Məhkəmə qərarları › İş №2-1(112)-4375/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4375/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4375/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinə qarşı «torpaq sahəsinin rəsmiləşdirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına 18 iyun 2020-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinə qarşı «torpaq sahəsinin rəsmiləşdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Bakı şəhəri Binəqədi bələdiyyəsinin 1417/1 saylı 2 dekabr 2004-cü il tarixli qərarı ilə ona (iddiaçıya) fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. X1 arasında mülki mübahisəyə məhkəmə instansiyalarında baxılmışdır. Mübahisənin predmeti “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1392/2015 saylı 20 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh kimi ondan (İddiaçı) 69.263 manat pul vəsaitinin dəymiş ziyan kimi tutularaq həmin iş üzrə iddiaçı Səadət Abdullayevaya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin qətnamə üzrə verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-2481/2017 saylı 12 sentyabr 2017-ci il tarixli qərardadı ilə sözügedən 600 kv.m torpaq sahəsi üzərinə həbs qoyulmuş və torpaq sahəsi 80.000 manat məbləğində qiymətləndirilərək satılması üçün açıq hərraca çıxarılmışdır. Lakin torpaq sahəsi satılmamışdır. Bundan sonra həmin əmlakın «İcra haqqqında» Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən borc əvəzi Səadət Abdullayevanın adına rəsmiləşdirilməsi üçün Bakı şəhəri Binəqədi bələdiyyəsinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və o (İddiaçı), Bakı şəhəri Binəqədi bələdiyyəsinə həmin məsələ ilə bağlı müraciət etsələr də, qurum tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İmtina əsassız hesab olunur. Belə ki, o (İddiaçı), Bakı şəhəri Binəqədi bələdiyyəsinin 1417/1 saylı 4 dekabr 2004-cü il tarixli qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsinin sahibidir. «İnsan hüquqlarının və azadlıqlarıın müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.8-ci maddələrinə, İPM-in 2.2.2, 33-cü maddələrinə əsaslanaraq, ona (iddiaçı Rövşən Mürsəılova) ayrılmış 600 kv.m torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin müraciəti əsasında Səadət Abdullayevanın adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz)bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmiş və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəısində göstərilənləri təsdiqləyərək, iddianı müdafiə etdi və onun təmin olunması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıbalmadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 nömrəli Fərmanına əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Sadalanan qanunvericilik aktlarının tələblərindən görünür ki, hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin müvafiq bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də yerli icra hakimiyyəti orqanından alınmış rəydir. Məlum olduğu kimi, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən bu qəbildən olan rəylərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə artıq 2017-ci ilin yanvar ayının 1-dən dayandırılmışdır. Həmin rəyin verilməsinin dayandırılması birmənalı olaraq müvafiq bələdiyyələr tərəfindən tərəfindən şəxslərə hazırda torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Hazırkı işin hallarına gəldikdə isə, iddiaçı müvafiq bələdiyyədən özünə torpaq sahəsi ayrılmasını deyil, vaxtilə ona ayrılmış torpaq sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsini istəsə də, mövcud qanunvericilik bələdiyyələrə bu səlahiyyəti (yəni torpağın və ya onun ayrılması barədə qərarın addan-ada dəyişdirilməsi səlahiyyəti) aid etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Binəqədi bələdiyyəsinə adına torpaq sahəsinin rəsmiləşdirilməsi arzulanan şəxs (Səadət Abdullayeva) yox, icraatında müvafiq icra işi olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi və əvvəllər torpaq sahəsi adına rəsmiləşdirilmiş hazırkı iddiaçı (İddiaçı) müraciət etmişdir. Qeyd olunanlar sonda belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hazırkı iddianı mümkün saymır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar