Məhkəmə qərarları › İş №2-1(112)-4370/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4370/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4370/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçıların nümayəndəsi və üçüncü şəxs X8 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı X6, X13 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamda dəyişiklik edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 14.04.2021-ci il tarixli sərəncamında qızı İddiaçı1 və nəvəsi İddiaçı2 onun yəni, şəhid ailəsinin üzvü kimi onunla birgə güzəştli mənzil növbəsinə götürülmələrinə dair qismən dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ailəsilə birlikdə yaşayır. Onun oğlu 15.01.1997-ci il təvəllüdlü X11 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən oğlu X11 “Şəhid”, onlar isə “Şəhid ailəsi” hesab olunurlar. O, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, Xətai rayon İcra Hakimiyyəti Başçısının 14.04.2021-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, qızının və nəvəsinin Şəhid ailəsinin üzvü kimi onunla birlikdə güzəştli mənzil növbəsinə götürülmələrini xahiş etmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 02 dekabr 2021-ci il tarixli məktubu ilə onun bu xahişindən imtina edilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 02 dekabr 2021-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, qızı İddiaçı1 və nəvəsi İddiaçı2 onunla birgə, onun himayəsində yaşayırlar və həmin mənzildə, ünvan 1 ünvanda qeydiyyatdadırlar. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-4370/2022 №li 12.01.2022-ci il tarixli qərardadları ilə hazırki iş üzrə əsl olmayan iddiaçı X4 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 (qanuni nümayəndəsi ilə təmsil olunmaqla) ilə əvəz edilməsi və X4, X8 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 07.01.2022-ci il tarixli 1487 №li iddiaya dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddiaçı X3 rayon İcra Hakimiyyəti Başçısının 14.04.2021-ci il tarixli, 98 saylı Sərəncamı əsasında 1 nəfər (özü) ailə tərkibi ilə “Şəhid ailəsi” kimi mənzil növbəsindədir. Vət. X6 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək 14.04.2021-ci il tarixli, 98 saylı sərəncamda qismən dəyişiklik edilməsini xahiş etmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Şəhid ailəsi hesab olunurlar; ər-arvad; valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; Qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar. Qeyd edilənlər və mövcüd qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçının qızı və nəvəsi Şəhid ailəsi hesab edilmədiyindən xahişini təmin etmək imkanları xaricindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər X6 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçıların nümayəndəsi və üçüncü şəxs X13 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsi və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 17607290 seriyalı və AA2889267 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, 05.10.1967-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulmuş X13 və 02.10.1970-ci ildə Şahbuz rayonu Nurs kəndində doğulmuş X6 ünvan 2 ünvanında qeydiyyatdadırlar. ünvan 31994-cü il tarixdə verilmiş Vİ ЖГ seriyalı 430724 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X9 16.11.1994-cü il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra ərə Məhərrəmov, arvada isə Məhərrəmova soyadları verilmişdir. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin (şəxsiyyət vəsiqəsi barədə elektron məlumat) və Naxçıvan MR, Şahbuz rayonu, Mahmudoba kənd icra nümayəndəliyi tərəfindən 08 iyul 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 625846 №li doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən olunur ki, xx.xx.1995-ci ildə Şahbuz rayonunda doğulmuş Əhmədli (Niftalızadə) Nərmin Xaliq qızı (atası X14, anası isə X6) ünvan 4 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 10.09.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 227044 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 ilə X15 10.09.2017-ci ildə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin 09-cu ayının 10-cu günündə 2256 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə və arvada Əhmədli soyadı verilmişdir. 01.03.2019-cu il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 257472 №li doğum haqqında şəhadətnamənin surətindən və AA seriyalı ******* №li “şəxsiyyət vəsiqəsi üzrə elektron məlumat”dan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 (atası X22, anası İddiaçı1) ünvan 4 ünvanında qeydiyyatdadır. Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş AZ İİ seriyalı 142898 №-li ölüm haqqında şəhadətnamənin surrətindən müəyyən olunur ki, X11 07.10.2020-ci il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silah zədələri nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin noyabr ayının 12-ci günündə 545 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 15.02.2021-ci il tarixdə verilmiş 002563 və 002564 №li “Şəhid ailəsi üzvünün vəsiqəsi”(lər)nin surətlərindən müəyyən olunur ki, X13 və X5 şəhid ailəsi statusu verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 102344 nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Gəncə prospekti, 103 saylı evin 30,13 kv. metr yaşayış sahəsindən (2 otaqlı), 132 saylı mənzili X10 adına xüsusi mülkiyyət hüququ ilə 05.01.2002-ci il tarixdə 36 saylı reyestr kitabında 5938-ci səhifədə 30/371 nömrə ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən 16.12.2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X16 adına daşınmaz əmlak aşkar edilməmişdir. Asan 6-da Azərbaycan Respublikası DİN-nin müvafiq şöbəsi tərəfindən 06.12.2021ci il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, X25, X32, İddiaçı2, X17, İddiaçı1, X19, X23 ünvan 1 ünvanında qeydiyyatdadırlar, mərhum X11 da həmin ünvanda qeydiyyatda olmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Vət. X4 yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” 14.04.2021-ci il tarixli 98 №li sərəncamından çıxarışdan (surəti) müəyyən olunur ki, X2 ünvan 1 ünvanında 8 nəfər ailə tərkibi ilə daimi qeydiyyatdadır. X1 mərhum oğlu 15.01.1997-ci il təvəllüdlü X11 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. X1 təqdim etdiyi sənədlərə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən X11 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Vət. X4 təqdim etdiyi DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin arayışına əsasən onun adına daşınmaz əmlaka dair mülkiyyət və digər əşya qeydə alınmamışdır. X2 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək 1 nəfər (özü) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən X1 1 nəfər (özü) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və Şəhid ailələrinin güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 02.12.2021-ci il tarixli 14-134/2-068/2111 saylı cavab məktubunda qeyd edilmişdir ki, Xətai rayon icra Hakimiyyəti Başçısının 14.04.2021-ci il tarixli, 98 saylı Sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə Şəhid ailəsi kimi güzəştli mənzil növbəsində olduğunu bildirərək, Sərəncamda qismən dəyişiklik edilməsini və qızı ilə nəvəsinin mənzil növbəsinə əlavə edilməsinə müvafiq köməklik göstərilməsini xahiş edir. Yuxarıda qeyd edilənlər və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq qızı və nəvəsi şəhid ailəsi hesab edilmədiyindən xahişinin təmin edilməsi rayon İcra Hakimiyyətinin imkanı xaricindədir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı anasının şəhidin ailə üzvü kimi güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülməsi barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktda dəyişiklik edilərək, onun da (yetkinlik yaşına çatmayan uşağı ilə birgə) adının şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə daxil olunmasını xahiş etmiş, cavabdeh orqan iddiaçının müraciətindən imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun: 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə görə, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na əsasən: 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 şəhid X7 bacısı olmaqla yanaşı, anaları X6 ilə birgə yaşamaqla, onunla birgə təsərrüfat aparır və onun (və ya ərinin) adına daşınmaz əmlak (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilmişdir, edilir və ediləcəkdir. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarını ödəmək, şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Bu mənada məhkəmə qeyd edir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün müdafiəsinə qalxan şəxs Vətən uğrunda həlak olacağı halda Dövlətin və müvafiq qurumlarının onun ailəsinin yaşayış yeri və sair minimum ehtiyaclarını ödəyəcəyinə əmin olduğu üçün bu zirvəyə yüksəlir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyası da normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğunu tələb edir (149-cu maddənin İ hissəsi). Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisələndirilən sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh iddiaçının (azyaşlı övladı ilə birgə) mənzil növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, mübahisələndirilən sərəncamın dəyişdirilərək, X4 qızı olan İddiaçı1 və nəvəsi olan İddiaçı2 şəhid ailəsinin üzvü kimi onunla birgə güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə “Vət. X4 yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” 14.04.2021-ci il tarixli 98 №li sərəncamında dəyişiklik edilərək, X4 müvafiq olaraq qızı və nəvəsi olan iddiaçılar İddiaçı1 və İddiaçı2 şəhid ailəsinin üzvü kimi onunla birgə güzəştli mənzil növbəsinə alınmaları və Şəhid ailələrinin güzəştli siyahısına daxil edilmələri öhdəliyi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar