Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4375/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Yuriyeviçin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Yuriyeviçə (bundan sonra iddiaçı) məxsus HЗ ******* nömrəli Hərbi Biletə əsasən o, Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1997-ci il tarixli Daxili qoşunların komandanın 186 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin verdiyi 255 nömrəli xx.xx.2024-cü il tarixli Arxiv Arayışında göstərilmişdir: “Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də baş çavuş İddiaçı Yuriyeviçin 3280 (12318) və N () saylı hərbi hissələrin tərkibində müddətli və müddətdən artıq həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 102 №-li nizami hissə üzrə əmrilə Suraxanı RHK-dan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (əmrdə soyadı Svetkov kimi qeyd edilmişdir);
2. 12318 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 12 №-li nizami hissə üzrə əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxanhb, 30 yanvar 1993-cü il tarixdən N saylı hərbi hissəyə getmiş hesab edilmişdir (əmrdə soyadı Svetkov kimi qeyd edilmişdir);
3. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 22 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 27 №-li nizami hissə üzrə əmrilə N saylı hərbi hissədən gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 3-cü bölüyün 2-ci taqımının 2-ci manqasında vəzifəyə təyin edilmişdir (əmrdə soyadı Çvetkov kimi qeyd edilmişdir);
4. 99713 sayh hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 7 №-li nizami hissə üzrə əmrilə MTTB-də dərzi vəzifəsindən azad edilib, kimya taqımında xüsusi vasitələrin tətbiqi üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir (dərzi vəzifəsinə hansı tarixdə təyin olunması barədə əmr aşkar olunmadı);
5. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 76 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin ixtisasa müvafiq istifadəsi üçün xüsusi vasitələr və kimya müdafiə vasitələri tətbiqi taqımının əsgərlərinin siyahısında 4-cü bölmənin xüsusi vasitələrin tətbiqi üzrə təlimatçı vəzifəsindən azad edilib, 4-cü bölmənin komandiri vəzifəsinə təyin edilmişdir (əmrdə soyadı Çvetkov kimi qeyd edilmişdir);
6. N saylı həbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 192 №-li nizami hissə üzrə əmrilə növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir (əmrdə soyadı Svetkov kimi qeyd edilmişdir);
7. 99713 sayh həbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 10 №-li nizami hissə üzrə əmrilə patrul bölüyündə 3-cü taqımın 2-ci bölməsinin atıcısı vəzifəsinə təyin edilmişdir (əmrdə soyadı Svetkov kimi qeyd edilmişdir);
8. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 185 №-li nizami hissə üzrə əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrdə xidmət haqqında” Əsasnaməyə uyğun olaraq hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş hesab edilərək “çavuş” hərbi rütbəsində 08 avqust 1995-ci il tarixdən müddətdən artıq hərbi xidmətə keçirilib, MTTB-nin geyim anbarı və emalatxanasının rəisi vəzifəsinə təyin edilmişdir (əmrdə soyadı Svetkov kimi qeyd edilmişdir);
9. Daxili qoşunların komandanının xx.xx.1996-cı il tarixli 186 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 16 №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 03 noyabr 1992-ci il tarixli qanununa əsasən 18-ci maddənin “D” bəndi ilə (xidməti uyğunsuzluğa görə) “baş çavuş” hərbi rütbəsində geyim emalatxanası anbarının rəisi vəzifəsindən azad edilib, Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla 21 yanvar 1997-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Bakı şəhəri Suraxanı RHKya göndərilmişdir (hansı tarixdə “baş çavuş” hərbi rütbəsi alması barədə əmr aşkar olunmadı və əmrdə soyadı Svetkov kimi qeyd edilmişdir). Arayış Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin Baş İdarəsinə təqdim olunur.” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2024cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının müraciəti üzrə toplanılmış materiallar aidiyyəti üzrə baxılması üçün Daxili İşlər Nazirliyində yaradılmış “Müharibə veteranı” adı vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilmişdir. Lakin, Daxili İşlər Nazirliyində yaradılmış “Müharibə veteranı” adı vəsiqəsinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya hər hansı cavabın verilməsi iş materialları ilə öz təsdiqini tapmır.
İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya veteran adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Yuriyeviç 15 dekabr 1992-ci ildə Suraxanı rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamış, sonradan onları Füzuli istiqamətinə göndərmişlər. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Son döyüşü 1994-cü il Füzuli rayon Horadiz qəsəbəsi istiqamətində yanvarın 4-dən 5-nə keçən gecə olub, Horadiz qəsəbəsinin azad olunmasında iştirak etmişdir. 24 yanvar 1997ci ildə X5 əmrinə əsasən xidməti müddəti başa çatdığına görə ordu sıralarından çavuş rütbəsində təxris olmuşdur.
İddia tələbinə etirazın əsasları:
Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında iddiaçının xidmət etdiyi hərbi hissələrin ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmədiyini və bu səbəblə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə işin halları baxımından İddiaçı Yuriyeviç barəsində müharibə veteranı adı və vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına edilmiş müraciətinin həmin orqan tərəfindən Daxili İşlər Nazirliyində yaradılmış “Müharibə veteranı” adı vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciəti olmuşdur. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, imtina məktubunun iddiaçıya təqdim edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Yuxarıda qeyd edilən normalara görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. İddiaçının hərbi xidmətdə olması faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İş materiallarında olan arxiv arayışından, iddiaçıya məxsus hərbi biletin surətindən, o cümlədən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş iddiaçının qeydiyyat kartasının surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 3280 (12318) və N () saylı hərbi hissələrin tərkibində müddətli və müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq məkəməyə göndərilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 3280 (12318) və N () hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq məkəməyə göndərilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar aşkar edilməmişdir. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin (döyüş əməliyyatlarında iştirak etmə) iddiaçı tərəfindən ödənilmədiyi iş materialları ilə təsdiq olunur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva