Məhkəmə qərarları › İş №2-1(112)-4370/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4370/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4370/2021 19.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın bağlanması haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuş X2 ilə onun arasında xx.xx.1985-ci il tarixdə Ermənistan SSR Ararat rayonu VVAQ şöbəsində bağlanmış nikahın qeyd edilmə faktının müəyyən edilməsi və itmiş akt qeydinin, yəni Ermənistan SSR Ararat rayonu VVAQ şöbəsində bağlanmış xx.xx.1985-ci il tarixli nikah akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur. xx.xx.1985-ci il tarixdə o, X2 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan 3 övladı doğulmuşdur. Ona Məmmədova soyadı verilmişdir. Əri xx xxxx 2012-ci il tarixdə vəfat etmişdir. Qaçqın düşdükdən sonra onun nikah haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalaraq itmişdir. Bu səbəbdən nikah akt qeydinin bərpa olunması ilə bağlı Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin orqan imtina cavabı vermişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixdə Şirazlı kənd soveti tərəfindən qeydə alınmış X2 ilə İddiaçı arasında nikahın bağlanması haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi xx.xx.2021 və xx.xx.2021ci il tarixli məktublarla məhkəməyə müraciət edərək, hazırkı iddiaya etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxmalarını bildirmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş və Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır; AZE seriyalı 08234842 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır; AZ-T seriyalı 153580 nömrəli X1 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, ata qrafasında-X2, ana qrafasında isə X4 qeyd edilmişdir; AZ-İ seriyalı 559349 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 2012-ci ildə Bakı şəhərində ölmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021 nömrəli, 05/q-280/13-cu il tarixli imtina məktubunda iddiaçının nikah haqqında akt qeydinin bərpası barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir, məktubun sonunda nikah haqqında akt qeydinin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Binəqədi Rayon Qeydiyyat Şöbəsinin məktubuna əlavə edilmiş X3 aid 402 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, ata qrafasında-X2, ana qrafasında isə X8 qeyd edilmişdir. Ata haqqında qeydin əsası olaraq Ararat rayonu Şirazlı kənd sovetinin xx.xx.1985-ci il tarixli evlənmə şəhadətnaməsi göstərilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx xxxx 2021-ci il tarixli cavab məktubunda İddiaçı nikahı haqqında hər hansı məlumat aşkar edilmədiyi qeyd edilmişdir; Binəqədi Rayon Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi üçün lazım olan sənədləri, yani 619340 nömrəli xx.xx.1977-ci il tarixli pasport, 493225 nömrəli xx xxxx 1985-ci il tarixli Şirazlı kənd soveti tərəfindən verilmiş nikah haqqında sənəd (nömrəsi 493225) və tibbi arayış təqdim etmiş, həmçinin kartoçkada evli olduğu, nikaha əsasən soyadının dəyişməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının nikahı barədə akt qeydinin olması sorğulara cavab məktublarından da aydın şəkildə görünür ki, mövcud olmuş, həmin akt qeydinin olması cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş X1 doğum haqqında akt qeydinin surətində və Binəqədi Rayon Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasında öz əksini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.1985-ci il tarixdə Şirazlı kənd soveti tərəfindən qeydə alınmış X2 ilə İddiaçı arasında nikahın bağlanması haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1985-ci tarixdə Şirazlı kənd soveti tərəfindən qeydə alınmış X2 ilə İddiaçı arasında nikahın bağlanması haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar