Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4378/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, xx xxxxxxx 1973-ci il tarixdə Laçın rayonunun Pircahan kəndində doğulmuş, 11 illik tam orta məktəb bitirmişdir, məhkum olunmamışdır, ailəlidir, üç övladım var. Azərbaycanlıdır. 1991-ci ilin iyul ayından 1992-ci ilin may ayınadək, yəni Laçın rayonunun işğalınadək rayon ərazisində aparılan, Pircahan kənd özünümüdafiə dəstəsinin tərkibində, torpaqlarımızın müdafiə olunmasında döyüş əmliyyatlarında iştirak etmişdir (Əsas: Laçın RİH tərəfindən verilmiş xx xxxxxx 2018-cil tarixli, 9/179 nömrəli arayış). Bundan başqa Laçın rayonunun işğalından sonra, o, yenidən döyüş əməliyyatlarında iştirak etmək, işğala məruz qalmış Laçın rayonunun işğaldan azad olunması məqsədilə döyüş əməliyyatlarında iştirak etmişdir. xx xxxxxxx 1992-ci il tarixdə döyüş vaxtı düşmən tərəfindən atılan tank mərmisinin yaxınlığında partlaması nəticəsində bədəninin müxtəlif nahiyyələrindən o cümlədən, “Sol əlin odlu qəlpə yaraları, Sol əlin yumşaq toxumalarının çoxsaylı odlu qəlpə yaraları” xəsarətlərini almışdır. Ona ilk tibbi yardım göstərildikdən sonra, xx xxxxxxx 1992-ci il tarixdə müalicə olunmaq üçün ilk öncə Qubadlı rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunmuşdir. xx xxxxxxx 1992-ci il tarixədək stasionar müalicə olunduqdan (epiqriz var) sonra heç kəsdən icazə almadan xəstəxananı özbaşına tərk edərək öz hərbi hissəsinə qayıtmışdır. Hərbi hissədə vəziyyəti pisləşdiyindən, onu müalicə üçün Bakı şəhərinə gətirərək, Biləcəri qəsəbəsində yerləşən X7 yerləşdirmişlər və x xxxxxx 1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası onun aldığı travmaları və yaralanmaları “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərar qəbul etmişdir. Amma xeyli zaman keçməsinə baxmayaraq, bu günədək o, müharibə veteranı vəsiqəsi ilə təmin edilməmişdir. Onun bir çox döyüşçü yoldaşları isə, müharibə veteranı vəsiqəsi almışlar. Müharibə veteranı adı və vəsiqəsi alınması üçün o, xx xxxxxx 2020-ci il tarixdə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi müraciət edərək, sübutedici müəyyən sənədləri təqdim etmişdir. Buna baxmayaraq, Xidmət tərəfindən ona xx xxxxxx 2020-ci il tarixdə anlaşılmaz bir cavab verilmişdir. Xidmətin rəsmi cavabından sonra o (iddiaçı), məsələnin məhkəmə müstəvisində həll olunması məcburiyyətində qaldığından məhkəməyə müraciət edir. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabır tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin müddəalarına əsaslanaraq, ona (iddiaçıya) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda İPM-in 1.2-ci maddəsini, AR MPM-in 47.2-ci maddəsini rəhbər tutaraq aşağıdakılar bildirilir - İddia ərizəsində X2 1991-ci ilin iyul ayından 1992-ci ilin may ayınadək Laçın rayonunun ərazisində aparılan, Pircahan kənd özünümüdafiə dəstəsinin tərkibində, torpaqların müdafiə olunmasında döyüş əməliyyatlarında iştirak etdiyini bildirir. Eyni zamanda iddiaçı xx xxxxxxx 1992-ci il tarixdə döyüş vaxtı düşmən tərəfindən atılan tank mərmisinin partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını bildirmişdir. Lakin onun Azərbaycan Respubftasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədləri olmadığından, iddia tətebi təmin edilməməlidir. Qanunvericiliyin tələblərinə əsasən, AR Səfərbərlik və Hərbi Xidmərə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə, silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Göstərilənlərə və «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə, İPM-in 1.2, AR Mülki Prosessual Məcəlləsinin 47.2, 154.1-ci maddələrinə, AR Nazirlər Kabinetinin 216 nömrəli xx xxxxxxxx 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin müddəalarına əsaslanaraq, X3 iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 216 saylı xx xxxxxxxx 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndində göstərilmişdiur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı ilə bağlı inzibati icraatda və inzibati məhkəmə icraatında aidiyyəti yerli icra hakimiyyəti orqanı (RİH) tərəfindən təsdiq edilmiş siyahı, hansı ki, iddiaçının həmin döyüşlərdə iştirakını əks etdirmiş olsun, təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi Laçın RİH başçısının xx xxxxxx 2018-ci il tarixli arayış isə, yuxarıda qeyd edilən Əsasnamənin tələbləri baxmından onun həmin döyüş əməliyyatlarında iştirakının tam təsdiqlənməsi üçün yetərli sayıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4378/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4378/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver