Məhkəmə qərarları › İş №2-1(112)-4369/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4369/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4369/2021 19.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə faiz borcu və cərimənin silinməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə faiz borcu və cərimənin silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı ilə 17 fevral 2015-ci il tarixdə “xxxx” ASC arasında 5140SF nömrıli kredit müqaviləsi bağlanmış və o, həmin müqaviləyə əsasən şəxsi məqsədlər üçün 36 ay müddətinə, illik 24% olmaqla 9.500 ABŞ dolları məbləğində kredit almışdır. Sözügedən kredit müqaviləsi üzrə “xxxx” ASC tərəfindən əsas borc 6.671 ABŞ dolları, faiz borcu 2.673 ABŞ dolları, ümumilikdə 9.344 ABŞ dolları borcun ödənilməsinə ilə bağlı («kreditin, ona hesablanmış faizlərin qaytarılması» tıələbi üzrə) Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmənin 2(060)-532/2018 saylı iş üzrə 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, əsas borc 6.671 ABŞ dolları, faiz borcu 2.673 ABŞ dolları olmaqla, ümumilikdə 9.344 ABŞ dolları məbləğində borcun ondan (hazırkı İddiaçı) alınaraq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. O da öz növbəsində öhdəliklərini lazımi qaydada yerinə yetirərək 28 mart 2018-ci il tarixdə qətnamə üzrə müvafiq borc məbləğini ödəmişdir. Buna müvafiq olaraq, “xxxx” ASC tərəfindən 28 mart 2018-ci il tarixdə AB ASF 10-00117 saylı arayış təqdim edilmişdir. Həmin arayışda söğzügedən qətnamə üzrə 9.344 ABŞ dolları məbləğində borcun ödənilməsi faktı öz əksini tapmışdır. Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 fevral 2015-ci il tarixli 5140SF nömrəli Ləğv prosesində olan “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsi üzrə gecikdirilmiş faiz borcu 602,91 ABŞ dolları, cərimə borcu 0,32 ABŞ dolları, ümumilikdə 603,23 ABŞ dolları məbləğində borc öhdəliyinin mövcudluğu ona (iddiaçıya) məlum olmuşdur. O, məsələ ilə bağlı Ləğv prosesində olan “xxxx” ASC-yə müraciət edilərək, onun adından Əmanətlərin Sığortalanması Fonduna borcun olmamasına və qətnamə üzrə öhdəliklərin icra olunmasına dair 8 yanvar 2021-ci il tarixli məktub ünvanlanmışdır. Lakin 2 fevral 2021-ci il tarixli **********281 nömrəli cavab məktubuna əsasən kredit borcunun olmaması və borc öhdəliyinin icrası barədə arayış məğbul sayılmadan, 17 fevral 2015-ci il tarixli 5140SF nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş faiz borcu 602,91 ABŞ dolları, cərimə borcu 0,32 ABŞ dolları, ümumilikdə 603,23 ABŞ dolları məbləğində borc öhdəliyinin olması göstərilmişdir. Həmin cavab məktubunda mövcud olan ümumilikdə 603,23 ABŞ dolları məbləğində borc öhdəliyinin yaranma əsası göstərilməli olduğu halda qeyd edilməmişdir. Bununla da, onun qanunla müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Həmin məbləğdə borc yaranmış olsaydı, bu borc məhkəmə qətnaməsində əksini tapmış olardı. 28 mart 2018-ci il tarixli AB SMF 10-00117 saylı arayışda da bu barədə hər hansı qeyd mövcud deyil. Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona hesablanmış borc məbləği tamamilə absurddur və həqiqəti əks etdirmir. Hətta Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin milli valyuta (manat) ilə artmış hissəsinin ödənilməsi nəticəsində ona dəymiş zərər ödənilmişdir. Bu o deməkdir ki, iddiaçı öhdəliyini icra etmişdir və əlavə öhdəliyin icrası qanunla yolverilməzdir. Məhz bu səbəbdən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona hesablanmış 603,23 ABŞ dolları məbləğində borcun silinməsi qanunauyğundur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 43, 60, 71-ci maddələrinə, İPM-in 14.3, 34.1, 45, 46, 68.2, 73.1-ci maddələrinə əsaslanaraq, 603,23 ABŞ dolları məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdilədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İPM-in 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 2.1-ci madəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2-ci və 72.1.3-cü maddələrinə əsasən bankın iflas olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunla nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” 13.06.2017-ci il tarixli qərarında göstərilmişdir ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin MPM-in 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılmasını deyil, nu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Hazırkı işin hallarına münasibətdə məhkəmənin qənaəti belədir ki, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə qarşı tələbi inzibati məhkəmə icraatı qaydasında həmin bankın ləğvedicisinə qarşı deyil, iflas proseduru çərçivəsində irəli sürülə bilər. Odur ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar