Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4377/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Mingəçevir şəhəri, E.Cəlilov küçəsi, ev 14, mənzil 46; ixtisası: orta təhsil; iş yeri: işləmir) cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X2 (Ünvanı: Bakı şəhəri, Babək prospekti, 13 mənzil 57; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 01 yanvar 2006-cı il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi sığorta stajı olduğuna görə "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 29.04.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 16.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1979-cu ildə N.Nərimanov adına orta məktəbi bitirdikdən sonra həmin ilin sentyabrında Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 01.09.1979 28.07.1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə təhsil almışdır. (Diplom MB № 0134 59 28.07.1984-cü il) Təhsil aldığı müddətdə institutda radio rabitə bölmə komandiri ixtisası üzrə hərbi hazırlıq kafedrasında kurs keçərək leytenant hərbi rütbəsi almışdır. Ona məxsus ПT -İ seriyalı ******* №-li 01.10.1984-cü il tarixli Əmək Kitabçasına əsasən 01.10.1984 - 29.06.1987-ci illərdə təyinatla Ermənistan Atom Elektrik Stansiyasında Elektrik sexində xüsusi sərfiyyat üzrə növbətçi elektrik montyoru və böyük növbətçi elektrik montyoru vəzifələrində; 07.07.1987 - 25.02.1991-ci illərdə Gürcüstan SSR - nin "Qruznerud" X1 Qeyri Fliz zavodunda növbətçi energetik vəzifəsində 01.03.1991- 01.02.1992-ci illərdə "Elektrosevkavmontaj" Sazlama İdarəsində sazlayıcı - mühəndis və vəzifəsində; 02.12.1992- 05.12.1995 - ci illərdə Azərbaycan DRES - in Elektrik sexində 5 ci dərəcəli elektrik montyoru vəzifəsində; 11.08.1993-12.01.1998-ci illərdə torpaqların bütövlüyü uğrunda gedən mübarizəyə qoşulmaq üçün hərbi xidmətə çağırılmış və döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə Veteranı”dır. 09.02.1998-15.04.1998-ci illərdə Azərbaycan DRES-in Elektrik sexində 6-cı dərəcəli elektrik montyoru vəzifəsində; 15.04.1998- 01.12.1999 -cu illərdə həmin sexdə İ dərəcəli mühəndis vəzifəsində; 01.12.1999- 09.10.2003 - cü illərdə həmin sexdə İ dərəcəli usta vəzifəsində; 09.10.2003 - 27.11.2019 - cu illərdə həmin sexdə İ qrup böyük usta vəzifəsində; 27.11.2019 - cu ildən hal - hazıradək həmin sexdə sex rəisinin müavini vəzifəsində işləyir. Qeyd edir ki, Ermənistan AES - də işlədiyi xüsusi zərərli sahələrdə 8 saatlıq növbə ərzində atom reaktoru yerləşən zalda, qazan - turbin sexində, 330 kV APQ sahəsində yerləşən elektrik avadanlıqlarına qulluq etmişdir. Xüsusi zərərli iş sahəsində atom radiyasiyasına məruz qaldığı üçün ona aylıq məvacibinin 40 %-i miqdarında əlavə əmək haqqı və əmək məzuniyyətinə 6 təqvim günü əlavə məzuniyyət günləri verilmişdir. Gürcüstan SSR-nin "Qruznerud" X1 X5 işlədiyim zərərli sahədə 8 saatlıq növbə ərzində səs - küy, titrəmə, nisbi rütubət, əməyin ağırlığı, əsəb emosional və intellektual gərginlik, iş yerində havanın tozlu, torpaqlı, temperaturunun normadan yuxarı olması, dağ suxurlarının minerallarla partladılması faktoru mövcud olmuşdur. Bu zərərli sahədə işlədiyinə görə ona aylıq məvacibinin 12% - i miqdarında əlavə əmək haqqı ödənilmişdir. Qeyd: 05.01.2006 - cı ildən Azərbaycan DRES "xxxx" MMC adlandırılmışdır. Onu da qeyd edir ki, Azərbaycan DRES - də (indiki "xxxx" MMC) zərərli sahədə hal - hazıradək 8 saatlıq iş günü ərzində işin xarakteri haqqında arayışda qeyd olduğu kimi CO-dəm qazı, C02 karbon qazı, təhlükəlilik sinfi 2, səs küy, titrəmə, nisbi rütubəti havanın cərəyan surəti, elektromaqnit sahəsinin, işıqlanma, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosional və intellektual, gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İşlədiyi müddətdə tam iş günü ərzində enerji bloklarında, Qazan - Turbin sexində, Mazut təsərrüfatında, 330/500 kV APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçı 02.12.1992 - ci il tarixdən 05.11.1995 ci il tarixədək və 09.02.1998 - ci il tarixdən 15.04.1998 -ci il tarixədək 12% miqdarında, 15.04.1998 - ci il tarixdən hal - hazıradək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. O, 01.10.1984 - cü il tarixdən 29.06.1997 - ci il tarixədək, 07.07.1987 - ci il tarixdən 25.02.1991 - ci il tarixədək, 02.12.1992 - ci il tarixdən 05.12.1995 - ci il tarixədək, 09.02.1998 - ci il tarixdən 15.04.1998 - ci il tarixədək və 01.12.1999 - cu il tarixdən hal - hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007 - ci il tarixli 12 №-li qərarının 24 - cü bölməsinin "a" və "b" bəndlərinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Hal - hazıradək onun 40 ildən çox ümumi əmək stajı var, 01 yanvar 2006-cı ilədək isə 26 ildən çox ümumi iş stajı var ki, bunun da 15 ildən çoxu əmək şəraiti xüsusi zərərli və ağır olan güzəştli işlərlə çalışmağa aiddir. Yuxarıda qeyd etdiyi kimi 01.01.2006-cı il tarixinədək olan 26 ildən çox əmək stajının 4 il 10 ay 20 günü (01.09.1979 - 28.07.1984) Azərbaycan Neft və Kimya İnstitutun əyani təhsil aldığı dövrə, 2 il 9 ay (01.10.1984 - 29.06.1997) Ermənistan AES - də işlədiyi dövrə, 3 il 7 ay 18 gün (Q7.07.1987 - 25.02.1991) "Qruznerud" istehsalat Birliyində işlədiyi dövrə, 1 il 9 ay (01.03.1991 - 01.12.1992) "Elektrosevkavmontaj" Sazlama İdarəsində işlədiyi dövrə, 3 il 3 gün (02.12.1992 - 05.12.1995) Azərbaycan DRES - də işlədiyi dövrə, 2 il 1 ay 6 gün (05.12.1995 - 12.01.1998) hərbi xidmətdə olduğu dövrə, 7 il 10 ay 21 gün (09.02.1998 - 31.12.2005) Azərbaycan DRES - də işlədiyi dövrə aiddir ki, bu da cəmi 26 il 8 gün sosial sığorta stajı edir. Yəni, onun 01.01.2006 - cı il tarixinə 26 il 8 gün iş stajı var. Onu da qeyd edir ki, ali təhsil müəsisəsində əyani təhsil aldığı müddət - 4 il 10 ay 20 gün qanunvericiliyə müvafiq olaraq sosial sığorta iş stajına daxildir. Belə ki, 01.10 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992 - ci il tarixədək qüvvədə olmuş “X3 haqqında" SSRİ Qanununun 1 ci maddəsinin “v" bəndinə görə ali məktəblərdə. Orta ixtisas məktəblərində, sənəd məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109 - cu maddəsinin "i" yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin "ğ" bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələblərindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. İddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını təqdim etmişdir. Lakin, həmin əmək kitabçasında, işəgötürənlər tərəfindən iddiaçının işlədiyi peşələrin güzəştli peşələr olması barədə hərhansı qeydlər aparılmamışdır. İddiaçı özünün güzəştli peşələrdə işləməsini təsdiq etmək məqsədi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.05.2020-ci il tarixli işin xarakteri haqqında arayış təqdim etmişdir. Orada iddiaçının 02.12.1992-05.12.1995-ci il arasında Azərbaycan DRES-in elektrik sexinin elektrotexniki laboratoriyasında rele mühafizəsi və avtomatikasının aparatlarının təmir edən 5-ci dərəcəli elektrik montyoru, 09.02.1998- 15.04.1998-ci illərdə həmin sexdə 6-cıdərəcəli elektrik montyoru; 15.04.1998- 01.12.1999cu il tarixlərində həmin sexdə 1-ci dərəcəli mühəndis, 01.12.1998-09.10.2003-cü il tarixdək həmin sexdə birinci qrup usta, 09.10.2003-cü- 27.11.2019-cu il tarixədək həmin sexdə böyük usta vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin, iddiaçının həmin arayışda iddiaçının işlədiyi peşələrin Nazirlər Kbinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-ci bölməsinin “a” və “b” bəndlərində əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnun olması bildirilmişdir. Bununla əlaqədar onu qeyd edirlər ki, iddiaçı ona pensiyanın 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliklə təyin edilməsini istədiyini görə, onun işlədiyi peşələrin güzəştli peşələr olub-olamasını da məhz həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na əsasən müəyyən edilməlidir. İddiaçının istinad etdiyi 12 saylı qərarın 24-cü bölməsinə baxdıqda müəyyən edilir ki, iddiaçının arayışda qeyd edilən elektrik-mantyoru peşəsi həmin qərarda qeyd edilən peşələrdən fərqli peşədir. Belə ki, həmin qərarda ancaq aşağıda işlədiyi sahələr qeyd edilən elektrik montyor peşələri güzəştli peşələr kimi göstərilmişdir:- gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan), -qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan). İddiaçının həmin arayışda və əmək kitabçasında qeyd edilən usta peşəsi isə 12 saylı qərarın 24-cü bölməsində qeyd edilməmişdir. Həmçinin, arayışdan göründüyü kimi, iddiaçının həmin peşələrdə elektrik sexində işləmiş, elektrik sexi isə Qərarda qeyd edilən qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexinə uyğun deyil. Onu da qeyd etmək istərdik ki, iddiaçın təqdim etdiyi əmək kitabçası və arayışda göstərilən peşələr, həmçinin hal-haırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 3250 saylı qərarında da qeyd edilməmişdir. Odur ki, iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ- dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Gürcüstan, Marneuli rayonunda anadan olmuşdur. İş materiallarında olan Əmək Kitabçasının surətindən görünür ki, iddiaçı 01.10.1984-cü il tarixdən müxtəlif müəssisə və peşələrdə işləmişdir və hal-hazırda işləyir. İş materiallarından görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu vaxtdan, yəni 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.05.2020-ci il tarixli işin xarakteri haqqında arayışda iddiaçının 02.12.1992-05.12.1995-ci il arasında Azərbaycan DRES-in elektrik sexinin elektrotexniki laboratoriyasında rele mühafizəsi və avtomatikasının aparatlarının təmir edən 5-ci dərəcəli elektrik montyoru, 09.02.1998- 15.04.1998-ci illərdə həmin sexdə 6-cıdərəcəli elektrik montyoru; 15.04.1998- 01.12.1999cu il tarixlərində həmin sexdə 1-ci dərəcəli mühəndis, 01.12.1998-09.10.2003-cü il tarixdək həmin sexdə birinci qrup usta, 09.10.2003-cü- 27.11.2019-cu il tarixədək həmin sexdə böyük usta vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin, həmin arayışda iddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-ci bölməsinin “a” və “b” bəndlərində əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnun olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü bölməsinə baxdıqda müəyyən edilir ki, arayışda qeyd edilən elektrikmantyoru peşəsi həmin qərarda qeyd edilən peşələrdən fərqli peşədir. Belə ki, həmin Qərarda yalnız aşağıdakı sahələr üzrə elektrik montyoru peşələri güzəştli peşələr kimi göstərilmişdir: - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) - qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan). İddiaçının həmin arayışda və əmək kitabçasında qeyd edilən usta peşəsi isə 12 saylı Qərarın 24-cü bölməsində qeyd edilməmişdir. Həmçinin, arayışdan göründüyü kimi, iddiaçının həmin peşələrdə elektrik sexində işləmiş, elektrik sexi isə Qərarda qeyd edilən qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexinə uyğun deyil. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda da nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olsa da, 01.01.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 01 yanvar 2006-cı il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi sığorta stajı olduğuna görə "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4377/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4377/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver