Məhkəmə qərarları › İş №2-1(112)-437/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-437/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-437/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, 1988-ci ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin “müalicə profilaktika’’ fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin Universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra həm Bakı şəhəri Məlikov adına 6 saylı şəhər xəstəxanasında, həm də 7 saylı Doğum evində anestezioloq vəzifəsində işləmişdir. 2002-2008-ci illərdə Səudiyyə Ərəbistanında həkimlik fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildən hal-hazıradək “xxxx” MMC-də çalışır. Azərbaycan Respublikası Müdafiə nazirinin “N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun İV kurs tələbələrinin hərbi hazırlığının keçirilməsinə dair” xx xxxx 1992-ci il tarixli 216 saylı əmri ilə İV kurs kişi cinsindən olan tələbələrin təlim toplanışının əvəzinə onların xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlıqlarının keçirilməsi və tələbələrin Müdafiə Nazirliyinin hərbi hissələri üzrə bölgüsünün təşkili nəzərdə tutulmuşdur. Müdafiə nazirinin həmin əmrinə əsasən iddiaçı və digər tələbə yoldaşları Gədəbəy rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissəyə ezam olunmuş, xx.xx.1992-ci il tarixdən 40 gün müddətində səngərdə sanitar təlimatçısı qismində döyüş bölgəsində hərbi toplanışda olmuş və toplanışı başa vurmuşdur. Hərbi hissə komandanlığı tərəfindən verilmiş və Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində saxlanılan şəxsi işində olan xasiyyətnamədə də iddiaçının “Başkənd” əməliyyatlarında iştirak etməsi əksini tapmışdır. Hərbi toplanışı başa vurduqdan sonra Universitet tərəfindən bununla əlaqədar iddiaçıya və digər müvafiq tələbə yoldaşlarına 3 qat məbləğdə tələbə təqaüdü də ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 1994-cü il tarixli 184/n saylı əmri ilə iddiaçıya “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir, iddiaçı Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində qeydiyyatdadır. Bu xüsusatları nəzərə alaraq iddiaçı da xidməti fəaliyyətinə görə layiq bilinməli olduğu “Müharibə veteranı” adının və vəsiqəsinin alınması üçün Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət elmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, Mərkəzi Arxivdən daxil olmuş məlumata əsasən N saylı hərbi hissədə iddiaçının xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdehin imtinası əsaslı hesab oluna bilməz və müraciət öz müsbət həllini tapmalıdır. Belə ki, müvafiq müraciətlə bağlı cavabdehə təqdim edilmiş sənədlər cavabdehin cavabının məzmununu tam surətdə təkzib edir və həmin sənədlərdən, xüsusilə də Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 212 saylı arayışından göründüyü kimi, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi ATU-nin nəzdində olan hərbi kafedranın təşkil etdiyi təlim toplanışını keçərək Azərbaycan Respublikası MN-nin xx.xx.1994-cü il tarixli 184/rt əmri ilə ehtiyatda olan ilkin leytenant rütbəsi almışdır. Həmçinin həmin arayışda bildirilmişdir ki, N saylı hərbi hissədən iddiaçıya verilən xasiyyətnamədə iddiaçının Başkənd əməliyyatlarında iştirak etməsi göstərilmişdir. Xasiyyətnamənin özü, təsdiq olunmuş surəti iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi, bu sənədlər cavabdeh tərəfindən qərəzli olaraq nəzərə alınmamış və iddiaçının xahişi cavabdeh tərəfindən əsassız olaraq təmin olunmamışdır. İmtina məktubunda “Mərkəzi Arxivdən daxil olmuş məlumata əsasən N saylı hərbi hissədə xidmətiniz barədə məlumat olmadığına görə Sizə ‘"Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir” ifadəsi işin faktiki halları ilə tam ziddiyyət təşkil edir. İddiaçı adıçəkilən sənədləri yazılı müraciətinə əlavə etmiş və həmin sənədlər iddiaçının döyüş bölgəsində hərbi toplanışda olmasını tam surətdə təsdiq etmişdir, ancaq cavabdeh bu sənədləri nəzərə almaq istəməmişdir. İddiaçının müvafiq müraciətindən cavabdehin imtinası heç bir hüquqi əsası olmadığı üçün əsaslı hesab oluna bilməz, əksinə müraciətin təmini üçün bütün əsaslar vardır. İddiaçıya “Müharibə veteranı” adının verilməməsi onun bir sıra hüquqlarını pozur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı bir sıra imtiyazlardan istifadə edə bilmir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, arxiv məlumatına əsasən İddiaçı N nömrəli hərbi hissədə xidməti barədə məlumat yoxdur, buna görə də ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İddia ərizəsi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə baxışı iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin “N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs tələbələrinin hərbi hazırlığının keçirilməsinə dair” xx xxxx 1992-ci il tarixli 216 saylı əmrindən görünür ki, həmin əmrdə Ermənistanın təcavüzünün davam etməsi ilə əlaqədar tələbələrin təlim toplanışının hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlıqla əvəz edilməsi məqsədəuyğun hesab edilmiş və N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs kişi cinsindən olan tələbələrin təlim toplanışının əvəzinə onların xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlığının təşkili və keçirilməsi əmr edilmişdir. Həmin əmrin icrası ilə əlaqədar tərtib edilmiş siyahıda 14-cü sırada İddiaçı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 1/N-15852 saylı məktubunda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivdən daxil olmuş məlumata əsasən N nömrəli hərbi hissədə xidmətiniz barədə məlumat olmadığına görə Sizə "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 232 saylı arayışından görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda oları t/x leytenantı İddiaçı SHXÇDX-nın Binəqədi rayon idarəsində xx.xx.2006-cı il tarixdən qeydiyyatdadır. xx.xx.1992-cı ıl tarixdən xx.xx.1992-cı il tarixədək ATU-nın nəzdındə olan hərbi kafedranın təşkil etdiyi təlim toplanışını keçərək Azərbaycan Respublikası MN-nin xx.xx.1994-cü il tarixli 184/rt əmri ilə ehtiyatda ilkin leytenant rütbəsi verilmişdir. Məlumat üçün bildirilmişdir ki, N saylı hərbi hissədən verilən xasiyyətnamədə İddiaçı Başkənd əməliyyatında iştirak etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2020-ci il tarixli 01-03/30 saylı məktubundan görünür ki, İddiaçı həqiqətən 1988-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olmuş və 1994-cü ildə həmin fakültəni bitirmişdir. X2 həqiqətən 1988-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olmuş və 1993-cü ildə həmin fakültəni bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə əsasən Azərbaycan Tibb Universitetinin rektorunun 231/T saylı xx.xx.1992-ci il tarxili əmri ilə universitetin İV kurs tələbələri xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinədək hərbi hissələrə stajkeçməyə göndərilmişlər. 456/T saylı xx.xx.1992-ci il tarixli rektorun əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib yaralılara tibbi yardım göstərmiş həmin tələbələrə (o cümlədən İddiaçı və İ.İ.Umudova) uçqat təqaüd verilmişdir. Eyni zamanda bildirilmişdir ki, ATU-nun arxivində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin heç bir sənədləri və tələbələrin şəxsi işlərində bununla bağlı məlumat yoxdur (Qoşma: 231/T saylı xx.xx.1992ci il tarixli əmrin surəti). Həmin məktuba əlavə edilmiş N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun 231/T saylı xx.xx.1992-ci il tarxili əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə əsasən universitetin İV kurs tələbələri xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinədək tələbələrin təlim toplanışının əvəzinə onların xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlığının təşkili və keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: N () nömrəli hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin xx.xx.2019-ci il tarixli 01-xxxx/2767 saylı məktubunda qeyd olunur: İddiaçı Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.1992-ci il tarixli 456/T saylı əmrə əsasən İV kursda xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, yaralılara tibbi yardım göstərmişdir. İddiaçı bununla əlaqədar olaraq universitet tərəfindən üç qat təqaüd verilmişdir. Həmin məktuba əlavə edilmiş N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun 456/T saylı xx.xx.1992-ci il tarxili əmrindən görünür ki, döyüş əməliyyatlarının aparıldığı rayonlarda olma müddəti nəzərə alınmaqla yaralılara tibbi yardımın göstərilməsi üçün döyüş əməliyyatlarında iştirak edən siyahıda göstərilən İV kurs tələbələrinə (o cümlədən İddiaçı - müalicə profilaktika fakültəsi) üçqat həcmdə təqaüdün ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, N saylı hərbi hissə tərəfindən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin tələbəsi İddiaçı verilmiş xx.xx.1992-ci il tarixli xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək qaynar nöqtələrdə olmuş, Başkənd əməliyyatında iştirak etmiş, komandan tərəfindən verilən tapşırığı vaxtında yerinə yetirmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs tələbələrinin hərbi hazırlığının keçirilməsinə dair” xx xxxx 1992-ci il tarixli 216 saylı əmrinə əsasən Ermənistanın təcavüzünün davam etməsi ilə əlaqədar tələbələrin təlim toplanışının hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlıqla əvəz edilməsi məqsədəuyğun hesab edilmiş və N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs kişi cinsindən olan tələbələrin təlim toplanışının əvəzinə onların xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlığının təşkili və keçirilməsi əmr edilmişdir və həmin əmrin icrası ilə əlaqədar tərtib edilmiş siyahıda 14-cü sırada İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə əsasən Azərbaycan Tibb Universitetinin rektorunun 231/T saylı xx.xx.1992-ci il tarxili əmri ilə universitetin İV kurs tələbələri xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinədək hərbi hissələrə stajkeçməyə göndərilmişlər və 456/T saylı xx.xx.1992-ci il tarixli rektorun əmrinə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, yaralılara tibbi yardım göstərdiyi üçün həmin tələbələrə, o cümlədən iddiaçıya universitet tərəfindən üç qat təqaüd verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, N saylı hərbi hissə tərəfindən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin tələbəsi İddiaçı verilmiş xx.xx.1992-ci il tarixli xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək qaynar nöqtələrdə olmuş, Başkənd (Gədəbəy rayonu) əməliyyatında iştirak etmiş, komandan tərəfindən verilən tapşırığı vaxtında yerinə yetirmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinədək hərbi hissələrə göndərilmişdir və o, xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, yaralılara tibbi yardım göstərdiyi üçün ona universitet tərəfindən üç qat təqaüd verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, N saylı hərbi hissə tərəfindən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin tələbəsi İddiaçı verilmiş xx.xx.1992-ci il tarixli xasiyyətnamədən görünür ki, iddiaçı qeyd olunan dövrdə döyüş əməliyyatında iştirak etmiş, döyüş tapşırığını yerinə yetirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar