 15 may 2018-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən məlum olmuşdur ki, ərizədə qeyd olunan “özbaşına aparılmış tikinti işləri” X6 tərəfindən aparılır. X3 təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, qeyri-yaşayış obyektinin tikintisi üçün icazə sənədləri mövcuddur, o cümlədən Bakı şəhər Nəsimi RİH başçısının 318 saylı 1 dekabr 2017-ci il tarixli Sərəncam barədə aktda qeyd olunmuş və vətəndaş İddiaçı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Bu halda da mübahisələndirən Sərəncamın (inzibati aktın) mövcudluğu İddiaçı 15 may 2018-ci il tarixdə məlum olmuşdur. İddiaçı cavabdeh X4 qarşı «inşa edilmiş pilləkənin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsinin “müəyyən etdi” hissəsinin 4-cü səhifəsinin 4-cü abzasında 1-ci cümləsində qeyd olunmuşdur ki, “İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH başçısının Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3342 saylı 28 noyabr 2017-ci il tarixli məktubunun icrası haqqında 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının surətindən görünür ki, X4 Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir”. Deməli, İddiaçı həmin qətnaməni oxuyan anda artiq bilirdi və ya bilməli idi ki, belə bir Sərəncam mövcuddur. Yəni, inzibati akt hesab edilən sərəncamın mövcudluğu həmin zaman sərəncam İddiaçı münasibətdə hüquqi qüvvəyə minmiş və hüquqi cəhətdən etibarlı sayılmalıdır. Beləliklə, İddiaçı bundan əvvəl də Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı Sərəncamı barədə 15 may 2018-ci ildə məlumatlı olmuşdur. İddiaçı tərəfindən istər 1 aylıq, istərsə də 6 aylıq iddia qaldırmaq müddəti ötürülmüşdür. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 2, 64, 67, 68.4, 73-cü maddələrinə, İPM-in 32.1, 35, 38.1, 80-ci maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Üçüncü şəxs X3 iddia ilə bağlı məhkəməyə ünvanlanmış vəsatətində aşağıdakılar bildirilir: - İddiaçı iddia etdiyi talvar (naves) yalnız Dövlət Tikinti və Arxitektura Komitəsi BDTİMHQ və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 2003-cü il tarixdə verilmiş texniki pasporta şərti olaraq daxil edilməsinə baxmayaraq təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar (naves) mövcud deyildir. Talvar mövcud olmadığından, əsaslı tikinti olmadığından, sökülə bilən yüngül konstruksiya olduğundan, mübahisələndirilən ərazi dövlət torpağı olduğundan, İddiaçı mübahisələndirilən ərazi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından, onun mülkiyyət hüququ pozulmadığından və mənafeyinə toxunmadığından, mübahisələndirilən ərazi ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli məktubda göstərilmişdir: “İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18.9 kv.m talvar (naves) sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyil. İddiaçı mübahisələndirdiyi və eskiz layihəyə uyğun tikilmiş pilləkən qəfəsinin yerləşdiyi ərazi dövlət torpağıdır. X6 müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi BDTİMHQ və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı verilmiş qeydiyyat vəsiqəsi mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir, DƏDRX-ə müvafiq müraciət etdiyi təqdirdə daşınmaz əmlaka təsvirlər qeydiyyata alındıqda çıxarışda öz əksini tapacaqdır. DƏDRX-in məktubundan göründüyü kimi, nəinki Bakı ŞİH-in eskiz layihəsinə əsasən onun (A.Musayevin) tikdiyi və dövlət torpağı olan İddiaçı mübahisələndirdiyi sahənin, heç İddiaçı məxsus olan 102.4 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Göstərilənlərə və AR Torpaq Məcəlləsinin 5, 33-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4, 5, 261, 262-ci maddələrinə, İPM-in 35-ci maddəsinə, AR Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur. İş üzrə təyin edilmiş məhkəmə iclasına tərəflər və üçüncü şəxs (nümayəndəsi) gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilənləri təssdiqlədi, iddianın mümkünsüzlüyü barədə vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ilə bağlı təmsil etdiyi qurumun adından məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddia müddəti buraxıldığından iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 təmsil etdiyi şəxsin vəsatətində göstərilənləri təsdiqlədi və iddia müddətinin ötürüldüyü nəzərə alınaraq, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci naddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə ilk növbədə cavabdeh inzibati orqanın dəlilərindən birinə münasibətdə qeyd edir ki, inzibati mübahisələr üzrə İPM-də “iddia müddəti” ilə bağlı müddəalar təsbit olunduğundan, «İnzibati icraat haqqında» AR Qanununun 73.2-ci maddəsində nəzərdə tutulan “6 aylıq müddət”in tətbiqi yolverilən hal deyil. Hazırı iddia mahiyyətcə “mübahisələndirmə haqqında” iddiaya aiddir və iddia qaldırılarkən mübahisə üzrə iddia müddəti ilə bağlı məhkəmə aşağıdakıları diqqətə çəkir: - iş materiallarına əsasən İddiaçı cavabdeh X3 «inşa edilmiş tikilinin sökülməsi» barədə iddia tələbi üzrə mülki mübahisəyə 16 may 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (2(006)-315/2019 saylı iş) baxılmış və məhkəmənin 16 may 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsində (mətnində) və mülki iş üzrə AR Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 21011 nömrəli 24 sentyabr 2018-ci il tarixli ekspert rəyində hazırda mübahisələndirilən Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamına istinad olunmuşdur; - Bakı şəhəri Nəsimi RİH başçısının 1 nömrəli Sahə İƏD icra nümayəndəsinin müavininin imzası ilə İddiaçı ünvanlanmış 18 may 2018-ci il tarixli məktubla müvafiq tikiliyə aid sənədlər həmin tarixdə imza olunmaqla sonuncuya təqdim edilmişdir. Məktuba əlavə edilmiş aktda təqdim olunmuş sənədlərin sırasında “Bakı şəhəri Nəsimi RİH başçısının 318 nömrəli 2 dekabr 2017-ci il tarixli sərəncamı”nın surəti də əks olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən belə nəticə əldə olunur ki, Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 218 nömrəli sərəncamı onun özünün iddiası üzrə məhkəmə icraatında əldə olunmuş rəy və müvafiq aktla 18 may 2018-ci il tarixədək hazırkı İddiaçı təqdim (elan) olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı iddiaçı iddia ərizəsini məhkəməyə 16 fevral 2021-ci il tarixdə təqdim edildiyindən, iddia mübahisələndirilən sərəncam ona məlum olduğu vaxtdan 2 il 8 aydan artılq müddət keçdikdən, yəni iddia müddəti 2 ildən artıq buraxıldıqdan sonra qaldırılmışdır. İddia müddətinin bərpasına gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının özünün ifadəsindən, müzakirə olunan vəsatətə münaasibətindən və iddia ərizəsindən prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üzrə dəlillər təqdim olunmamış kimi qiymətləndirilir. Belə olan halda, iddia müddəti 1 ildən artıq vaxt buraxıldığından, məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim olunmasını iddiaçı tərəfə tövsiyə edilməsini məqsədəuyğun saymır. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddəti buraxılmış sayılır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4368/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4368/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver